Rusiya dövlətinin himayəsinə arxalanaraq Azərbaycan torpaqlarında özləri üçün dövlət yaratmaq istəyən erməni missionerləri Qarabağ xanlığına tabe olan xristian məlikləri Pənahəli xandan sonra hakimiyyətə gələn oğlu İbrahimxəlil xana (1763-1806) qarşı çıxmağa təhrik edirdilər.
1781-ci ilin sentyabrda Rusiya dövlətinin himayə etdiyi Qarabağ və Sığnaq məliklərindən bəzilərinin – Hətəm bəy, Bəylər bəy, məlik İsrail və Yusif bəy, hakim Stefan Salamon, rəislər Sarkis, Qriqori, Babay və Danilin imzası ilə II Yekaterinaya, Q.A.Potyomkinə və V.A.Suvorova ünvanlanmış məktub göndərilir. Məktubda xristian məliklərin “rus qoşunlarının səfəri zamanı müsəlmanlara qarşı silahlı mübarizəyə qalxacağı” vəd edilir, “Qarabağa 10 min nəfərə qədər piyada qoşun göndərilməsi və həmin qoşuna komandanlığın məhz V.A.Suvorova tapşırılması” xahiş olunur və Rusiya hakim dairələrini Qarabağ ərazisinə hücuma şirnikləndirmək üçün Qarabağın təbii ehtiyatları və məhsuldar torpaqları geniş şəkildə təsvir edilirdi.[1]
Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsen Arqutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövləti yaratmaq üçün Rusiya hökumət nümayəndələri ilə danışıqlar aparmış və bunun üçün 1783-cü ildə “Erməni-rus müqaviləsi layihəsi”ni hazırlamışdır. 18 bənddən ibarət olan bu lahiyəyə görə, Azərbaycanda müstəqil erməni dövləti yaradılmalı və bu dövlətin ərazisində qoşun saxlamaq hüququ Rusiyaya məxsus olmalı idi.[2]
Bu planı reallaşdırmaq məqsədilə Q.A.Potyomkin 1783-il aprelin 6-da Qafqaz komandanı P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında yazırdı:
Şuşalı İbrahim xan devrilməlidir, çünki bundan sonra Qarabağda Rusiyadan başqa heç kimdən asılı olmayan “erməni vilayəti” təşkil ediləcəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin. Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər bura axışacaqlar.[3]
Rusiya tərəfindən dəstəklənən xristian məliklərlə əlaqə İbrahimxəlil xandan gizli, ehtiyatlı şəkildə, əsasən İ.Arqutinski vasitəsilə aparılırdı. Lakin, Rusiya agenti Y.Reyneqsin “rus qoşunlarının yürüşü nəticəsində İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və erməni çarlığının bərpası” haqqında məlumat verən məlik Abova göndərmiş olduğu məktubu Qarabağ xanının əlinə keçmiş,[4] bu zaman İbrahimxəlil xan yüksək diplomatik məharət göstərərək məliklərin xəyanətkar mövqeyini sübuta yetirərək onların müqavimətini qıra bilmişdi.
1783-cü ilin baharında Rusiya ordusunun Cənubi Qafqaza yürüşü haqqında xəbərlər yayıldı. Bu yürüşün başlıca olaraq Qarabağ xanlığına qarşı yönəlməsini aydın dərk edən İbrahimxəlil xan siyasi manevr etmək yolu ilə xanlığa yaxınlaşan təhlükəni dəf etmək üçün həmin il aprelin 6-da P.S.Potyomkinə “Rusiya dövlətinin himayəsinə girmək” arzusunu bildirən məktub göndərmişdi.[5] II Yekaterina İbrahimxəlil xanla bağlı məsələnin həllini bütünlükdə Q.A Potyomkinə həvalə etmişdi. 1783-cü il mayın 19-da Q.A.Potyomkin II Yekaterinaya yazırdı: “əlverişli şərait yaranan kimi İbrahimxəlil xanı tabe edərək onun vilayətini milli hakimiyyətə (xristian məliklərə) vermək lazımdır. Bununla da Asiyada sizin vədinizə uyğun olaraq və mənim vasitəmlə ermənilərə çatdırılacaq xristian dövləti yaranacaqdır”.[6]
1783-cü ilin iyun ayında rus qoşunlarını ərzaqla təminatı məsələsini həll etmək üçün P.S.Potyomkin tərəfindən Qarabağa göndərilən Q.Qaraxanov alban katalikosu Ovanes və xristian məliklərdən bəziləri ilə gizli əlaqə yaradırdı. İbrahimxəlil xandan çəkinən alban katalikosu Ovanes, onun qardaşları və məliklərdən Abov, Bahtam və Adəmin oğlu, yeni Çiləbörd məliyi Məclum P.S.Potyomkinə göndərdikləri məktubu gizli olaraq Kaxakatex (məlik Adəmin iqamətgahı yerləşən ərazi) adlanan yerdə imzalamışdılar.[7]
1783-cü il iyulun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxeti çarlığının Rusiya dövlətinin təbəəliyini qəbul etməsi Azərbaycan xanlıqlarının siyasi vəziyyətini daha da ağırlaşdırdı. Rusiya himayəsinə arxalanan II İrakli xristian məliklərin Qarabağ xanlığı ərazisindəki seperatçılıq hərəkətlərinə yardımını gücləndirdi. Gürcüstandakı rus qoşunlarının komandanı S.Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qarabağ xanlığı üzərinə yürüş etmək üçün sürətlə hazırlıq işləri görürdülər. Bu münasibətlə erməni İ.Arqutinski knyaz Potyomkinə yazırdı ki, əgər rus ordusu Gəncəyə qədər irəliləyə bilsə erməni məlikləri onlara qoşulacaq və onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta biləcəklər.[8]
Belə tədbirlər erməni ideoloqlarının daha da fəallaşmasına, bir növ açıq fəaliyyətinə yol açmışdı. Belə ki, 1783-cü ilin iyul-avqust ayında erməni keşişi İ.Arqutinski alban katalikosu İohana, xəmsə məliklərindən Məclum bəyə, Abov və Bahtama ünvanlanmış məktubunda bildirilirdi ki, çoxsaylı rus qoşunları Qarabağ xanlığına gəldiyi təqdirdə verdikləri vədlərinə sadiq qalaraq bu qoşuna hər cür yardım göstərsinlər.[9] 1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qarabağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli Gəncə və İrəvan ərazisini ələ keçirməklə yanaşı bütövlükdə Azərbaycan torpaqlarını Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı. O, Rusiya hakim dairələrinə göndərmiş olduğu məktublarının birində yazırdı: “… belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz”.[10]
Lakin Rusiya-Osmanlı müharibəsi (1787-1791) başlandığı üçün rus qoşunları Qafqaz xəttinə çağrılmış və Azərbaycan ərazisindən geri dönməyə məcbur olmuşdular. 1787-ci ilin sentyabrında birləşmiş qüvvələrin geriyə döndüyünü görən xristian məlikləri də onların ardınca getməli olmuşdular.[11] Beləliklə, XVIII əsrin II yarısında Rusiya imperiyasının erməni missionerlərinin və Qarabağın xristian məliklərinin köməyi ilə Azərbaycan xanlıqlarını, o cümlədən Qarabağ xanlığını ələ keçirərək bu ərazidə “alban çarlığı” və ya “erməni dövləti” yaratmaq siyasəti baş tutmamışdır.
[1] Армяно-русские отношения в xVIII веке. 1760-1800 гг. (Сб.док.), т. IV, ч. II (Ереван, 1990), док. № 113а, сc. 183-184. Həmçinin bax; a.k.ə. Иоаннисян, А.Р. (1947), dok, №1, cc. 199-206.
[2] a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 47-48.
[3] a.k.ə. Армянорусские отношения (1990), док. № 146. Həmçinin bax; a.k.ə. Иоаннисян, А.Р. (1947), c. 68. Həmçinin bax; Маркова, O.P., Россия, Закавказъе и международные отношения в xVIII веке (М., 1966), с. 185.
[4] a.k.ə. Маркова, O.P. (1966), с. 185. Həmçinin bax; Эзов, Г.А., Сношениие Петра Великого с армянским народам (СПб, 1898), cc. LXXXVII-LXXXXXIX.
[5] a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 71-72.
[6] a.k.ə. Армянорусские отношения (1990), док. № 148, с. 241. Həmçinin bax; a.k.ə. Иоаннисян, А.Р. (1947), c. 74. Həmçinin bax; Бутков, Г.P., Матереалы для новой истортт Кавказа 1722 по 1802 г., тom II (СПб., 1869), с. 142.
[7] a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 84-85.
[8] a.k.ə. Иоаннисян, А.Р. (1947), c. 165.
[9] a.k.ə. Армянорусские отношения (1990), док. № 159, сc. 254-255.
[10] a.k.ə. Маркова, O.P. (1966), с. 175.
[11] a.k.ə. Бутков, Г.P. (1869), с. 188.