Qarabağ, hələ Azərbaycan Səfəvilər dövlətinin yaradılmasına kimi Azərbaycan dövlətləri tarixində mühüm rol oynayan bölgələrdən biri olmuşdur. Qarabağ bölgəsi, ardıcıl olaraq IX-X əsrlərdə Sacilər (879-941) və Salarilər (941-981), X-XI əsrlərdə Şəddadilər (971-1088) və Böyük Səlcuqlar, XII-XIII əsrlərdə Eldənizlər (1136-1225), XIII əsrin ikinci yarısından başlayaraq XIV əsrin ortalarına qədər Elxanilər (1256-1357), XIV əsrin ikinci yarısında Cəlairilər (1359-1410), XV əsrdə isə Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1501) Azərbaycan dövlətlərinin tərkibinə daxil olmuşdur.[1] Qarabağ Arranın əsas tərkib hissəsi kimi orta əsrlərdə Azrbaycanda baş vermiş ictimai-iqtisadi və siyasi hadisələrin mərkəzlərindən birinə çevrilmişdir. Belə ki, Səlcuq hökümdarı sultan Alp Aslan (1063-1072) gürcülərə qarşı çıxdığı səfərdən dönərkən bir müddət Qarabağda qalıb qışı burada keçirmişdir (1064).[2]
Şəmsəddin Eldəniz (1136-1175) Atabəylər dövlətinin təməlini bu bölgədə – Bərdədə qoymuşdur.[3] Elxani hökmdarlarından üçü – Qazan xan (1295-1304), Arpa xan (1335-1336) və Ənuşirəvan (1344-1355) səltənət taxtına Qarabağda çıxmış, ikisi isəArqun xan (1284-1291) və Əbu Səid (1316-1335) Qarabağda vəfat etmişdir. Cəlairi Şeyx Üveys (1359-1374) və Sultan Əhmədin (1382 fasilələrlə 1410) hakimiyyəti dövründə Qarabağ Cəlairi əmirləri tərəfindən idarə olunmuş, Əmir Teymur (1370-1405) isə, Qarabağ ərazisindən özünün qərbdəki düşmənlərinə qarşı mübarizədə başlıca istinadgah kimi istifadə etmişdir. Eləcə də, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin həlledici döyüşlərindən bəziləri Qarabağda baş verməklə bərabər, bəzi önəmli hadisələrin mərkəzində yenə Qarabağdakı tayfaların böyük rolu olmuşdur.[4]
XVI yüzilliyin başlanğıcında, Azərbaycan Səfəvi dövləti yarandığı vaxtdan etibarən Qarabağ ərazisi onun tərkibinə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi daxil olmuşdur. Anonim azərbaycanlı müəllifi tərəfindən qələmə alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” adlı əsərdə 1508-ci il hadisələrindən bəhs edilərkən qeyd edilir ki, Şah İsmayıl (15011524) aparılan mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif yüksək vəzifələrə təyin etmişdir. Müəllif buna misal olaraq qeyd edir ki, Şah İsmayıl “Qarabağın və o sərhəddin bəylərbəyliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi”.[5] Bu məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdir. Osmanlı müəllifi Heydər Çələbi öz “Rüznamə”sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın adını çəkir.[6]
Güman etməyə əsas vardır ki, Sərdar bəy Qacar da həmin nəslin nümayəndəsi olmuşdur. Bu nəslin davamı olaraq, Ziyadoğlu Qacar nəsli Qarabağ bəylərbəyliyinə Şah Təhmasib (1524-1576) dövründə bəylərbəyi təyin olunmuşdur. Azərbaycan tarixşünaslığında Qarabağ bəylərbəyliyinin Şah İsmayıl dövründə deyil, Şah Təhmasib dövründə yarandığı və Ziyadoğlulardan Şahverdi xanın ilk bəylərbəyi olduğu fikri əsaslı yer tutmuşdur. Şah İsmayıl dövründə Qarabağ hakiminin kim olduğu məlum olmasa da, O.Əfəndiyevin yazdığı kimi, bu dövrdə Qarabağı Qacar tayfa əmirləri idarə etmişdir. Görünür, məhz bu dövrdə Qarabağda üstünlük Qaramanlılardan Qacarlara keçmişdi.[7] Qeyd etmək lazımdır ki, Səfəvilər dövründə Qacarların Qarabağda hakim vəzifələri tutması təsadüfi deyildir. Qacarların Azərbaycana və eləcə də Gəncə və Bərdə bölgəsinə yerləşməsi Oğuz xanın İran səfərləri dövründə baş vermişdi. Qacarlar Şeyx Heydər hərakatı və dövlətin qurulmasında Səfəvilərə dəstək verən və bu mübarizədə fəal iştirak edən tayfalardan biri olmuşdur. Qarabağ Ziyadoğlu Qacarların irsi bəylərbəyliyi xanlıqların yaranmasına kimi, kiçik fasilələrlə ilə 250 ilə qədər onların nəzarətində qalmışdır.[8]
Qarabağ bəylərbəyliyi Səfəvi dövlətinin on üç inzibati vilayətindən biri olmuşdur. Qarabağ bəylərbəyliyinin sərhədlərini dəqiq söyləmək çətin olsa da, təxmini olaraq tarixi Arran vilayətini, daha doğrusu Kür və Araz çayları arasındaki torpaqların əsas hissəsini əhatə etdiyini söyləmək mümkündür. XVI-XVII əsrin əvvəllərində mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyinin sərhədləri qərbdə Tiflisə gədər genişlənərək, inzibati cəhətdən Axstabad, Cavanşir, Bərguşad, Qazax və Şəmsəddil mahallarına ayrılırdı.[9] Tarixi məlumatlara görə, bəzən bu mahalların sayında dəyişikliklər baş vermişdir. Belə ki, I Şah Abbas (1587-1629) dövründən (1606-ci ildən sonra) başlayaraq Osmanlı dövlətindən geri alınmış Qarabağ bəylərbəyliyinə Lori və Pəmbək də tabe edilmişdir.[10] XVII əsrin sonlarına aid olan və Səfəvi imperiyasının dövlət quruluşuna həsr edilmiş “Təzkirətülmülük” əsərində Qarabağ bəylərbəyliyinə tabe olan Zəyəm, Bərdə, Axıstabad (Ağstafa), Cavanşir, Bərgüşad, Qaraağac, Lori, Pəmbək, Arasbar, Bayəzidli, Simavi və Tərkür (vəya Tərkəvar) mahalların adları göstərilmiş və illik ümumi gəlirin 24780 tümən 9435 dinar, daimi ordunun sayı isə 6084 nəfər göstərilmişdir.[11]
Səfəvilər dövründə Qarabağın demoqrafik vəziyyətinə gəlincə, var olan ən mötəbər qaynaqlar olaraq bilinən Osmanlı dövləti tərəfindən tərtib edilmiş 1593-cü il tarixli “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri” və yenə 1727-ci il “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və Səfəvi dövrünün rəsmi dövlət quruluşu və inzibati bölgüsü haqqında ən dəyərli bilgiləri verən “Təzkirətül-mülük” əsərindəki tarixi məlumatlar təsdiq edir ki, Qarabağ bəylərbəyliyində yaşayan əhalinin əsas hissəsi Azərbaycan türklərindən ibarət olmuşdur. Burada yaşayan tayfa və oymaqların, yaşayış məntəqələrinin, yaylaq və qışlaq adlarının daha çox türk mənşəli olması fikrimizi bir daha təsdiq edir.[12] Qeyd olunan mənbələrdə Gəncə-Qarabağ əyalətində qismən qeyri-müsəlman xristian əhalinin yaşadığı bildirilsə də, Qarabağ ərazisində hər hansı bir inzibati vahid kimi xristian məliklikliyin mövcud olduğu qeyd edilməmişdir.
[1] “Azerbaycan”, Türk Ansiklopedisi, C. IV (İstanbul, 1989), ss. 410-420.
[2] Osmanlı Devleti İle Azerbaycan Türk Hanlıkları Arasındaki Münasebetlere Dair Arşiv Belgeleri, C. I (Ankara, Türkiye Cumhuriyyeti Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, 1992), s. 19.
[3] Bünyadov, Ziya, Azərbaycan Atabəyləri dövləti 1136-1225-ci illər (Bakı, Şərq-Qərb, 2007), ss. 38-39.
[4] a.k.ə. Nəcəfli, Tofiq (2010), ss. 66-71.
[5] Aləmara-ye Şah Esmail, (Müqəddiməni yazan, təshih və təliq edən Əsğər Montəzer Sahed) (Tehran, Bünyad-i tərcümə və nəşr-i kitab, 1349), s. 170. Həmçinin bax; Nəcəfli, Tofiq (2010), s. 72.
[6] Sümer, Faruk, Safevi Devleti’nin Kuruluşu ve Gelişmesinde Anadolu Türkleri’nin Rolü (Ankara, Türk Tarih Kurumu Basımevi, 1992), s. 37.
[7] Эфендиев О.А., Карабах в составе государств Каракойунлу, Аккойунлу и Сефевидов (xV-xVII вв.). //Карабах. Очерк истории и культуры (Б., 2004), с. 64.
[8] a.k.ə. Nəcəfli, Tofiq (2010), ss.72-73.
[9] a.k.ə. Эфендиев, Октай (2004), cс. 68-69.
[10] Эфендиев, Октай, “Территория и границы Азербайджанских государств в xV-xVI вв.”, Историческая география Азербайджана (Баку, 1987), с. 114.
[11] Musalı, Namiq, “Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzibati quruluşu”, Qarabağ dünən, bu gün və sabah V elmi-əməli konferansın materealları (Bakı, 2006), ss. 167-168.
[12] a.k.ə. Nəcəfli, Tofiq (2010), ss. 81-84.