SSRİ-nin 1977-ci il Konstitusiyanın 78-ci maddəsinin Dağlıq Qarabağa nə kimi aidiyyatı var idi?

1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının 78-ci maddəsində deyilirdi: “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı ilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən ratifikasiya (təsdiq olunma) edilərək dəyişdirilə bilər.[1]

Bu maddə təsbit edir ki, müttəfiq dövlətlərin sərhədləri onların suveren hüququdur və onların ərazi bütövlüyü özlərinin icazəsi olmadan dəyişdirilməməlidir. Buna görə də, qonşu ittifaq dövlətlərin digər ittifaq dövlətinə qarşı ərazi iddiaları və Muxtar Vilayətlərin özbaşına ayrılma hərəkəti qanunsuz hesab edilirdi. Bundan əlavə, 78-ci maddənin “hər bir İttifaq respublikası ərazi, bölgə, diyar və rayonlarının bölgüsünü özü müəyyən etməli və onun inzibati və ərazi strukturu ilə bağlı digər məsələləri özü həll etməlidir”[2] müddəası da İttifaq Respublikanın Muxtar Vilayət üzərində mövqeyini möhkəmləndirirdi.

Bütün bu deyilənləri diqqətə alaraq qeyd etmək yerinə düşər ki, Ermənistan SSR Azərbaycan SSR-nin ərazi bütövlüyü ilə bağlı iddia irəli sürərkən və parlamentdə DQMV-nin öz ərazilərinə birləşdirilməsi barədə qətnamə qəbul edərkən SSRİ Konstitusiyasının 78ci maddəsini pozmuşdur. 1991-ci ildə Dağlıq Qarabağda referendum keçirən ermənilər öz müstəqilliklərini elan edərək SSRİ Konstitusiyanın 78-ci maddəsini rədd etdi. Lakin, qondarma respublika öz müstəqilliyinin Sovet qanunvericiliyinə əsasən qanuni olduğunu təkid edirdi.[3] Erməni tərəfi öz təcavüzkar siyasətinə haqq qazandıraraq Muxtar Vilayətlərə İttifaq dövləti daxilində və ya onun hüdudlarından kənarda öz statusunu müəyyən etmək imkanı verən, lakin 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının maddələrinə, xüsusilə 78-ci maddəyə zidd olan 3 aprel 1990-cı il “Müttəfiq respublikaların SSRİ tərkibindən çıxması ilə bağlı məsələlərin həlli qaydaları haqqında”[4] Sovet qanuna istinad edir. Amma qeyd etmək lazımdır ki, Konstitusiya digər hüquqi aktlar ilə müqayisədə əsas qanun kimi qəbul olunduğu üçün, 78-ci maddə İttifaq Dövlətinin Muxtar Vilayətlərinin statusunun tənzimlənməsi üzrə həlledici amil hesab olunmalıdır.

Buna görə də, Sovet qanunvericiliyinə əsasən qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin qanunsuz olduğu qeyd edilməli və Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğal olunması bir qonşu dövlətin digərinə təcavüzü kimi qiymətləndirilməlidir.


[1] “Article 78”, The Constitution of USSR, 1977.

[2] “Article 79”, The Constitution of USSR, 1977.

[3] a.k.ə. Avakian, Shahen (2013), p. 13.

[4] a.k.ə. Avakian, Shahen (2013), p. 33.