Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsi olan Gülüstan sülh müqaviləsindən sonra 1814-cü il noyabrın 25-də Tehranda Rusiyaya qarşı İngiltərə-İran sazişi imzalandı. İran sazişə görə, öz sərhədləri tərəfdən Hindistanın təhlükəsizliyini təmin etməyi, İngiltərə isə bunun əvəzində İrana maliyyə və hərbi yardım etməyi öhdəsinə götürürdü.[1]
İki imperiya arasında 1821-ci ildə başlayan müharibəyə son qoymaq üçün 1823-cü ildə Britaniya İmperiyasının vasitəçiliyi ilə İran və Osmanlı imperiyaları arasında əməkdaşlıq müqaviləsi imzalandı.[2] Şimali Qafqazda çarizmə qarşı azadlıq müharibəsi getdiyi üçün Rusiya İranla müharibədən çəkinirdi. Buna görə də, İrana göndərilən rus diplomatı şahı müharibədən çəkindirmək üçün Qarabağın və Lənkəran xanlığının bir hissəsini İrana verməyə hazır olduğunu bildirmişdi. 1825-ci ilin 14 dekabrında Peterburqda baş verən üsyanın Rusiyanın başını qatdığını düşünən İran şahı fürsətdən istifadə edib Rusiyaya qarşı müharibəyə başladı. Şahın bu qərarına Gülüstan müqaviləsindən sonra İrana sığınan Azərbaycan xanlarının təsiri də az olmamışdı.[3]
1826-cı il iyulun 19-da Abbas Mirzə ordusunun Qarabağa hücumu ilə müharibə başladı. 48 gün ərzində Şuşa qalasının mühasirədə saxlanması ruslara bölgəyə əlavə qüvvə gətirməyə vaxt qazandırdı. Bu dövrdə Uğurlu xan tərəfindən ruslar Gəncədən, Səlim xan tərəfindən Şəkidən və Mustafa xan tərəfindən Şamaxıdan çıxarılmışdı. Lakin Bakı və Lənkəran hələ də Çar imperiyasının hərbi qüvvələrinin nəzarətində idi. 1826-cı il sentyabrın 3-də Şəmkir altında rus ordusunun qələbəsi, Abbas Mirzəni Şuşa mühasirəsini dayandırmağa məcbur etdi. Sentyabrın 13-də Gəncə yaxınlığında həlledici döyüşdə Abbas Mirzə məğlub oldu. Bu döyüş müharibənin müqəddəratını həll etdi. Xudafərin körpüsünü ələ keçirən rus ordusu Naxçıvan istiqamətində irəlilədi. 1827-ci ilin iyununda Naxçıvan tutuldu. Cavanbulaq döyüşündəki qələbə rus ordusuna Abbasabad qalasını ələ keçirməyə imkan yaratdı. Sərdərabad qalasının tutulması İrəvana yol açdı. Oktyabrın 1-də İrəvan qalası işğal edildi. Beləliklə, Azərbaycanın cənubuna yol açılmış oldu. Oktyabrın 13-də Təbriz tutuldu. Noyabr ayında İngiltərənin vasitəçiliyi ilə keçirilən Rusiya-İran danışıqları bir nəticə vermədi. Bundan istifadə edən ruslar 1828-ci ilin yanvarında Urmiya, sonra isə Ərdəbili tutdular. Bu Fətəli şahı yeni danışıqlara başlamağa vadar etdi.[4]
1828-ci il fevralın 10-da Türkmənçay kəndində Abbas Mirzə ilə general Paskeviç arasında 16 maddəlik sülh müqaviləsi imzalandı. Müqavilənin III maddəsinə görə Naxçıvan və İrəvan xanlıqları Rusiyaya qatıldı. Gülüstan müqaviləsində olduğu kimi Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi (VIII maddə). İran 20 milyon gümüş manat təzminat verməyə razı oldu (VI maddə). Rus tacirlərinə İranda güzəştli ticarət aparmaq hüququ verildi. Müqavilənin xüsusilə XV maddəsində əhalinin vəziyyəti və lazım gələrsə köçürülməsi və yeni qaydalarla yerləşdirilməsi məsələləri də yer alırdı.[5]
A.S.Qriboyedov və general J.F.Paskeviçin səyi nəticəsində Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən çarizm erməniləri İrandan Azərbaycana köçürüb gətirməyə başladı. Şimali Azərbaycana Rusiya tərəfindən ermənilərin köçürülməsi təsadüfi deyildi. 1724-cü ilin noyabrında I Pyotrun verdiyi fərmana görə, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin köçürülməsi nəzərdə tutulurdu. Bu planın gerçəkləşdirilməsi üçün XIX əsrin 20-30-cu illərində geniş imkanlar yarandı. İrəvan xanlığının işğalından sonra köçürmə planının hüquqi cəhətdən təmin etmək üçün tədbirlər görüldü. Erməni katalikosu Nersesin hazırladığı köçürmə layihəsini həyata keçirməkdə Rusiyanın İrandakı səfiri A.S. Qriboyedov əsas rol oynadı. Qriboyedovun çara yazdığı məktubda köçürmə işiylə bağlı kifayət qədər məlumat verilir. Müqavilənin bağlanmasından bir ay sonra, 1828-ci ilin martında 700 erməni ailəsi Qarabağa-Bərdəyə gətirildi. Xüsusilə bu iş üçün qurulan “köçürmə komissiyası” erməniləri Araz çayının yuxarı hissələrində-Qarabağ, İrəvan və Yelizavetpol (Gəncə) bölgələrində yerləşdirdi. Həm də köçürülən ermənilərə xüsusi imtiyazlar verilirdi. Onlar 6 il müddətinə bütün vergi və mükəlləfiyətlərdən azad edilir və İrandan alınan təzminat hesabına ayrılan vəsaitdən adam başına 25 rubl məvacib alırdılar.[6] 1828-1830-cu illərdə Azərbaycana İrandan 40 min, Osmanlı dövlətindən isə 85 minədək erməni köçürülmüşdü. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə torpağı və yerli müsəlman mülkədarlardan 2 milyon manatlıq xüsusi ərazidən yerlər satın alınaraq ayrılmışdı. 1911-ci ildə tədqiqatçı N.Şavrov yazırdı ki, Cənubi Qafqazda yaşayan 1 mln. 300 min nəfər erməninin bir milyondan çoxunu buraya Rusiya köçürmüşdü.[7]
Türkmənçay sülh müqaviləsi Rusiya-İran müharibəsinə son qoydu. Bununla da Azərbaycanın rəsmən iki yerə bölünmə prosesi başa çatdı. Rusiya həyata keçirtdiyi köçürmə siyasəti nəticəsində işğal etdiyi Azərbaycan torpaqlarında özünə dayaq yaratmaq üçün qonşu ölkələrdən topladığı başqa millətləri buraya yerləşdirdi. Köçürmə prosesi nəticəsində Şimali Azərbaycanda əhalinin etnik tərkibi kəskin dəyişikliyə məruz qaldı. A.Qriboyedov yazırdı ki, ermənilər bir müddət sonra məskunlaşdıqları Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia edəcəklər.[8] Qriboyedovun proqnozları gerçəkləşdi və ermənilərin torpaq iddiaları şübhəsiz ki, yerli əhali arasında ziddiyətlər yaratmaqda idi. Bütün bunlara baxmayaraq Rusiya 1828-ci ildən sonra Naxçıvan və İrəvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradmaq üçün ermənilərlə birlikdə məqsədyönlü fəaliyyətə başlamış oldu.
[1] “İran və İngiltərə arasında Tehran müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., (2009), ss. 449-453.
[2] “Osmanlı imperiyası və İran arasında Ərzurum müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov, Kərim, red., (2009), ss. 481-487.
[3] a.k.ə. Azərbaycan tarixi, C. VI (2007), ss. 42-46.
[4] a.k.ə. Umudlu, Vidadi (2004), ss. 144-157-166-170.
[5] “Türkmənçay müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov, Kərim, red., (2009), ss. 493-503; Həmçinin bax; “Rusiya-İran Türkmənçay müqaviləsi. 10 fevral 1828-ci il”, a.k.ə. T.K.Heydərov və başqaları, red., C. I (2010), ss. 55-66.
[6] Грибоедов, А.С., Горе от ума. Писма и записки (Баку, 1989), с. 338. Həmçinin bax; a.k.ə. Qlinka, S. N. (1995), cc. 42-46-92.
[7] Шавров, Н.Н., Новая угроза Русскому делу Закавказе: Престояшая распродажа Мугани инородцам (Баку, 1990), cс. 59-64.
[8] a.k.ə. Грибоедов, А.С. (1989), c. 338.