1992-ci il 26 fevral gecəsi baş verən Xocalı soyqırımı yüzlərlə mülki əhalinin insanlığa xas olmayan qəddarlıqla öldürülməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi idi. Həmin gecə mayor Ohanyan Seyran Muşeqoviç və Yevgeni Nabokixin başçılığı ilə erməni silahlı qüvvələri Rusiya Daxili İşlər Nazirliyinin Dağlıq Qarabağın Muxtar Vilayətinin mərkəzi Xankəndidə yerləşən 366-cı motoatıcı briqadasının köməyi ilə kiçik Xocalı şəhərini işğal etdi. Rəsmi Azərbaycan statistikasına əsasən Xocalı işğal olunan zaman Ermənistan-Rusiya birləşmiş hərbi qüvvələri 106 qadın və 83 uşaq daxil olmaqla 613 günahsız azərbaycanlını qətlə yetirmişdilər. 25 uşaq hər iki valideynini itirərək yetim qalmış, 130 nəfər isə valideynlərindən birini itirmişdi. Səkkiz ailə tamamilə məhv edilmiş, 476 nəfər daimi əlil olmuşdur. Ümumilikdə, 1275 nəfər girov götürülmüşdür. Sonradan girovların çoxu azad olunsa da, onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir.[1] Bu soyqırımı nəticəsində azərbaycanlılar Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğal edilmiş tarixi torpaqlarından köçməyə məcbur oldular.
Xocalı qətliamını son dərəcə vəhşiliyinə görə Azərbaycanın günahsız əhalisinə qarşı etnik təmizləmə aktı və hərbi cinayət adlandırmaq olar. Bu qanlı qətliam bəşəriyyət tarixində vəhşi terror davranışının ən pis nümunələrindən biri olub və insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir. Cinayətin nəticələrini göstərmək çətin idi; ermənilər Xocalı şəhərinin əhalisinə qarşı görünməmiş bir cinayət törətmişdilər. Tibbi müayinənin nəticələrinə əsasən, Xocalı soyqırımının yüzlərlə qurbanı, o cümlədən qadın, uşaq və qocalar görünməmiş qəddarlıqla qətlə yetirilmişdi. Beynəlxalq media tərəfindən yayımlanan Xocalı faciəsinin həqiqətlərini əks etdirən sübutlar göstərir ki, nümayiş etdirilən bəzi ölmüş qurbanların başlarının dərisi elə diri-diri soyulmuş, bəzi orqanları, məsələn, başları, ayaqları və qulaqları kəsilərək şikəst edilmiş, bəziləri diri-diri yandırılmışdı. Bununla bağlı Pascal, Privet və Steve Le Vine “Newsweek”-dəki “Qətliamın üzü” adlı məqaləsində yazırdı: “Keçən həftə Azərbaycan yenə ölüxanaya dönmüşdü: qaçqınların və məscidin arxasında müvəqqəti meyitxanaya gətirilmiş onlarla eybəcər hala salınmış cəsədlər var idi. Onlar fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən dağıdılaraq xaraba qoyulmuş, müharibənin ayrı saldığı Dağlıq Qarabağın kiçik bir şəhərinin – Xocalının adi azərbaycanlı kişiləri, qadınları və uşaqları idilər. Bəziləri qaçmaq istəyərkən çox yaxın məsafədən öldürülmüş, digərlərinin başlarının dərisi soyulmuş, sifətləri eybəcər hala salınmışdı.”[2]
1992-ci il martın 3-də “New York Times” qəzeti yazırdı:
Ermənilərin üstünlük təşkil etdiyi Azərbaycan ərazilərində Dağlıq Qarabağın erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğına dair bu gün yeni dəlillər ortaya çıxıb. Vertolyotla bölgəyə qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özləri ilə başlarının arxa hissəsi deşilmiş üç ölü uşaq gətiriblər. Gələnlər bildiriblər ki, ermənilərin onları atəşə tutması digər meyitləri yığmağa mane olub. Əraziyə səpələnmiş onlarla cəsəd Azərbaycanın qırğınla bağlı verdiyi məlumatların doğruluğunu sübut edir.[3]
“Reuters” agentliyinin fotoqrafı Frederik Lenqeyn danışır ki, o, Dağlıq Qarabağın kənarında içi azərbaycanlıların cəsədləri ilə dolu iki yük maşını görüb. “Mən birincidə 35-ini saydım, ikincidə də demək olar ki, elə o qədər olardı … Bəzilərinin başı kəsilmiş, bir çoxu isə yandırılmışdı”.[4]
“Human Rights Watch” yazırdı:
1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə Stepanakertdən təxminən yeddi kilometr aralıda yerləşən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini tutdular. Hücum zamanı münaqişənin başlanğıcından bu günə qədər ən böyük qırğında 600-dən çox mülki şəxs öldürüldü.[5]
Yuxarıda deyilənlərdən göründüyü kimi, beynəlxalq qəzet və teleradio yayımları erməni hərbçiləri tərəfindən törədilən Xocalı qətliamının dəhşətli olduğu fikrini bölüşürlər. Bununla belə, ermənilərin iki sitatını xüsusi vurğulamaq lazımdır. 2008-ci ildə “Erməni Məsələsi – Kanada Erməni Milli Komitəsinin bülleteni” yazırdı:
Artsax özünümüdafiə qüvvələrinin əsas vəzifələrindən biri Xocalıdakı düşmənin briqadasının aradan götürülməsi və məhv edilməsi idi. Burada xeyli canlı qüvvə kontingenti, çoxlu hərbi texnika var idi. Əsgəran qəsəbəsini paytaxt Stepanakertlə birləşdirən dəhlizin yenidən açılması, eləcə də Azərbaycanın əlində olan respublika hava limanına nəzarətin bərpası vacib idi. Fevralın 25-də Xocalının qərbində mövqe tutan Artsax özünümüdafiə dəstələri düşmənlərdən hərbi bazanı tərk etməyi və müəyyən edilmiş dəhlizdən mülki əhalinin keçməsini tələb etdilər… Bu arada azərbaycanlı hərbçilər kənddəki sakinlərdən sipər kimi istifadə edərək hərəkətə keçdilər və DQR [qondarma Dağlıq Qarabağ Respublikası] yaşayış məntəqələrini yenidən bombalamağa başladılar və kəndi tərk etmək məcburiyyətində qalanda isə dinc sakinləri özləri güllələdilər.[6]
Erməni tarixçisi David Davidyan yazır:
1992-ci il fevralın 26-da erməni hərbi qüvvələri ətraf erməni rayonlarına qrad raketləri yağdıran ikiqat güclü atəş nöqtəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük mərkəzi Əsgəran rayonunun Xocalı yaşayış məntəqəsini tutmağa müvəffəq oldular. Azərbaycan əsgərləri geri çəkilərkən 300-ə yaxın azərbaycanlı və Azərbaycan torpağını qorumağa gətirilmiş Məhsəti türkü öldürüldü. Ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı Xocalıdakı atəş mövqeyini tutaraq onu neytrallaşdırdıqdan sonra mülki vətəndaşların evakuasiya prosesinə nəzarət edən erməni və rus əsgərləri arasında döyüş başlandı və Azərbaycan əsgərləri çıxarılan mülki şəxslərə qarışdılar. Bu, yüzlərlə azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələndi.[7]
Ermənilərin həmin gecə dinc əhalinin ölümünü inkar edən bəyanatları Dağlıq Qarabağın “özünümüdafiə” qüvvələri ilə bağlı suallar doğurur. Əvvəla, diqqəti “Artsax özünümüdafiəsi”nə yönəltmək və David Davidyanın qeyd etdiyi özünümüdafiə qüvvələrinin Dağlıq Qarabağ ermənilərinin vahid hərbi dəstəsini, Ermənistan Respublikasının hərbi birləşmələrini və Rusiyanın 366-cı hərbi alayını nəzərdə tutduğunu aydınlaşdırmaq lazımdır. O, bəyanatında açıq şəkildə vurğulayır ki, burada təkcə Dağlıq Qarabağ ermənilərinin “özünümüdafiə” qüvvələri və ya qeyd olunduğu kimi “Artsax özünümüdafiə qüvvələri” deyil, həm də etnik ermənilərin və Rusiyanın 366-cı motoatıcı alayı birləşmiş qüvvələri var idi.
İkincisi, Ermənistan yüzlərlə dinc sakinin ölümünü inkar edir və mülki əhalinin ölüm sayının yüzdən az olduğunu bildirir; lakin David Davidyanın ikinci sitatı Xocalının tutulması zamanı yüzlərlə dinc sakinin öldürüldüyünə sübutdur. Ermənilər dinc əhalinin ölümünə görə də Azərbaycan tərəfinin məsuliyyət daşıdığını iddia edirlər. Onlar iddia edirdilər ki, orada təyinatlı Azərbaycan əsgərləri və çoxlu sayda ağır hərbi texnika var idi. Ermənistanın şəhərə hücumunda məqsəd “özünümüdafiə” idi. Halbuki, Ermənistan rəsmilərinin müsahibələrini araşdıranda aydın olur ki, Xocalı soyqırımı ermənilər tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Bununla bağlı Thomas de Wall yazırdı:
İndi ermənilər özləri də Xocalıdan qaçarkən çoxlu mülki vətəndaşın həlak olduğunu etiraf edirlər. Bəziləri bu qırğında özbaşına hərəkət edən nizamsız erməni döyüşçülərini günahlandırır. Bir erməni polis zabiti, mayor Valeri Babayan isə qisas almağı səbəb kimi irəli sürdü. O, Amerikan müxbiri Paul Quinn-Judgea Xocalıya hücumda iştirak etmiş erməni döyüşçülərin əksəriyyətinin “Sumqayıtdan və bu kimi yerlərdən gəldiyini” deyib.[8]
Bu bəyanatdan aydın olur ki, şübhəsiz, Xocalıya hərbi hücumun arxasında nəzərdə tutulmuş gizli plan olub və erməni əsgərlərinin əksəriyyəti bunu Xocalının günahsız əhalisinə qarşı “intiqam” kimi qəbul edib. Bu barədə Svante Cornell deyir “hücumun dörd il əvvəl ermənilərin Sumqayıtda öldürülməsinin ildönümündə baş verməsi çox ehtimal ki, təsadüfi olmayıb, vaxtı dəqiq təyin edilibmiş”.[9]
Yenə Thomas de Wall yazır ki, sovet dövründə Azərbaycan vətəndaşı və Qarabağ müharibəsinin hərbi lideri olan Ermənistanın indiki prezidenti Serj Sarkisyan müsahibə zamanı bildirib: “Biz bu barədə ucadan danışmırıq. Hadisələrə dair “çox şey şişirdilib” , qaçan azərbaycanlılar da silahlı müqavimət göstəriblər”.[10] De Wall yazır ki, halbuki Sarkisyanın baş verənlər barədə ümumiləşdirmələri daha səmimi və daha qəddar idi:
Amma mən əsas məsələnin fərqli bir şey olduğunu düşünürəm. Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, onlar bizimlə zarafat edirlər, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bu stereotipi qırmağı bacardıq. Və bax bu baş verdi. Və biz bir də onu nəzərə almalıyıq ki, o oğlanların arasında Bakı və Sumqayıtdan qaçıb gələnlər var idi.[11]
Əvvəl qeyd edildiyi kimi, bir çox erməni və ermənipərəst yazarlar hələ də erməni əsgərlərinin Xocalıda mülki əhalini qətlə yetirdiyini inkar edir və ya sübut etməyə çalışırlar ki, ermənilərin vəhşi olduğunu göstərmək üçün Azərbaycan özü öz mülki vətəndaşlarını öldürüb. Buna baxmayaraq, Serj Sarkisyanın yuxarıda dedikləri reallığı göstərir; Cornellin dediyi kimi, “hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan başqa heç kəs İngiltərəli müəllif Thomas de Walla müsahibəsindəki qədər hadisələrə aydın şərh verməyib”.[12] Ermənilər əhalinin dinc boşaldılması üçün dəhliz açdıqlarını iddia edirlər, lakin qırğından iki ay əvvəl Xocalıda olan amerikalı jurnalist Thomas Goltz öz raportunda şəhərdə heç bir telefon işləmədiyini, heç bir şeyin fəaliyyət göstərmədiyini, elektrik enerjisi, istilik sistemi, eləcə də suyun gəlmədiyini bildirib. Onun sözlərinə görə şəhərdən yeganə çıxış yolu hər uçuşunda vurulmaq təhlükəsi altında olan vertolyot idi.[13] Bundan başqa, “əhalinin köçürülməsi” üçün dəhlizin açılması iddiasıda sual doğurur. Əgər belə bir məsələ var idisə, bəs nə üçün ermənilər mindən çox əsir götürüb, niyə ölülərə işgəncə verilib, çoxu xüsusi qəddarlıqla öldürülüb, yandırılıb, başlarının dərisi soyulub, başları kəsilib. “Azad dəhliz”ə gəlincə, Thomas de Wall yazır:
Fevralın 25-dən 26-na keçən gecə, ermənilər Sovet tank alayının yardımı ilə Xocalı üzərinə hücuma başladı. Xocalıda üç minə yaxın adam yaşayırdı. Dörd ay idi ki, avtomobil yolu kəsilmişdi və yalnız 160-a yaxın yüngül silahlarla silahlanmış kişi tərəfindən müdafiə olunurdu. Səhər tezdən, həm mülki əhali, həm də döyüşçülər şəhərin qalan yeganə çıxışına dizə qədər dərin qarın içi ilə dərəyə doğru aşağı qaçdılar. Naxçıvanik kəndindən çıxanda onlar erməni döyüşçülərin açdığı şiddətli atəşlə qarşılaşdılar. Qaçaraq canını qurtarmağa çalışan kişi, qadın və uşaqlar bir-birinin ardınca vurulurdular.[14]
Nəticə etibarı ilə bütün bu faktlardan aydın olur ki, Xocalı soyqırımı əvvəlcədən planlaşdırılmış və yaxşıca təşkil olunmuşdu. Mənşəyinə görə insanların tamamilə və ya qismən məhvinə yönəldiyindən bu etnik təmizləmə aktı müharibə cinayəti və ya insanlığa qarşı cinayət hesab edilməlidir. Bu tarixi cinayətin müəllifi yalnız azərbaycanlıları deyil, həm də bütün sivilizasiyalı dünyanı və bəşəriyyəti hədəfə alıb. De Wallın sözlərilə desək, “dinc əhalinin “azad dəhliz” zonasında və ona bitişik ərazilərdə kütləvi öldürülməsinə heç bir halda haqq qazandırıla bilməz”.[15] Bu, beynəlxalq ictimaiyyətin cəzalandırmalı olduğu yeni faşizm formasının doğuşu idi. Təəssüf ki, Xocalı qətliamı kobud insan haqlarının pozulması ilə səciyyələnsə də, hələ də beynəlxalq səviyyədə hüquqi müstəvidə tanınmayıb. Bu təcavüzkar terror aktlarına qarşı hələ də konkret tədbirlər görülməyib.
[1] Abilov, Shamkhal and Isayev, Ismayil, “The Consequences of the Nagorno-Karabakh War for Azerbaijan and the Undeniable Reality of Khojaly Massacre: A View from Azerbaijan,” Polish Political Science Yearbook, Vol. 45, 2016, p. 296.
[2] “Khojaly Genocide – 20th Anniversary”, Mission of Azerbaijan to the United Nations, Press Release, 26 February 2012, p. 2.
[3] “Massacre by Armenians Being Reported”, The New York Times, 3 March 1992; (http://www. nytimes.com/1992/03/03/world/massacre-by-armenians-being-reported.html). Accessed on October 11, 2013.
[4] a.k.ə.“Massacre by Armenians Being Reported”.
[5] Human Rights Watch, Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh (USA, Human Rights Watch, December 1994), p. 6.
[6] History of Artsakh (Nagorno-Karabagh),” The Armenian Cause-Newsletter of The Armenian National committee of Canada, Vol. 11, No. 3, 2008, p. 4.
[7] Davidian, David, “Armenian Capture of Khojali, February 1992”, The Armenian Cause-Newsletter of The Armenian National committee of Canada, Vol. XI, No. 3, November 2008, pp. 7-8.
[8] a.k.ə. De Wall, Thomas (2003), p. 171.
[9] a.k.ə. Cornell, Svante E. (2011), p. 62.
[10] a.k.ə. De Wall, Thomas (2003), p. 172.
[11] a.k.ə. De Wall, Thomas (2003), p. 172
[12] a.k.ə. Cornell, Svante E. (2011), p. 62.
[13] Goltz, Thomas, Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-Rich, War-Torn, PostSoviet Republic (USA, M.E. Sharpe, 1998), p. 119.
[14] a.k.ə. De Wall, Thomas (2010), p. 119.
[15] a.k.ə. De Wall, Thomas (2010), p. 119.