Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2008-ci il martın 14-də özünün 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 62/243 saylı Qətnaməsini qəbul etmişdi.[1] Qətnamə 39 lehinə, 7 əleyhinə və 100 bitərəf səslə qəbul edildi.[2] Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Ağdam, Zəngilan rayonlarını və Horadiz şəhərini işğal etdikdən sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-cü il tarixli 853 saylı, 14 oktyabr 1993-cü il tarixli 874 saylı və 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrinə istinad edərək Baş Assambleya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində davamlı olaraq dəstək verdiyini təsdiq edir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında gedən silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi təhdid altına atması ilə bağlı öz ciddi narahatlığını ifadə edirdi.
Baş Assambleya həmçinin bu qətnamə ilə işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz evlərinə qayıtmaq hüququna malik olduqlarını bir daha təsdiq edirdi. Qətnamə həmçinin heç bir dövlətin Azərbaycan ərazilərinin işğalı nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyəti qanuni hesab etməməli və bu vəziyyəti belə saxlamaqda köməklik göstərməməli olduğunu vurğulayırdı.[3]
Qeyd etmək lazımdır ki, 62/243 saylı Qətnamə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin 5-ci sənədi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş ilk sənəd idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi əvvəlki 4 qətnamədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilməklə yanaşı, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına işarə edilirdi. Lakin onlar Ermənistan Respublikasının hərbi qüvvələri olaraq qeyd edilməmişdilər.[4]
Lakin 62/243 saylı qətnamədə “bütün erməni qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb olunurdu. Qətnamə “Azərbaycan Respublikası daxilində səmərəli demokratik özünüidarə sistemi qura biləcək Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan erməni və azərbaycanlı icmaları üçün normal, təhlükəsiz və bərabər yaşam tərzinin təmin edilməsi zərurətini” qəbul edirdi. Burada xüsusi diqqət “erməni qüvvələri” və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadələrinə verilməlidir, bununla BMT Baş Assambleyası Ermənistanı Azərbaycan ərazilərini işğal edən təcavüzkar dövlət kimi qəbul etdiyini və Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi qəbul etdiyini göstərir.
Nəhayət, BMT Baş Assambleyasının 62/243 saylı Qətnaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərən beynəlxalq vasitəçilərə, xüsusilə də problemləri beynəlxalq qanunların norma və prinsiplərinə uyğun olaraq həll etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədrlərinə öz minnətdarlığını bildirirdi.[5]
[1] Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, “62/243 saylı Qətnamə”, 14 mart 2008-ci il.
[2] General Assembly calls for removal of Armenian forces from Nagorno-Karabakh”, UN News Centre, 14 mart 2008-ci il ;http://www.un.org/apps/news/story.asp/html/story.asp?NewsID=25986&Cr=general&Cr1=assembly#.UrhwLbuxSRJ). İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[3] a.k.ə. 62/243 saylı Qətnamə
[4] BMT Təhlükəsizlik Şurası, 822, 853, 874 və 884 saylı qətnamələr.
[5] a.k.ə. 62/243 saylı Qətnamə