Haqqımızda

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionu ilə bağlı münaqişə Cənubi Qafqaz bölgəsinin müasir tarixində ən mübahisəli məsələlərdən biri olub. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və son bir neçə əsr ərzində əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil edib. XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Osmanlı imperiyaları arasında bağlanmış müqavilələrə əsasən erməni əhalisinin bu bölgəyə köçürülməsi nəticəsində ermənilər son iki əsrdə regionda sayca üstünlük təşkil edə biliblər.

Versal Sülh Konfransı Dağlıq Qarabağı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi olaraq tanısa da, Ermənistan bu ərazilərə olan iddiasından heç zaman əl çəkməyib. Azərbaycan və Ermənistan arasında iki il davam edən mübahisələrdən sonra, 1920-ci illərin əvvəllərində Cənubi Qafqaz ölkələri Sovet İmperiyasının tərkibinə daxil oldular və Dağlıq Qarabağ yenidən müzakirə mövzusuna çevrildi. 5 iyul 1921-ci il tarixli fərman ilə RKP(b) MK Kavbürosu (Rusiya Kommunist Partiyasının Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu) əvvəlcədən mövcud olan reallığa istinad edərək, Dağlıq Qarabağı Azərbaycan SSR-in tərkibində saxlamaq barədə qərar qəbul etdi. Daha sonra 1923-cü ildə ona muxtar status verildi. Sovet dövründə erməni tərəfi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-ə birləşdirilməsi ümidi ilə Sovet İttifaqının mərkəzi dairələrinə dəfələrlə müraciət edib. Lakin hər dəfə sovet hakimiyyəti tərəfindən onların qanunsuz cəhdləri rədd olunub. Mixail Qorbaçovun Sovet İttifaqında həyata keçirdiyi “Qlasnost” və “Perestroyka” siyasətindən sonra Ermənistanın Dağlıq Qarabağ Muxtar Vilayətini ilhaq etmək istəyi yeni impuls tapmış oldu ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə ifadə etməyə başladı.

1980-ci illərin sonunda Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağ Vilayət Soveti bölgənin Ermənistan SSR-in suverenliyinə verilməsi haqqında qərar qəbul etdi və bu, təkcə Azərbaycan SSR deyil, həm də SSRİ Ali Soveti və Sov.İKP Mərkəzi Komitəsi tərəfindən SSRİ Konstitusiyasının 78-ci maddəsinə istinad edilərək rədd edildi. 78-ci maddə açıq şəkildə ifadə edirdi ki, ittifaq respublikasının razılığı olmadan ərazi dəyişiklikləri qəbuledilməzdir. Buna baxmayaraq, Dağlıq Qarabağ erməniləri separatçı siyasət yürüdərək və Ermənistan SSR-nin birbaşa dəstəyi ilə öz siyasi strukturlarını yaratmağa başladılar. Onlar 1989-cu ilin yayında DQMV Əhalisinin Səlahiyyətli Nümayəndələrinin Qurultayını seçdilər. Qurultay yalnız yerli sovetlər və ya kənd sovetləri tərəfindən seçilən erməni deputatlardan ibarət idi. 1989-cu il avqustun 24-də qurultay 78 nəfərdən ibarət Milli Şura seçdi və onun Rəyasət Heyəti Qarabağın faktiki hökuməti oldu. Bundan başqa, erməni tərəfi separatçı hərəkətlərinə haqq qazandırmaq üçün hüquqi əsas kimi “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli Sovet Qanununa istinad edirdi. Bu cəhdlər təkcə Sovet Konstitusiyasının yuxarıda qeyd olunan maddəsini deyil, həm də 1990-cı il aprel qanununu açıq şəkildə pozurdu. Lakin o vaxtdan etibarən ermənilər Qarabağda hakimiyyəti konstitusiyaya zidd şəkildə ələ keçirmiş oldular.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan və Ermənistanın müstəqillik əldə etməsilə başlayan və 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatan Birinci Qarabağ müharibəsində Azərbaycan ağır itkilər verdi. Beləliklə, Ermənistan Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazilərinin 20 faizini işğal etmiş, Ermənistanın təkcə Azərbaycanın işğal olunmuş ərazilərində deyil, həm də bugünkü Ermənistan ərazilərində əsrlər boyu məskunlaşan azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı öz əmlakını itirmiş və məcburi köçlə üzləşmişdir.

1994-cü il atəşkəs razılaşmasından 2020-ci il İkinci Qarabağ müharibəsinin başlanmasına qədər bir çox dövlət, beynəlxalq və regional təşkilat tərəfindən müxtəlif sülh təşəbbüsləri irəli sürülüb. Lakin erməni tərəfinin danışıqlar prosesinə destruktiv yanaşması səbəbindən bütün bu təşəbbüslər iflasa uğrayıb. Azərbaycan ərazilərinin işğalı illərində Ermənistan keçmiş Dağlıq Qarabağ bölgəsinin müstəqil dövlət kimi tanınması və ya Ermənistana birləşdirilməsi üçün özünün də dediyi kimi, “faktlardan (yəni hərbi nəzarət) istifadə edərək de-fakto statusu saxlamaq və de-yure statusu dəyişdirmək” istəyirdi. Lakin Azərbaycan Ordusu Ermənistanın təcavüzünə qarşı 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu başlatdığı əks-hücum əməliyyatı ilə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğal etdiyi əraziləri azad etməyə başladı. 44 gün davam edən “Vətən müharibəsi” və ya “44 günlük müharibə” adlandırılan müharibə Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və Azərbaycanın qəti qələbəsi ilə başa çatdı. 

Yuxarıda qeyd olunan amillər və hadisələrin fonunda bu araşdırma ümumilikdə Qarabağ bölgəsi və xüsusən də keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas tarixi, siyasi və hüquqi faktları və arqumentləri toplu olaraq oxuculara təqdim etmək məqsədi daşıyır. Təqdim olunan materialların hər biri yerli və beynəlxalq mənbələrə, sənədlərə və müqavilələrə əsasən müəlliflər tərəfindən ətraflı şəkildə elmi əsaslandırılmış və işlənmişdir. Bu portaldakı faktlar, fikirlər və mülahizələr müvafiq elmi istinadlarla oxucuya təqdim olunur. Portal Qarabağ regionu və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi, siyasi və hüquqi aspektləri özündə birləşdirən 99 müxtəlif sual və cavabdan ibarətdir və tədqiqat çərçivəsində qeyd olunan əsas sənədləri və müqavilələri ehtiva edir.