Qarabağın Qarabağ xanlığına qədər etnik tərkibi ilə bağlı dəqiq məlumatı 1727-ci ildə Osmanlı dövləti tərəfindən qeydiyyata alınmış “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” adlı tarixi sənəddə tapmaq olar. Müfəssəl dəftərdə adı çəkilən 1178 kənddən yalnız 25-i erməni kəndi kimi qeydə alınmışdır. Bu dəftərdəki ümumi məlumatlardan məlum olur ki, Səfəvi-Osmanlı müharibəsi zamanı müsəlman türk kəndlərinin 40%-ə qədərinin boşalması, vergidən azad olduqları üçün vergi siyahısında adı olmayan din adamları, ordu mənsubları və döyüşlərdə öldürülən əsgərlərin sayını nəzərə alsaq bu dövrdə Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri müsəlmanların sayı 20%-i keçməmişdir.[1]
Qeyd edək ki, Qarabağ xanlığı dövründə bu ərazidə yaşayan ermənilərin sayı o qədər də çox deyildi. Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində müsəlman əhalinin istəkli və ya məcburən köçürülməsi sayəsində, eyni zamanda Rusiyanın hakimiyyəti altına keçən Qarabağ xanlığında çarizmin yeritdiyi müstəmləkə siyasəti nəticəsində XVIII əsrin sonu və XIX əsrin ilk illərində bölgədə ermənilərin sayı artmağa başlamışdır.
Danılmaz bir faktdır ki, Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində Qarabağa Osmanlı və Qacar imperiyalarının müxtəlif yerlərindən çoxlu erməni ailələri yerləşdirilmişdir. Belə ki, 1805-ci ildə Kürəkçay müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasının tərkibinə daxil olduqdan dərhal sonra təxminən 390 erməni ailəsi oraya yerləşdirilmişdir.[2]
Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində qeyri müsəlmanların və eləcə də ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Rusların 1810-cu ildə Qarabağda apardıqları siyahıyalmaya görə burada 12000 ailə və ya təqribən 60000 insan yaşamışdır və bu siyahıya görə Qarabağ əhalisinin 9500 (79%) ailəsi azərbaycanlı, 2500 (21%) ailəsi isə erməni və rus əhali olaraq göstərilmişdir. Rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində Qarabağın toplam 642 kəndinin 155-i ermənilərə, 487-si isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu mənbə göstərir ki, 1823-cü ildə Qarabağda 18563 ailə yaşayırdı, onlardan 14618-i (78%) azərbaycanlı, 3945-i (21,2%) isə erməni idi. Ailələrin 21,1%-nin erməni olduğu göstərilsə də, onlar bütün əhalinin cəmi 8,4%-ni təşkil edirdilər. Əhalinin yerdə qalan 91%-ni azərbaycanlılar təşkil edirdilər.[3]
Göründüyü kimi, Qarabağ xanlığının son dövrlərində Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində ermənilərin sayının artmasına baxmayaraq, onlar Qarabağ əhalisinin təqribən 10%-ni təşkil etmişlər.[4] Belə ki, tarixi mənbələrə görə Qarabağ xanlığının yaradılması və idarə edilməsi azərbaycanlılara məxsus olduğu kimi, buradakı əhalinin əksəriyyətini də azərbaycanlılar təşkil etmişlər.
[1] a.k.ə. Məmmədov, H. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. – s. 3–22.
[2] Əsədov, F., Kərimova, S. Çarizmi Azərbaycana gətirənlər. – Bakı: Gənclik. – 1993. – s. 70.
[3] Кавказский календарь Российской империи 1897, Л-13-Елизаветская губерния. – СПб. – 1904. – с. 3. Həmçinin bax: a.k.ə. Qeybullayev, Q. Qarabağ (etnik və siyasi tarixinə dair). – Bakı: Elm. – 1990. – s. 151. Həmçinin bax: Aydın, M. Karabağ // Türkiye Diyanet İşleri Vakfı Ansiklopedisi (TDİA). – İstanbul. – c. 24. – 2001. – s. 368. Həmçinin bax: Mahmudov, C. Karabağ’ın Etnik Yapısının Oluşumuna Tarihsel ve Demografik Bakış // R.Yılmaz (red.). Qarabağ bildiklərimiz və bilmədiklərimiz. Bakı: Qafqaz Universiteti. – 2010. – s. 559.
[4] a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 12.