Qarabağın tarixi-coğrafi ərazisi harada yerləşir?

Bu gün Qarabağ torpağının yerləşdiyi Kür və Araz çayları arasında qalan ərazilər qədim Azərbaycanın bir parçası olaraq müxtəlif tayfaların müstəqil və sərbəst şəkildə yaşadığı bir bölgə olmuşdur. E. ə. IV əsrin sonlarında bu ərazidəki vilayətlər arasında iqtisadi və mədəni əlaqələrin inkişafı Azərbaycan dövləti olan Qafqaz Albaniyasının yaranmasına gətirib çıxardı. 705-ci ildə Ərəb xilafətinin bu ərazini işğal etməsi ilə Qafqaz Albaniyasına son qoyuldu. Ölkənin şimalında meydana gələn Qafqaz Albaniyası dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafı ilə birlikdə) daxil olmaqla Böyük Qafqaz dağlarından başlayaraq cənubda  Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı və Qanıx çaylarının yuxarılarından başlayaraq şərqə doğru – Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Qafqaz Albaniyası dövlətinin ərazisi inzibati cəhətdən əyalətlərə, onlarda öz növbəsində vilayətlərə bölünürdü. Qafqaz Albaniyası bu dövrlərdə əsasən 10 əyalətdəm ibarət olmuşdur. Onların 6-sı Kür çayının sol sahilində, 4-ü isə Kür çayının sağ sahilində yerləşmişdir. Qafqaz Albaniyası dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhəri olmuşdur.[1]  

VIII əsrin əvvəllərində Azərbaycan ərazisi Ərəb xilafətinin tərkibinə daxil edilmişdir. Azərbaycanın Ərəb xilafəti tərəfindən işğalından sonra qədim Qafqaz Albaniyası ərəblər tərəfindən Arran adlandırılmışdır. Erkən orta əsrlər dövründə, Azərbaycanın Araz çayından şimaldakı əraziləri Arran vilayətinə daxil idi. Arran ərazisi daha sonra şimal-şərqdə Dərbənd və Xəzər dənizi, qərbdə Tiflis (Tbilisi) və cənub-qərbdə Araz çayı ilə həmsərhəd idi. Lakin sonrakı orta əsrlərdə Arran yalnız indiki Qarabağ ərazisinin yerləşdiyi Kür və Araz çayları arasındakı ərazini əhatə edirdi.[2]   

Ərəb xilafəti dövründə Qarabağ Qafqaz Albaniyası zamanında olduğu kimi nəinki Azərbaycanın, həm də bütün bölgənin siyasi mərkəzi olaraq qalmaqda idi. Belə ki, Qarabağın inzibati mərkəzi olan Bərdə şəhəri ərəb canişinlərinin iqamətgahı olmaqla yanaşı, həm də çiçək­lənən ticarət mərkəzi rolunu oynayırdı.[3] İnkişaf səviyyəsinə görə ərəb tarixçiləri və səyyahları Bər­dəni “Arranın Bağdadı” adlandırırdılar. Həmin dövrdə Bər­dədən çıxan bir sıra görkəmli alimlər Azərbaycanın şöhrətini bütün xilafətə yaymışdılar ki, onlardan da Sədallah əl-Bərdəini, Səid ibn Əmr əl-Əzdi əl-Bərdəini, Əbu Bəkr əl-Bərdəini və digərlərini qeyd etmək olar.[4]

Qarabağın tarixən bir-biri ilə sıx iqtisadi və mədəni əlaqədə olan dağlıq və düzən əra­ziləri coğrafi baxımdan Arranın tərkib hissəsi və mərkəzi hesab olunurdu.[5] Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində Qarabağın sərhədləri barədə yazır:

Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir. Cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz ça­yıdır. İndi Sınıq körpü Qazax, Şəmşəddil və Dəmirçi Həsənli camaatı ara­sındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qara­bağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı, Ərikli adlanan uca Qarabağ dağlarıdır.[6]

XVI əsrdə Azərbaycanda Səfəvilər imperiyası (1501–1736) yarananda dövlət 13 inzibati bəylərbəyliyə (vilayətlərə) bölünmüşdü. Qarabağ bölgəsi paytaxtı Gəncə olan Qarabağ Bəylərbəyliyinin tərkibinə daxil idi. Qarabağ bəylərbəyliyi tarixi Arran bölgəsini, daha dəqiq desək, Kür və Araz çayları arasındakı torpağı əhatə edirdi. XVII əsrin sonunda onun sərhədləri Tiflisə qədər uzanırdı.[7] Qarabağ bəylərbəyiliyinin bu ərazisi, demək olar ki, Osmanlı hakimiyyəti dövründə (1588–1606 və 1724–1735-ci illər) də dəyişməmişdir. Həmin dövrdə Qarabağ Səfəvi imperiyasının banisi I Şah İsmayılın hakimiyyəti dövründə yaradılan Qarabağ Bəylərbəyliyi ilə eyni ərazini əhatə edirdi.[8]

1747-ci il iyunun 20-də Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra Əfşarlar imperiyası parçalanaraq Azərbaycan ərazisində yarımmüstəqil və müstəqil xanlıqlar (səltənətlər) yaranmağa başlandı. Keçmiş Qarabağ bəylərbəyiliyinin ərazisində iki xanlıq: Gəncə (1747–1804) və Qarabağ (1747–1822) xanlıqları yaranmışdır. Ərazisi indiki Qarabağ ərazisini əhatə edən Qarabağ xanlığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə Qarabağ dağları və Naxçıvan xanlığı ilə əhatə olun­muşdur.[9] Qarabağ xanlığının sahəsi təqribən 18000 km2 olub[10] şimaldan cənuba 182 km, şərqdən qərbə qədər isə 273 km ərazini əhatə edirdi.[11]


[1] a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. – s. 14; Həmçinin bax: Azərbaycan tarixi: [7 cilddə]. – Bakı: Elm, – c. 2. – 2007. – s.14–22. Həmçinin bax: a.k.ə. Məmmədov, T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. – s. 44–51

[2] a.k.ə. Azərbaycan tarixi. c. 2. – 2007. – s. 181–185. Həmçinin bax: Bünyadov, Z. Azərbaycan VII–IX əsrlərdə. – Bakı: Pedaqogika, – 2004. – s. 92–95.

[3] Минорский, В.Ф. История Ширвана и Дербенда X-XI веков. – Москва: – 1963. – с. 38.

[4] Каджар, Ч. Старая Шуша. – Баку: Şərq-Qərb. – 2007. – с. 34.

[5] a.k.ə. Əl-Əhəri, Əbu Bəkr əl-Qütbü. Tarix-e Şeyx Uveys. – s. 57; Həmçinin bax: a.k.ə. Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – s. 65.

[6] Qarabağnamələr / tərt. ed. A.Fərzəliyev. – Bakı: Yazıçı, – 1989. – s. 107–108; Həmçinin bax: a.k.ə. Piriyev, V. Azərbaycan XIII-XIV əsrlərdə. – 2003. – s. 100; Həmçinin bax: a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. – s. 11; Həmçinin bax: a.k.ə. Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – s. 65–66.

[7] Эфендиев, О.А. Карабах в составе государств Каракоюнлу, Аккоюнлу и Сефевидов // Карабах: очерки истории и культуры. – Баку: Чашыоглу. – 2004. – c. 68–69.

[8] Məmmədov, H. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. – Bakı: “Şuşa” nəşriyyatı, – 2000. – s. 5–6

[9] Qarabaği, M.C.C. Qarabağ tarixi // Qarabağnamələr / tərt. ed. A.Fərzəliyev. – Bakı: Yazıçı, – 1989. – s. 107–109; Həmçinin bax: Qaradaği, H. Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı, – 1991. – s. 352.

[10] a.k.ə. Sami, Ş. Kamusu’l-A’lam. – s. 3621.

[11] Mirzə Camaloğlu, R.B. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı, – 1991. – s. 206.