2 noyabr 2008-ci il
Moskva
Rusiya Federasiyası Prezidentinin dəvəti ilə 2008-ci il noyabrın 2-də Moskvada görüşmüş Azərbaycan və Ermənistan Respublikalarının və Rusiya Federasiyasının prezidentləri ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin vəziyyəti və perspektivlərini obyektiv və düşünülmüş şəkildə, konstruktiv şəraitdə müzakirə edərək:
1. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul edilmiş qərar və sənədlər əsasında siyasi həlli yolu ilə Cənubi Qafqazda vəziyyətin yaxşılaşdırılmasına, regionda sabitlik və təhlükəsizlik mühitinin yaradılmasına töhfə verəcəklərini bəyan edirlər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq;
2. 2007-ci il noyabrın 29-da Madriddə ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərlə görüşməsini və məsələnin siyasi yolla həllində əsas prinsipləri təkmilləşdirməyə yönəldilmiş növbəti danışıqları nəzərə alaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin davam edən vasitəçilik səylərinin mühümlüyünü təsdiq edir;
3. Sülh yolu ilə həllin əldə edilməsinin bütün qanuni aspektləri və mərhələlərinin hüquqi cəhətdən məcburi beynəlxalq zəmanətlə müşayiət edilməsinə razılıq verir;
4. Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin razılaşdırılması üzrə işi gələcək yüksək səviyyəli təmaslar vasitəsilə davam etdirilməsi barədə razılığa gələrək xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əməkdaşlıq çərçivəsində danışıqlar prosesində gələcək addımları aktivləşdirməyi tapşırıblar;
5. Münaqişənin həlli kontekstində etimadın qurulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə şəraitin yaradılması vacib hesab edilir.
İMZA
Azərbaycan Respublikasının Prezidenti: İlham Əliyev
Ermənistan Respublikasının Prezidenti: Serj Sarkisyan
Rusiya Federasiyasının Prezidenti: Dmitri Medvedyev