Azərbaycanda yaşayan kürdlərin dünya kürdlərinə müraciəti

2 aprel 1993-cü il
Bakı

Biz, minlərlə Azərbaycan kürdü əsrlərlə azərbaycanlılarla sülh və dostluq şəraitində yaşamışıq. Azərbaycanda demokratiyanın inkişafı baxımdan dilimizə, adət-ənənələrimizə hörmət var. Biz öz dilimizdə qəzet və kitablar çap edirik və həmçinin radio yayımımız da var. Hətta kürd mədəni mərkəzimiz də var. Amma son beş ildə Azərbaycanda yaşayan digər xalqlar kimi kürd xalqı da erməni təcavüzünün davam etməsindən çox əziyyətlər çəkir. Laçın kürdləri soyqırımı siyasətinə məruz qalıb: yüzlərlə qoca, qadın və uşaq öldürülüb və ya əsir götürülüb, kürdlərin şərəfinə kobud şəkildə toxunulub. On iki kürd kəndi yer üzündən silinib.

Kürdlərin ermənilərin əlindəki torpaqlarından qovulmasına səbəb olan siyasət bu gün də davam edir. Kəlbəcərin 60.000 mülki əhalisi indi mühasirə altındadır və Xocalı qətliamından sonra indi daha böyük bir fəlakət yaxınlaşır. Rayonun kürdləri orada yaşayan azərbaycanlılarla birlikdə qətlə yetirilir. Evlər talan olunaraq yerlə-yeksan edilir, insanlar öldürülür.

Tarixin təkrar olunmasına yol verilə bilməz! 1905, 1908, 1937, 1947–1948-ci ildən bu günə qədər Ermənistandan on minlərlə kürd dəfələrlə sıxışdırılaraq qovulub. 1988–1989 illərdə 20.000-dən çox müsəlman kürdü Ermənistandakı öz ata-baba ocaqlarından qovulmuşdu ki, onlardan 12.000-i Azərbaycanda məskunlaşmağa qərar verib. İndi yenə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları səbəbindən Azərbaycanda yaşayan bütün xalqların öz evlərindən, yurd-yuvalarından qovulmaları nəticəsində qan axıdılır. Biz kürd ictimaiyyəti adından dönə-dönə bildirmək istəyirik ki, Azərbaycan bizim vətənimiz, azərbaycanlılar isə bizim ən yaxın dostlarımızdır.

Əziz həmmillətimiz! Ermənilərin bizi düçar etdiyi fəlakət barədə bütün yoldaşlara məlumat verin! Azərbaycanın kürd kişi və qadınlarının düçar olduğu fəlakəti öz fəlakətiniz hesab edin! Qoy onlar Laçın və Kəlbəcər fəlakətlərinin Xocalı faciəsinin sadəcə davamı olduğunu bilsinlər!

Biz dünya kürd ictimaiyyətini bizə, Azərbaycan kürdlərinə qoşulmağa, ölkəmizi təcavüz və işğaldan azad etmək naminə kütləvi, beynəlxalq həmrəylik kampaniyasına başlamağa çağırırıq! Ədalət və sülh naminə biz sizi Azərbaycandakı qədim vətənimizi xilas etməkdə köməyə çağırırıq!

İmzalanıb: “Ronayi” Kürd Mədəniyyət Mərkəzi.