İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı Müsəlman Milli Şurasının3 saylı protokolu

Tiflis, Saray.
29 may 1918-ci il.

Sədrin müavini: Həsən bəy Ağayev
Katib: M. Mahmudov

İştirak edənlər: F. X. Xoyski, M. Y. Cəfərov, M. B. Hacınski, Ə. Mahmudbəyov. F. B. Köçərlinski, C. Məlik-Yeqanov, R. B. Vəkilov, H. B. Şaxtaxtinski, A. Axundov, M. K. Məmmədbəyov, A. Şeyxülislamov, M. Məhərrəmov, X. B. Xasməmmədov, X. B. Məlik-Aslanov, C. B. Hacınski, S. A. Ağamalov, Şərifov.

İclas açıq elan olunduqdan sonra Şuranın üzvü F. X. Xoyski iclas iştirakçılarına Şura üzvlərinin Ermənistan Milli Şurasının nümayəndələri ilə Azərbaycan və Ermənistan sərhədlərinə dair apardıqları danışıqların nəticələri barədə məlumat verdi.

F. X. Xoyski məruzəsini Ermənistan federasiyasının yaradılması üçün onlara siyasi mərkəzin lazım olduğu xəbəri ilə bitirdi. Siyasi mərkəz olaraq isə Xoyski Aleksandropolun Türkiyəyə birləşməsindən sonra yalnız İrəvanı gördüyünü bildirdi. Bu səbəbdən İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmaz idi.

Bu məsələ ilə əlaqədar X. B. Xasməmmədov, M. Y. Cəfərov, Ə. Şeyxülislamov (“Hümmət partiyası adından”), M. Məhərrəmov (sosialist müsəlman bloku adından) da öz fikirlərini bildirdilər.

Sözügedən blok İrəvanın ermənilərə verilməsini tarixi zərurət, eyni zamanda qaçılmaz bir müsibət kimi dəyərləndirdi.

Bu məsələ ilə əlaqədar keçirilən səsvermə aşağıdakı nəticələri verdi:

İrəvanın güzəştə gedilməsinin lehinə 28 səsdən 16 səs verilir; əleyhinə – 1 səs, 3 nəfər də bitərəf qalır.

Daha sonra gündəliyə ermənilərlə birgə konfederasiyanın yaradılması məsələsi çıxarıldı. Qısa fikir mübadiləsindən sonra bu məsələdə də səsverməyə qoyuldu. Qeyd edək ki, Azərbaycanla Ermənistanın gələcək quruculuğunun bu şəkildə qoyulması Şura tərəfindən yekdilliklə qəbul olunmadı.

Daha sonra Şura üzvü F. X. Xoyski Teymur bəy Makinskinin də kooptasiya yolu ilə Milli Şuraya cəlb olunması təklifini irəli sürdü v bu təklif Şura tərəfindən yekdilliklə qəbul olundu.