5 iyul 1921-ci il
İştirak edirlər: RKP MK üzvü Stalin, Qafqaz Bürosunun üzvləri: yoldaş Orconikidze, Maxaradze, Kirov, Nazaretyan, Oraxelişvili, Fiqatner, Nərimanov və Myasnikov, həmçinin Azərbaycan SSR xalq xarici işlər komissarı Hüseynov.
Dinlənildi:
1. yoldaş Orconikidze və Nazaretyan əvvəlki plenumun Qarabağ haqqında qərarına yenidən baxılması məsələsini qaldırdılar.
Qərar verildi:
1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin.
Səs verirlər: 4 lehinə, 3 bitərəf.
2) Azərbaycan MK-yə tapşırılsın ki, sonradan RKP MK Qafqaz Bürosunun təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin.
3) RKP MK Qafqaz Bürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın.
4) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən edilsin və təsdiq üçün MK Qafqaz Bürosuna təqdim edilsin.
RKP MK Qafqaz Bürosunun katibi: Fiqatner