Ermənilərlə azərbaycanlılar arasında fikir ayrılıqları hələ Oktyabr İnqilabından sonra 1917-ci il noyabrın 11-də Cənubi Qafqazın üç xalqı arasında birliyi gücləndirmək məqsədilə Müsavat, Daşnak, Menşeviklər və Sosial İnqilab partiyaları tərəfindən Tiflisdə yaradılmış əks-inqilabi milli-burjua höküməti olan Zaqafqaziya Komissarlığı dövründə də mövcud idi. Cənubi Qafqazda müstəqil Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yaranmazdan əvvəl Zaqafqaziya Komissarlığının çoxmillətli hökumətinin üzvləri arasında müəyyən siyasi və sosial məsələlərlə bağlı ciddi qarşıdurmalar və anlaşılmazlıqlar mövcud idi. Davam edən siyasi proseslər və mübahisələr səbəbindən 1918-ci ilin mayında Zaqafqaziya Komissarlığı ləğv edildi və Azərbaycan, Ermənistan və Gürcüstan müstəqilliklərini elan etdilər.[1]
1918-ci il mayın 29-da Cənubi Qafqazda sülh və əmin-amanlığın tərəfdarı olan yenicə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti tarixi Azərbaycan şəhəri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı gələcəkdə birləşmiş Qafqaz Konfederasiyasına daxil olmaq və ermənilərin Qarabağa olan iddialarını rədd etmək niyyəti ilə paytaxt kimi Ermənistan Respublikasına güzəştə getmişdir. AXC 1918-ci ilin iyun ayında regiondakı mübahisəli sərhəd məsələlərini sülh yolu ilə həll etmək istədiyini Ermənistana təklif etmişdi. Lakin AXC-nin bu xeyirxah addımları iki dövlət arasındakı münasibətlərin kəskinləşib hərbi münaqişəyə çevrilməsinin qarşısını ala bilmədi.[2]
Ortaya çıxan beynəlxalq siyasi vəziyyətdən istifadə edən ermənilər “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər. Bu məqsədlə Naxçıvan, Qarabağ və Zəngəzur regionlarında etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Belə ki, Ermənistanın hiyləgər və məkrli siyasi təbliğatı və güclü hərbi yardımları ilə Qarabağın ermənilərinin 1918-ci ilin iyul və sentyabr aylarında keçirdikləri birinci qurultayda burada öz müstəqilliklərini elan etdilər. Bölgənin bütün ərazisini idarə etmək üçün Ermənistan hökuməti quruldu. 1918-ci ilin payızında Andranikin komandanlığı ilə erməni hərbi birləşmələri Azərbaycanın Zəngəzur rayonunun bir hissəsini işğal etdilər. Andranik daha sonra“Kiçik Ermənistan” dövləti qurması üçün fəaliyyətə keçdi. Şuşanın bu Ermənistan dövlətinin paytaxtı olacağı gözlənilirdi. Bu özbaşınalıqların qarşısı qismən də olsa Osmanlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu vasitəsilə Bakının azad edilməsindən sonra alındı. Lakin oktyabrın sonunda hadisələr başqa məcrada inkişaf etməyə başladı. 30 oktyabr 1918-ci il tarixində Osmanlı imperiyası ilə Birinci Dünya Müharibəsinin Antanta dövlətləri arasında Mudros müqaviləsi imzalandı. Bu müqavilənin 11-ci maddəsi Osmanlı imperiyasını Qafqaz İslam Ordusunu Azərbaycandan, o cümlədən Qarabağ, Naxçıvan və Zəngəzurdan çıxarmağa vadar edirdi ki, bu da ermənilərə öz vəhşiliklərini və vandalizmlərini davam etdirmək, eləcə də qısa müddət ərzində nizami ordu qura bilməyən AXC-nin ərazi bütövlüyünü təhdid etmək şansı verirdi.[3] Buna görə də istər Azərbaycan hökuməti, istərsə də Naxçıvan, Qarabağ və Zəngəzur bölgələrindəki milli-vətənpərvər siyasi qüvvələrin yaranmış şəraitə uyğun olaraq müdafiə istiqamətində apardıqları fəaliyyətlər təqdirəlayiq olmuşdur. Bu baxımdan Naxçıvanda qurulan Araz-Türk Respublikası tarixi Azərbaycan torpaqlarında erməni təcavüzünün qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 1918-ci ilin noyabrında yaranıb təxminən 1919-cu ilin martınadək fəaliyyət gösərən Araz-Türk Respublikasının ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələri əhatə etmişdir.[4]
Yuxarıda qeyd olunan faktdan göründüyü kimi Birinci Dünya müharibəsinin sonuna qədər Qərbi Azərbaycanda vəziyyət AXC hökuməti üçün olduqca mürəkkəb və çətin idi. Eyni zamanda, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra Britaniya imperiyası da Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün dayaq yaratmaq niyyətində idi. Bu məqsədlə ermənilərdən istifadə etmək üçün onlara dəstək verməyə başladılar. 1919-cu ilin yanvarında Naxçıvana az sayda da olsa ingilis hərbi qüvvələrinin gətirilməsi və Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun erməniləri qorumaq və azad etmək barədə bəyanatı erməni hərbi qüvvələrini ruhlandırdı. Buna görə də onlar öz hücumlarını Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə doğru genişləndirdilər. [5]
Ermənistan isə əksinə, Britaniya imperiyasının dost münasibətindən istifadə edərək qonşu xalqlara, əsasən də Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə qarşı ərazi iddialarına əsaslanan “Böyük Ermənistan” ideyasını yaymağa başladı. Erməni silahlı qüvvələrinin bu ərazilərə qarşı işğalçı addımlarının qarşısını almaq məqsədilə AXC hökuməti 1919-cu il yanvarın 15-də keçirdiyi fövqəladə iclasında bu əraziləri Azərbaycanın ayrılmaz hissəsi elan etdi. AXC hökuməti ölkənin cənub-qərbində dövlət hakimiyyətinin qurulmasına böyük əhəmiyyət verdiyi üçün Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluğun yaradılmasına qərar verdi, Xosrov bəy Sultanov isə Qarabağın fövqəladə səlahiyyətli general-qubernatoru vəzifəsinə təyin edildi. Bakıdakı ingilis komandiri general Tomson da sonradan 1919-cu il aprelin 3-də Azərbaycanın bu ərazilər üzərində suverenliyini təsdiqlədi. Təqribən 6 aylıq müddətdə sürən siyasi, maliyyə və hərbi hazırlıq işlərindən sonra Xosrov Bəy Sultanov 1919-cu ilin 19–25 iyul tarixlərində apardığı uğurlu hərbi yürüşlərdə erməni-daşnak qüvvələrini məğlub etdi. Nəticədə erməni icması AXC hökumətinin bu ərazilər üzərində suverenliyini tanıdı. Beləliklə, 1919-cu il avqustun 13-də Şuşada Qarabağ ermənilərinin VII qurultayı çağırıldı. Qurultay 1919-cu il avqustun 22-də 26 bənddən ibarət müqavilənin qəbul edilməsi ilə yekunlaşdı. Bu müqavilənin şərtlərinə əsasən, Qarabağ erməniləri Dağlıq Qarabağı AXC-nin tərkib hissəsi kimi tanıdılar.[6]
Lakin 1919-cu ilin ikinci yarısında ingilis hərbi qüvvələrinin Azərbaycandan çıxarılması ilə vəziyyət başqa məcrada inkişaf etdi. Britaniya İmperiyasının geri çəkilməsindən sonra Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyən Amerika Birləşmiş Ştatları hökumətinin ermənipərəst bəyanatları regiondakı siyasi vəziyyətə əhəmiyyətli dərəcədə təsir etdi. ABŞ Zəngəzur və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa da, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını xüsusi bitərəf zona elan edərək ora ermənilərlə birlikdə nəzarət etmək istəyirdilər. AXC hökumətinin hərtərəfli ciddi səyləri nəticəsində ABŞ-nin bu siyasəti baş tutmadı. Lakin bu, Zəngəzurda yenidən hərbi əməliyyatlara yol açdı. Ermənistan 1919-cu il 22 avqust tarixli müqaviləni pozaraq Azərbaycanın bu bölgələrinə qarşı ərazi iddialarına başladı. O dövr üçün Zəngəzurdan qaçqın düşən azərbaycanlıların sayı 60 minə çatmışdı. Buna görə də AXC hökuməti 1919-cu il oktyabrın sonlarında general Cavad bəy Şıxlinskinin komandanlığı altında Zəngəzura alay diviziyası göndərmək məcburiyyətində qaldı. Kampaniya iki aya yaxın davam etdi. Məlum oldu ki, erməni əhalisi yaxşı silahlanmış, təlim keçmiş və döyüşə hazır idi. Şuşadan əlavə qüvvələr general Şıxlinskinin dəstəsinə göndərildi. Ermənistan təşvişə düşərək böyük dövlətləri AXC qoşunlarının yürüşünü dayandırmağa çağırdı və AXC ilə görüş təklif etdi. ABŞ-nin vasitəçiliyi ilə 1919-cu il noyabrın 23-də Tiflisdə Gürcüstan xarici işlər nazirinin və ABŞ polkovniki Ceyms Reyanın şahidliyi ilə Ermənistanın Baş naziri (Xatisiyan) və Azərbaycanın Baş naziri (Yusifbəyli) arasında saziş imzalandı. Bu razılaşmaya görə:
İki tərəf arasında toqquşmalar dayandırılmalı olsa da, mübahisəli məsələlər, o cümlədən sərhəd məsələləri danışıqlar yolu ilə, sülh yolu ilə həll edilməli və yuxarıda qeyd olunan razılaşmaya əsasən Azərbaycan dəstəsi dislokasiya yerinə qayıtmalı idi. Buna baxmayaraq, Ermənistan müqaviləni kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə qoşun yeritdi və 1920-ci ilin yanvarında azərbaycanlılara qarşı dəhşətli qətliam təşkil etdi. [8] AXC Parlamentinin üzvü Cəlil Sultanov 1920-ci il yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi 3-cü teleqramında bu barədə yazırdı:
Zəngəzur qəzası İrəvandan 10 top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan xalqına müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hücum başlanılır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır.[9]
Qarabağ və ətraf bölgələrdə ermənilərin təcavüzkarlığı artdıqda Azərbaycan ordusunun bütün potensialı o bölgələrə yönləndirildi. AXC Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimovun rəhbərliyi altında başqa bir xüsusi qərargah da yaradıldı və martın 26-da Ağdamda yerləşdirildi. Bunlardan başqa Ağdaş və Zaqatala alaylarından da bəzi hərbi qüvvələr Qarabağa gətirildi. Aprelin 3-də AXC-nin müdafiə qüvvələri uğurlu əks-hücuma başlayaraq aprelin 5-də Şuşaya daxil oldular. On günlük döyüşlərdən sonra AXC hərbi birləşmələri bölgədə yerləşən bütün güclü erməni hərbi birləşmələrini məhv etdi və aprelin 12-də Qarabağ üzərində nəzarət bərpa olundu. Bölgədə ermənilərin yalnız kiçik hərbi dəstələri qaldı ki, Qızıl Ordu qoşunları Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdıqca bu xırda erməni silahlı dəstələrinin fəallığı daha da artırdı.[10]
Ümumiyyətlə, 1920-ci il aprelin sonlarında AXC alayları 1919-cu il 23 noyabr müqaviləsinə əsasən Azərbaycanın sərhədləri daxilində tanınmış ərazilər üzərində dövlət suverenliyini bərpa etməyə nail oldular. Lakin 1920-ci il aprelin 28-də bolşevik Qızıl Ordusunun Azərbaycana hərbi müdaxiləsi AXC hərbi alaylarına ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi. 1920-ci il aprelin 28-də Qızıl Ordu Bakını işğal etdi, AXC hökuməti istefaya getməyə məcbur oldu və nəzarət bolşeviklərin əlinə keçdi.[11]
[1] a.k.ə. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. – s. 28–29.
[2] a.k.ə. Məmmədova, H. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağ ərazisində vəziyyət. – s. 23–24.
[3] Süleymanov, M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması // M.Süleymanov, M.Rıhtım (red.). Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. – Bakı: Qafqaz Universiteti nəşri. – 2008. – s. 357–392.
[4] Ağayev, M. Kurtuluş Savaşı Yıllarında Türkiye-Azerbaycan İlişkileri. – İstanbul: IQ Kültür Sanat Yayıncılık. – 2008. – s. 104–114.
[5] Maqsudov, F. Əliyev, İ. (red.), Azərbaycan Cumhuriyyəti (1918–1920). – Bakı: Elm. – 1998. – s. 190.
[6] Hasanli, J. Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918–1920. – Oxfordshire: Routledge. – 2014. – s. 178–180.
[7] Hille, C. State Building and Conflict Resolution in the Caucasus. – BRILL. – 2010. – s. 168–169.
[8] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. – s. 56–57. Həmçinin bax: a.k.ə. Azərbaycan tarixi. – c. 5. – 2008. – s. 447–457. Həmçinin bax: a.k.ə. Ağayev, M. Kurtuluş Savaşı Yıllarında Türkiye-Azerbaycan İlişkileri. – s. 115–132. Həmçinin bax: a.k.ə. Məmmədova, H. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağ ərazisində vəziyyət. – s. 49–51.
[9] a.k.ə. İsgəndərov, A. 1915–1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar. – s. 88–89.
[10] a.k.ə. Məmmədova, H. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağ ərazisində vəziyyət. – s. 58–63.
[11] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. – s. 46–48.