1970–1980-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləş­dirilməsi cəhdləri nə ilə nəticələndi?

1950 və 1960-cı illərdə erməni dairələrinin əsassız iddiaları həyata keçməyincə onlar Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində fəaliyyətlərini 1970–1980-ci illərdə də davam etdirdilər. Bu illərdə müəyyən erməni dairələri Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirməyə başladılar. Hətta 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək “Daşnaksütyun” təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi. Buna baxmayaraq, ermənilər 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən Dağlıq Qarabağın Ermənistana birləş­dirilməsi ilə bağlı iddialar qaldıraraq SSRİ mərkəzi orqanlarına ərizələrlə müraciət etməyə başladılar. Bu hadisələr Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrə təsadüf etdiyi üçün bunun qarşısı alındı. Belə ki, bu zaman Krımda istirahətdə olan Sovet İttifaqı KP MK-nin Baş katibi Leonid Brejnevlə görüşən Heydər Əliyev, erməni şovinistlərinin Dağlıq Qarabağla bağlı əsassız iddialarını puça çıxarmış oldu.[1]

Heydər Əliyev hakimiyyətdə olarkən rayonun sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirildiyi üçün vəziyyətə nəzarət altında idi. Məhz həmin dövrdə Ağdam-Stepenakert (Xankəndi) dəmir yolu xətti işə salındı, Stepanakertdə (Xankəndi) universitet açıldı və regionda yerli erməni əhaliyə qarşı heç bir etnik və milli ayrı-seçkilik nümayiş etdirməyən geniş mədəni-maarif müəssisələri şəbəkəsi yaradıldı ki, bu da ermənilər tərəfindən Azərbaycan SSR-də ermənilərə qarşı müsbət münasibət olaraq qarşılanırdı. Bu arada 1978-ci ildə Dağlıq Qarabağdakı ermənilər bu bölgəyə köçürülməsinin 150 illiyini qeyd etdilər. Bundan başqa, bununla bağlı Mardakert (Ağdərə) rayonunun Leninavan (Marağaşen) kəndində abidə ucaltdılar. Kəndin ilk sakinləri İranın Marağa kəndindən olan mühacirlər olduğuna görə Marağaşen adlandırılmışdır. Abidədə “Köçürülmənin 150 ili” yazısı var idi.

Lakin bu hadisələrə baxmayaraq, bəzi erməni alimləri, siyasətçiləri, yazıçıları, jurnalistləri Azərbaycan əleyhinə olan fikirlərindən əl çəkməmişdilər. Onlar Sovet İttifaqının müxtəlif mərkəzi orqanlarına Azərbaycan SSR tərəfindən ermənilərə qarşı göstərilən “ayrı-seçkilik” ilə bağlı şikayət məktubları yazırdılar.[2] Məsələn, Dağlıq Qarabağda iki etnik qrup arasındakı düşmənçiliklə əlaqədar erməni yazıçısı və Ermənistan Kommunist Partiyasının üzvü Sero Xanzadyan 1977-ci ildə sovet rəhbərliyinə sərt ifadəli məktub göndərdi. Lakin Brejnev ermənilərin iddiasını dəstək­ləməyərək ermənilərin etiraz və nümayişlərini qanunsuz elan etdi.[3] Beləliklə, 1980-ci illərin ortalarına qədər yazılmış həmin şikayət məktubları xüsusi rus-sovet müfəttişləri tərəfindən yoxlanılmış və həmin məktubların sübut kimi mühüm fakt və material təqdim etmədiklərini bildirilmişdi.[4]

Ermənistanın Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirmək mövzusundakı çoxdankı istəyi Qor­baçovun şəffaflıq və yenidənqurma islahat proqramlarından sonra yeni vüsət almış oldu. Bu, Ermənistan üçün Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə ifadə etmək imkanı verirdi. Ermənistanda Dağlıq Qarabağ məsələsi ilə bağlı etirazların sayı 1985–1987-ci illər arasında artmışdı. 1987-ci ilin sonu və 1988-ci ilin əvvəllərində Dağlıq Qarabağdan olan nümayəndələr və Moskvada yüksək vəzifəli şəxslər arasında muxtar vilayətin statusu ilə bağlı bir neçə görüş keçirildi.[5] Bu dövrdə sovet rəhbərliyi bütün ittifaqda ciddi iqtisadi və siyasi böhranlarla mübarizə aparırdı. Ona görə də bölgəni öz nəzarətində saxlamaq üçün sınaqdan çıxmış siyasəti ilə Ermənistan və Azərbaycan arasındakı gərginliyi artırmağa çalışırdı. Heydər Əliyevin Sovet İttifaqının milli münaqişələrə yol açacaq bu cür dağıdıcı davranışına qarşı fikirlərini söyləməsi onun 1987-ci ildə vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra Dağlıq Qarabağ yenidən Cənubi Qafqazda milli münaqişə nöqtəsinə çevrildi.

Bu dövrdə Zori Balayanın Azərbaycan xalqını təhqir edən, saxtakarlıqlarla dolu olan kitablarının nəşr edilməsi milli münaqişəni daha da qızışdırdı. Ermənipərəst qüvvələrin səyi nəticəsində Azərbaycan əleyhinə SSRİ və qərb mətbuatında kampaniyalar başladıldı. Daxildən və xarici ölkələrdən dəstək alan ermənilər açıq ərazi iddiaları ilə çıxış etməyə başlayaraq Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq üçün fəaliyyətlərini genişləndirdilər. Bu zaman sovet rəhbərliyi nəinki susur, hətta ermənilər tərəfindən törədilən bir sıra terror aktlarını xalqdan gizlədirdilər.

1987-ci ilin avqustunda Ermənistan SSR Elmlər Akademiyası minlərlə insanın imzası ilə SSRİ Ali Sovetinə petisiya göndərdi. Erməni tərəfi petisiya ilə Moskvadan Sovet İttifaqının 1921-ci ildə RK(b)P MK Qafqaz Büronunun dekretində buraxdığı “tarixi səhvi” düzəltməyi və Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirməyi xahiş edirdi. Lakin SSRİ Ali Soveti Ermənistanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələbini rədd etdi. Bu addım gərginliyi artırdı və 1988-ci ilin fevralında İrəvan və Xankəndidə yüz minlərlə insanın toplaşdığı kütləvi etiraz və nümayişlərə səbəb oldu.[6] 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti vilayətin Ermənistanın suverenliyinə keçməsi haqqında qərar qəbul etdi. Bu qərar Azərbaycan SSR, SSRİ Ali Soveti və Sov.İKP MK tərəfindən Sovet İttifaqı Konstitusiyasının 78-ci maddəsinə istinad edilərək rədd edildi. 78-ci maddədə açıq-aydın göstərilirdi ki, ittifaq respublikasının razılığı olmadan ərazi dəyişiklikləri yolverilməzdir.[7]

Sovet İttifaqı Konstitusiyasına görə yalnız 15 Sovet İttifaqı respublikasının Sovet İttifaqından ayrılmaq hüququ var idi. Müttəfiq respublikalara mənsub olan muxtar respublikaların və ya vilayətlərin tabe olduqları ittifaq respublikasının razılığı olmadan ayrılmaq və ya başqa(lar)la birləşmək hüququ yox idi.[8]

Buna baxmayaraq, Dağlıq Qarabağdakı ermənilər separatçılıq siyasəti yeritməyə və Ermənistan SSR-nin birbaşa dəstəyi ilə öz siyasi strukturlarını yaratmağa başladılar. 1987–1988-ci illərin qışında Ermənistan sistemli şəkildə Ermənistanda yaşayan azərbaycanlıları deportasiya edirdi. 1988-ci ilin yanvarında Ermənistandan qovulmuş azərbaycanlıların ilk dalğası Bakıya çatdı.[9]

Azərbaycanlıların Ermənistanı tərk etməsi fevral ayında da davam edirdi və bu aylar ərzində azərbaycanlıların daha iki dəstəsi Bakıya gəlib çatdı. 1988-ci il yanvarın 25-də, fevralın 18-də və 23-də Ermənistandan qovulmuş azərbaycanlıların müntəzəm dəstələri Azərbaycana gəldi. Gələnlərin sayı 4 minə yaxın idi. Təəssüf ki, Azərbaycan rəhbərliyi bu faktı ciddi-cəhdlə xalqdan gizlətdi, nə Azərbaycan, nə də mərkəzi mətbuat bu barədə heç bir məlumat yaymadı.[10]

Dağlıq Qarabağla bağlı artan gərginlik Azərbaycan xalqına da mənfi təsir göstərirdi və xalq Ermənistanın separatçı iddialarına reaksiya vermədiyinə görə hökuməti tənqid edirdi. Fevralın 22-də Əsgəranda ermənilərlə polislər arasındakı toqquşmalarda 2 azərbaycanlı həlak oldu, 19 nəfər yaralandı. Bu iğtişaş məsələni böyük münaqişəyə çevirən həlledici hadisə oldu.[11]

Sovet rəhbərliyi regionda artan gərginliyi azaltmaq üçün Azərbaycan və Ermənistan KP MK-larının birinci katiblərini dəyişdi. Lakin Moskvanın bu siyasi addımı Ermənistanın separatçılıq siyasətini dayandıra bilmədi. 1988-ci il iyulun 12-də Ermənistan SSR Ali Soveti ilə birgə keçirilən iclasda Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti birtərəfli qaydada özünün Azərbaycan SSR-dən ayrıldığını elan etdi[12] və bu, iki Cənubi Qafqaz dövləti arasında gərginliyi daha da artıraraq 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müharibənin başlamasına səbəb oldu.

Ümumilikdə 1987–1991-ci illərdə Ermənistanın 185 azərbaycanlı kəndindən 250 minə yaxın azər­baycanlı qovulmuşdur. Azərbaycanlılara məxsus 51 min ev, 165 sovxoz və kolxozun əmlakı ermənilərdə qalmış, azərbaycanlıların xeyli sayda mal-qarası ermənilər tərəfindən mənimsənilmişdir. 200-dən çox azərbaycanlı öldürülmüş, 1154 nəfər yaralanmış, yüzlərlə insan işgəncələrə məruz qalmışdır.[13]


[1] Qasımlı, M. Heydər Əliyev – istiqlala gedən yol: 1969–1987-ci illər. – Bakı. – 2006. – s. 329–331

[2] Qasımlı, M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları. – s. 13–15.

[3] Demirtepe, T., Laciner, S. The Role of the Karabakh issue in Restoration of Azerbaijani Nationalism. – s. 195–196.

[4] Qasımlı, M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları. – s. 13–15

[5] A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute / N.M.Fraser, K.W.Hipel, J.Jaworsky [et al] // The Journal of Conflict Resolution. – vol. 34, № 4. – 1990. – s. 657–658.

[6] Özkan, G. Nagorno-Karabakh Problems: Claims, Counterclaims and Impasse // The Journal of Central Asian and Caucasian Studies. – vol. 1, № 1. – 2006. – s. 126.

[7] Krüger, H. The Nagorno-Karabakh Conflict: A Legal Analysis. – Heidelberg: Springer. – 2010. – p. 18.

[8] Zürcher, C. The post-Soviet Wars: Rebellion, Ethnic Conflict, and Nationhood in the Caucasus. – New York: New York University Press. – 2007. – s. 25–26.

[9] Dragadze, T. The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment // Third World Quarterly. – vol. 11, № 1. – 1989. – s. 59.

[10] a.k.ə. Пашаев, А. Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX–XX вв.). – c. 111.

[11] a.k.ə. Azərbaycan tarixi. – c. 7. – s. 236–238.

[12] a.k.ə. Özkan, G. Nagorno-Karabakh Problems: Claims, Counterclaims and Impasse s. 127

[13] a.k.ə. Пашаев, А. Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX–XX вв.). – c. 111–117.