2008-ci il 2 noyabr tarixli Moskva Bəyannaməsi nəyi nəzərdə tuturdu?

Moskva Bəyannaməsi (Dağlıq Qarabağ haqqqında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən rəsmi Bəyannamə) 2008-ci il noyabrın 2-də Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə onun Moskvadan kənarda yerləşən Meyendorf qalasındakı iqamətgahında Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri arasında imzalanmışdır. Bu bəyannamə ilə prezidentlər bölgədə təhlükəsiz və sabit mühit yaratmaq niyyətində olduqlarını ifadə etmişlər. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunların prinsip və normalarına, bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlərə əsaslanacaq şəkildə siyasi həllini tapmaqda səylərini artırmağa razılıq vermişlər.

Bəyannamə münaqişə tərəflərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın vasitəçilik səyləri nəticəsində başlanmış 2007-ci il noyabr tarixli Madrid prinsipləri əsasında danışıqlara davam etmək öhdəliklərini təsdiq edirdi. Bu öhdəlik Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağdan kənarda yerləşən Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə çıxarılmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını və daha sonra referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsini nəzərdə tutan Madrid Prinsiplərinin Azərbaycan və Ermənistan arasında danışıqların əsasını təşkil edəcəyi demək idi.

Bəyannamədə münaqişənin həllində silahlı qüvvələrdən istifadə edilməməsi qeyd edilir və “danışıqlar prosesinin bütün qanuni aspektləri və mərhələlərinin hüquqi cəhətdən məcburi beynəlxalq təminatlar ilə müşayiət edilməli olduğu” vurğulanırdı.[1]


[1] “Declaration by Azerbaijan, Armenia and Russia on Nagorno Karabakh”, 2 noyabr 2008-ci il.