Bolqarıstan Parlamentinin üzvü cənab Yevgeni Kirilovun hesabatına əsasən hazırlanmış Avropa Parlamentinin “Avropa İttifaqının Cənubi Qafqaza dair strategiyasına ehtiyac” adlı qətnaməsi 20 may 2010-cu ildə qəbul edilmişdir. Qətnamədə o zaman Cənubi Qafqazda mövcud olan münaqişələr regionda Şərq Tərəfdaşlığının tam reallaşmasına imkan vermədiyi üçün bölgədə iqtisadi və sosial inkişafa maneə olan əsas amillər olaraq vurğulanmışdır. Qətnamə regionda sabitlik təmin edilməsi məqsədilə münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edirdi. Buna görə də Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı üzrə Avropa Birliyinin təşəbbüsünü alqışlayan Avropa Parlamenti bu qətnamə ilə regionda davamlı sülh, sabitlik, inkişafı təmin etmək məqsədilə Cənubi Qafqazda mövcud münaqişəni həll etmək, digər hərbi toqquşmaların qarşısını almaq və Cənubi Qafqaz respublikalarının Avropa siyasətinə inteqrasiyasını təmin etmək üçün Avropa Birliyini bu sahədə rolunu artırmağa çağırırdı.[1]
Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə olan hörmətinə istinad edən qətnamə Şərq Tərəfdaşlığının əsas niyyətlərindən birinin Şərq Tərəfdaşlığı ölkələrinin dövlətçilik və ərazi bütövlüyünün möhkəmlənməsinə dəstək olmaq və onların suverenliyini və ərazi bütövlüyünü təhlükə altına atan qəbuledilməz hərəkətlərdən çəkinmək olduğunu xatırladırdı. Bu baxımdan, o, ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlanmış Madrid Sənədində yer alan Əsas Prinsiplərə, L’Akila G8 sammiti çərçivəsində 10 iyul 2009-cu il tarixli Minsk qrupu həmsədr ölkələrinin bəyanatına tam dəstək verirdi. Bundan başqa, qətnamə Azərbaycanın işğal olunmuş ərazilərindən bütün erməni silahlı qüvvələrinin çıxarılmasını, BMT-nin Nizamnaməsinə uyğun olaraq təşkil ediləcək beynəlxalq qüvvələrin bu ərazidə yerləşdirilməsini tələb edirdi. Qətnamə həmçinin 1987–1994-cü illər arasında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda münaqişə zamanı atababa yurdlarını tərk etmiş, hazırda evsiz qalmış, geri qayıtmaq, əmlak və şəxsi təhlükəsizlik hüququ daxil olmaqla bütün hüquqlarını itirmiş yüz minlərlə məcburi köçkün və qaçqınların aqibətinə dair ciddi narahatlığını ifadə edirdi. Buna görə də qətnamə münaqişə tərəflərini “gələcək aylarda münaqişənin həll edilməsi məqsədilə sülh danışığı səylərini gücləndirməyə, daha konstruktiv münasibətlər göstərməyə, zor gücü ilə və beynəlxalq legitimlik olmadan yaradılmış status-kvonun saxlanmasının üstünlüyündən imtina etməyə” çağırırdı.[2]
[1] “Avropa Parlamentinin 20 may 2010-cu il tarixli Cənubi Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə Qətnamə (2009/2216(INI))”, Official Journal of the European Union, 31 may 2011-ci il. – s. 138–139.
[2] a.k.ə. Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi. – s. 139.