BMT Təhlükəsizlik Şurası 1993 il noyabrın 12-də özünün 3313-cü iclasında Minsk qrupu Sədrinin Dağlıq Qarabağ, xüsusilə Azərbaycan respublikasının Zəngilan rayonu və Horadiz şəhərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının prezidentinə göndərdiyi 9 noyabr 1993-cü il tarixli məktuba (S/26718) əsasən yekdilliklə 884 saylı qətnaməni qəbul etdi. 1993-cü il 30 aprel tarixli 822 saylı, 1993-cü il 29 iyul tarixli 853 saylı və 1993-cü il 14 oktyabr tarixli 874 saylı qətnamələrini təsdiq edən Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi də Azərbaycanın Dağlıq Qarabağ regionu üzrə münaqişənin geniş vüsət alması və münaqişə tərəfləri Azərbaycan və Ermənistan arasında regionda sülh və əmin-amanlığı sarsıdacaq gərginliyin artması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirdi. Bundan əlavə, Təhlükəsizlik Şurası beynəlxalq sərhədlərin toxunulmazlığını və silahlı qüvvələrdən istifadə edərək ərazinin güc yolu ilə əldə edilməsinin yolverilməzliyini, habelə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqləmişdir. O, silahlı döyüşlərin və digər düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, o cümlədən Zəngilan və Horadiz şəhərindən hərbi qüvvələrin yenilənmiş qrafikə uyğun olaraq çıxarılmasını tələb etmişdi. Bundan başqa, Təhlükəsizlik Şurası Baş katibdən, ATƏM-in sədrindən, Minsk qrupunun sədrindən Minsk prosesinin gedişatı və münaqişənin bütün aspektləri barədə şuraya hesabat vermələrini tələb etmişdi.[1]
Əvvəldə qeyd edildiyi kimi, 884 saylı qətnamə 1993-cü il oktyabrın sonlarında Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin birgə hücumu ilə Azərbaycanın Zəngilan rayonu və Horadiz şəhərinin işğalından sonra qəbul edilmişdi. “Human Rights Watch”a görə hücumun əsas məqsədi Zəngilan sakinlərini və Azərbaycan hərbi hissələrini əsas qaçış marşrutundan məhrum etmək üçün Horadizdəki dəmiryol qovşağını ələ keçirmək idi. Bununla erməni silahlı qüvvələri İrana aparan körpü üzərində nəzarəti ələ almış olacaqdılar. Zəngilandakı bir sıra xarici yardım işçiləri və diplomatlarına istinad edərək “Human Rights Watch” bildirirdi ki, oktyabrın 23-də ermənilər radio vasitəsilə yerli camaata ərazini tərk etmələrini əmr etmişdi. Bu barədə məlumat almış sakinlər Horadiz körpüsü ilə İrana qaça bildi. Lakin sonra körpü dağıdıldığından Zəngilan qaçqınlarının əksəriyyəti Araz çayını keçmək məcburiyyətində qalmış, bir hissəsi çayda boğulmuş, sağ qalanları isə Azərbaycanın 1 milyonluq qaçqın düşərgəsinin bir parçası olmuşdu.[2]
707 km2 ərazisi və 33890 sakini olan Zəngilan Azərbaycanın son işğal olunmuş rayonu idi.[3] Bu hücumla Qarabağ və Araz çayı arasında Azərbaycanın yerdə qalan bütün ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Zəngilanın işğalı zamanı onlar mülki vətəndaşlardan rayonu boşaltmağı tələb etmiş, əsirlər götürmüş, camaatı nizamsız açılan atəş ilə öldürmüş, əmlaklarını qarət etmiş və yandırmışdılar.[4] Norveç Qaçqınlar və Qlobal Məcburi Köçkünlər üzrə Məlumat Bazasının məlumatına görə Zəngilanın 34.797 sakini məcburi köçkünə çevrilmiş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdır.[5] Hücum zamanı Zəngilan rayonunda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, texniki məktəblər, musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğusu məhv edilmişdi.[6]
Azərbaycanın son işğal olunmuş rayonlarına qarşı hücumdan sonra 1993-cü ilin 26 oktyabrında ATƏM-in sədri münaqişənin inkişafına dair öz narahatlığını bildirmiş və “ərazinin zorla əldə edilməsinə göz yumulmamalı və işğalın ərazi iddiaları üçün bir əsas kimi qəbul edilməz” olduğunu qeyd etmişdi. Hücuma gəldikdə, 1993-cü il 4 noyabr tarixində Minsk qrupunun doqquz ölkəsi eyni mövqedə dayanaraq “ərazinin zorla işğal edilməsinin qəbul edilməz olduğunu, ərazinin işğal edilməsinin beynəlxalq tanınma əldə etmək və ya hüququ statusu dəyişdirmək üçün istifadə edilməməli olduğunu” bildirərək bu qətnaməni qəbul etmişdir. Bununla yanaşı, üç gün sonra 9 noyabr tarixində Avropa Birliyi öz hesabatında “ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə əhəmiyyət verdiyini” təkrarən qeyd etmişdir.[7] Minsk qrupu “təxirəsalınmaz tədbirlər” üçün yeni bir cədvəl hazırlamışdı. Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Zəngilan üzərinə hücum pislənilir və münaqişə tərəflərini münaqişənin həlli üçün Minsk qrupu tərəfindən təqdim edilmiş “təxirəsalınmaz tədbirlər”i dərhal tətbiq etməyə çağırırdı.[8] Lakin qətnamənin erməni işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasında heç bir müsbət təsiri olmadı. Bu vaxt ərzində ermənilər artıq işğal ərazilərini maksimum genişləndirmiş və Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi ki, bu ərazilər 2020-ci il İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin nəzarəti altında qalmışdır.
[1] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, “884 saylı Qətnamə”, s/RES/884,12 noyabr 1993-cü il.
[2] a.k.ə. Human Rights Watch. – 1994. – s. 40.
[3] “16 years pass since occupation of Zengilan region of Azerbaijan by Armenians”, APA, 29 oktyabr 2009-cu il; (http://en.apa.az/news/110103). İstifadə tarixi: 18 noyabr 2013-cü il.
[4] a.k.ə. Human Rights Watch. – 1994. – s. 39.
[5] a.k.ə. Profile of International Displacement: Azerbaijan. – s. 29.
[6] a.k.ə.“16 years pass since occupation of Zengilan region of Azerbaijan by Armenians”.
[7] Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsinin Baş Katibə ünvanladığı 23 may 2013-cü il tarixli məktubuna əlavə. – s. 8
[8] a.k.ə. Human Rights Watch. – 1994. – s. 79–80.