Cənubi Osetiya, Abxaziya və keçmiş Dağlıq Qarabağ münaqişələri arasında oxşarlıqlar var idimi?

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqaza separatçılıq zəminində yaranmış üç silahlı münaqişə miras olaraq qalmışdı. Bunlar Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələri və İkinci Qarabağ Müharibəsindən əvvəl Ermənistan və Azərbaycan arasında baş vermiş Dağlıq Qarabağ münaqişəsidir. Əslində, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü təhlükə altına alan bu münaqişələr həm də regionun təhlükəsizliyini təhdid edən əsas amillər kimi qəbul edilirdi.[1]

Bu münaqişələrin üçü də Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycanda Dağlıq Qarabağ ermənilərinin, Gürcüstanda isə osetin və abxazların separatçı tələbləri nəticəsində yaranmışdı. Hər üç halda da münaqişələr silahlı mərhələyə keçərək münaqişə tərəfləri arasında müharibələrin başlanmasına və ardınca xarici amillərin cəlb olunmasına səbəb olmuşdu.[2]

Abxazlar və osetinlərlə müqayisədə ermənilər artıq suveren dövlət ilə – Ermənistan Respublikası ilə təmin olunmuşdular. Lakin onların tələbi qonşu dövlət olan Azərbaycan torpaqlarından ayrılmağa və həmin ərazilərdə məskunlaşmış kompakt etnik qrupdan istifadə edərək bu ərazilərin özlərinə birləşdirilməsinə yönəlmişdi. Ermənistanın münaqişədə birbaşa, xüsusilə silahlı və məsələnin sülh yaratma mərhələsində əsas tərəf kimi iştirakı münaqişənin ərazi və dövlətlərarası münaqişə kimi formalaşmasına səbəb olmuşdur. Lakin Abxaziya və Cənubi Osetiya münaqişələri etnik və dövlətdaxili münaqişə kimi müəyyən edilməlidir, çünki bu münaqişələr mərkəzi hökumətlə etnik muxtar vilayət arasında fikir ayrılığı nəticəsində meydana gəlmişdir.[3]

Hər üç halda da müharibə ilkin mərhələdə Rusiya və Ermənistan kimi xarici amillər tərəfindən dəstəklənən separatçıların şərti qələbəsi ilə, lakin sülh müqaviləsi ilə deyil, atəşkəs haqqında sazişin imzalanması ilə başa çatmışdır.[4] Atəşkəs müqavilələri imzalandıqdan sonra münaqişələrdə üçüncü tərəflərin vasitəçi kimi rolu artmışdır. Dağlıq Qarabağ və Cənubi Osetiya münaqişəsində ATƏT, Abxaziyada isə BMT sülh danışıqlarında əsas vasitəçilər olmuşdur.[5]

Abxaziya və Cənubi Osetiyada atəşkəs müqavilələrinin tələblərinə uyğun olaraq sülhməramlı qüvvələr tənzimlənmə prosesinə cəlb edilib. Lakin Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsində sülhməramlıların mənşəyi ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan bu istisna edilmişdi[6]. Yalnız İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı qüvvələri bölgəyə daxil olmuş və Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatından sonra 2024-cü ilin aprelində tədricən bölgədən çıxmağa başladılar.

Münaqişələr arasında daha bir mühüm oxşarlıq Rusiyanın hamısında rəsmi olaraq üçüncü tərəf kimi iştirak etməsi, qeyri-rəsmi olaraq isə münaqişələrin necə həll olunacağı ilə bağlı öz maraqlarını güdən xarici amil kimi çıxış etməsidir. Əslində, hər üç halda müharibələr zamanı Rusiya birbaşa və fəal şəkildə iştirak etmiş və separatçıların şərti qələbəsində həlledici rol oynamışdır.[7] Müharibələrdən sonra isə Rusiya münaqişə tərəfləri arasında sülh danışıqlarının təşəbbüskarlarından biri olmuşdur. Lakin Rusiyanın münaqişəni həll etməyə yönəlmiş bütün cəhdləri uğursuzluqla nəticələnmişdir.[8]

Güman etmək olar ki, Rusiya müharibələrdən sonra mövcud olan status-kvonu və mübahisəli bölgələrdə “nə sülh, nə müharibə” vəziyyətinin qorunub saxlanılmasında maraqlı olduğundan münaqişələrin həlli üçün kifayət qədər səy göstərməmişdir. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi bu qənaətin əslində doğru olduğunu sübut etmişdi. Gürcüstan ərazi bütövlüyünü bərpa etmək məqsədilə Cənubi Osetiyaya daxil olduqda, Rusiya buna dərhal reaksiya verərək, Gürcüstanın buna nail olmasının qarşısını almaq üçün hərbi qüvvələrini bölgəyə göndərdi. Bu addımı ilə Rusiya təkcə Gürcüstanın irəliləyişini dayandırmadı, eyni zamanda onun bəzi ərazilərini müvəqqəti olaraq işğal etdi. Müharibədən sonra Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.[9] Ardınca Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvalu kimi bir neçə ölkə də oxşar şəkildə bu “dövlətlərin” müstəqilliyini tanıdı.[10] Bu isə Dağlıq Qarabağla Abxaziya və Osetiyadakı münaqişələri fərqləndirən daha bir mühüm amildir. Belə ki, Gürcüstandan ayrılmış separatçı qurumlar bir neçə dövlət tərəfindən tanındığı halda, qondarma “Dağlıq Qarabağ Respublikası” hətta Ermənistanın özü tərəfindən belə rəsmən tanınmamışdır.


[1] Boonstra, Jos & Melvin, Neil, “Challenging the South Caucasus Security Deficit”, Working Paper, No. 108. – s. 3–4.

[2] Matveeva, Anna, “The South Caucasus: Nationalism, Con ict and Minorities,” Report of Minority Rights Group International, aprel 2002-ci il. – s. 11–14.

[3] Crocker, Hampson, and Aall, “Introduction: Mapping the Nettle Field,” s. 13.

[4] Bartuzi, Wojciech et al. “Abkhazia, South Ossetia, Nagorno-Karabakh: unfrozen conflicts between Russia and the West”, Special Report, Center for Estern Studies, 9 iyul 2008-ci il. – s. 5–7.

[5] Fuller, Elizabeth, “Mediators for Transcaucasia’s Conflicts”, The World Today, Vol. 49, No. 5, May 1993-cü il. – s. 89–92.

[6] Nikoghosyan, Hovhannes, “Some Thoughts on Peacekeepers in Nagorno-Karabakh”, Caucasus Edition: Journal of Conflict Transformation, 1 iyul 2010-cu il.

[7] a.k.ə. Bartuzi, Wojciech et al. – 2008. – s. 7.

[8] Künzl, Jan, “There Has Never Been an Unbiased Russian Mediation in South Caucasian Conflicts”, Interview with Dr. Martin Malek, Caucasian Review of International Affairs, Vol. 3 (1), Winter 2009. – s. 117–119.

[9] a.k.ə. Ceyhun Mahmudlu, və Əhmədov, Aqil. – s. 46–47.

[10] “Russia recognizes South Ossetia and Abkhazia to save people’s lives”, Pravda, 26 avqust 2008-ci il; (http://english.pravda.ru/russia/kremlin/26-08–2008/106214-russia_ossetia_abkhazia-0/). İstifadə tarixi: 5 dekabr 2024-cü il.