1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələri 32 nəfərin – 26 erməni, və 6 azərbaycanlının ölümü ilə nəticələndi.[1] Erməni tərəfi Sumqayıt hadisələrini ermənilərə qarşı azərbaycanlılar tərəfindən törədilmiş qırğın kimi təqdim edərək onu ovaxtkı Azərbaycan hökumətinin təşkilatçılığı ilə ölkədə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində baş verdiyini iddia edirdi. Digər tərəfdən, Azərbaycan Sumqayıt hadisələrinin DQMV-nin Ermənistana birləşməsinə haqq qazandırmaq məqsədilə Moskva və Ermənistanın xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı ilə təşkil olunduğuna əmin idi.[2]
İlk növbədə qeyd etmək vacibdir ki, Sumqayıt hadisələri Dağlıq Qarabağ münaqişəsi kontekstində təhlil edilməlidir. Ona görə ki, Sumqayıtda baş verənlər Qarabağ münaqişəsinin kəskinləşməsi fonunda baş vermişdi və azərbaycanlılarla ermənilər arasında icmalararası gərginliyin yeganə səbəbi idi. Həqiqətən, sözügedən hadisələrə qədər ermənilər Dağlıq Qarabağla bağlı artıq öz tələblərini irəli sürmüşdülər. Xankəndidə (Stepanakertdə) və İrəvanda erməni əhalinin böyük əksəriyyətinin iştirakı ilə siyasi nümayişlər davam etməkdə idi. İcmalararası toqquşmalar nəticəsində azərbaycanlı qaçqınların ilk dalğası 1987-ci ilin sonu və 1988-ci ilin əvvəlində Ermənistanı tərk etmək məcburiyyətində qalmışdırlar. 1988-ci il fevralın 22-də baş verən qarşıdurma zamanı iki azərbaycanlı öldürülməsi bu gərginliyi daha da artırmışdı. Əlbəttə, hökumətin ört-basdır etmə siyasətinə baxmayaraq, Azərbaycan cəmiyyəti, eləcə də Ermənistandan deportasiya zamanı zorakılığa məruz qalan və Sumqayıtda məskunlaşan qaçqınların ilk dalğası Dağlıq Qarabağdakı vəziyyətdən xəbərdar idi. Aydındır ki, bu faktlar Azərbaycan cəmiyyətində regionda baş verən proseslərə qarşı mənfi münasibətin formalaşmasına səbəb oldu.
Həqiqətən, Ermənistandan gələn həmin qaçqınların əksəriyyəti 1950-ci ildə salınmış, Sovet İttifaqının kimya sənaye mərkəzlərindən biri olan, xeyli erməni əhalinin yaşadığı Sumqayıt şəhərində yerləşdirilmişdi. Bundan başqa, şəhərin digər xarakterik xüsusiyyəti o idi ki, o zamana kimi şəhər “sovet cəmiyyətinin ən aşağı təbəqəsi” – cinayətkarlar və keçmiş məhbuslarla doldurulmuşdu.[3] Nəticədə bu demoqrafik və sosial-siyasi dinamika şəhərdə zorakılığın başlanmasına səbəb olan qeyri-sabit mühitin yaradılmasında mühüm rol oynadı.
Hadisə 1988-ci il fevralın 26-da Ermənistanda azərbaycanlılara qarşı zorakılığa və ermənilərin Dağlıq Qarabağ iddialarına etiraz əlaməti olaraq şəhərin mərkəzi meydanında nümayiş ilə başlamışdı. Fevralın 28-də provokasiya nəticəsində bu proses yalnız ermənilərin deyil, həm də azərbaycanlıların ölümünə səbəb olan zorakılıqla davam etmişdi. Olduqca maraqlı faktdır ki, hadisələr zamanı polis və digər təhlükəsizlik qüvvələri zorakılığı dayandırmaq üçün nəinki heç bir səy göstərmir, əksinə, onun daha da artmasına imkan verirdilər. Bu hadisələr millətlərarası münasibətlərdə dönüş nöqtəsi oldu və bundan sonra icmalar arasında normallaşma mümkün olmadı.[4]
Sumqayıt hadisələrinə görə məsuliyyət daşıdığı iddia edilən şəxslərin həbsindən sonra aparılan sonrakı araşdırmalar üzə çıxardı ki, bu işə cəlb olunan şəxslərin çoxu keçmiş məhbuslardır. Qruplaşmanın lideri, etnik erməni olan Eduard Qriqoryanın isə zorakılıqlar zamanı beş ermənini öldürdüyü bildirilir.[5] Sumqayıt hadisələri ilə bağlı Azərbaycan tərəfi isə belə bir versiya üzərində israrlı idi ki, bu hadisələri Ermənistan təşkil edib və Eduard Qriqoryan bu sui-qəsdin əyani sübutudur.[6] Azərbaycan mənbələrinin vurğuladığı digər mübahisəli məqam hadisələrlə bağlı məlumatların, xüsusən də xarici KİV-lərə qeyri-adi sürətlə yayılması idi. Şübhə doğuran əsas məqam ondan ibarət idi ki, bütün xəbər agentlikləri, xüsusilə xarici agentliklər SSRİ-dən, “aşkarlıq” siyasəti yeritməsinə baxmayaraq hələ də KİV-ə nəzarət edən bir ölkədən belə çevik məlumat əldə edə bilmişdilər.
Qeyd etmək lazımdır ki, hadisələrdən sonra bu iş üçün məsuliyyət daşıyan şəxslər həbs olunaraq sovet məhkəməsi tərəfindən mühakimə edilmişlər. Məhkəmə prosesi 80 adamın cinayətə cəlb olunması və bir nəfərin – Əhməd Əhmədovun edam edilməsi ilə bitdi. Sumqayıt hadisələrinə hüquqi qiymət verilməsinə baxmayaraq, Ermənistan bu hadisələri hələ də azərbaycanlılar tərəfindən ermənilərə qarşı etnik təmizləmə kimi təqdim etməyə davam edir və bu yolla Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə bəraət qazandırmağa çalışır.
[1] “The start of Garabagh war”, ARRA; (http://www.arra.az/index.php?type=content&cid=24&subid=53). İstifadə tarixi: 30 noyabr 2013-cü il.
[2] “The Beginning of the Conflict”, Ministry of Foreign Affairs of Azerbaijan; (http://www.mfa.gov.az/?la nguage=en&options=content&id=813). İstifadə tarixi: 30 noyabr 2013-cü il.
[3] a.k.ə. De Waal, T. Black Garden. – p. 31.
[4] Abilov, Shamkhal, Abdullayev, Natig, and Hamzali, Eldar, “Sumgait vs. Khojaly: Unraveling the Nexus of Moscow’s Interests, Denialism, and Hidden Agendas,” Insight Turkey, Vol. 26, No. 4, 2024, s. 280.
[5] a.k.ə. De Waal, T. Black Garden. – p. 42.
[6] Tuncerli, Ö. Dağlık Karabağ Sorunu Kapsamında 1988 Sumgayıt Olayları // Ulisa: Uluslararası Çalışmalar Dergisi. – c. 3, № 2. – s. 139.