Ədirnə (Adrianopol) müqaviləsi nə vaxt imzalanıb və Qarabağın demoqrafik mənzərəsinə necə təsir edib?

1826–1828-ci illər müharibəsi nəticəsində Rusiya və Qacar ​​imperiyaları arasında Türkmənçay müqaviləsi imzalandıqdan sonra Rusiya Osmanlı imperiyası ilə bəzi ziddiyyətli məqamları aydınlaşdırmağa başladı. Rusiya, təqribən 350 ilə yaxın Osmanlı haki­miyyətində qalan Şərqi Avropadakı slavyan xalqlarını və bu ərəfədə baş verən “yunan üsyanını” açıq şəkildə dəstəklədiyi üçün Osmanlı dövləti ilə münasibətləri kəskinləş­mişdi. Belə ki, diplomatik nümayəndəliklərin və qarşılıqlı yazışmaların uğursuzluğundan sonra 1828-ci il aprelin 26-da rus çarı I Nikolay Osmanlı imperiyasına rəsmən müharibə elan etdi. 1828–1829-cu illərdə iki il davam edən müharibə nəticəsində 1829-cu il sentyabrın 14-də Ədirnədə (Adrianopol) Osmanlı imperiyasının məğlubiyyəti ilə Rusiya və Osmanlı imperiyaları arasında sülh müqaviləsi imzalandı. [1]

Türkmənçay müqaviləsini xatırladan Ədirnə müqaviləsi də 16 maddədən ibarət idi. Müqavilənin I maddəsi iki tərəf arasında müharibəyə son qoymağı, II, III və IV maddələr Rumeli bölgəsində və Anadoludakı Osmanlı-Rusiya yeni sərhədlərini müəy­yən edirdi. IV maddəyə əsasən Osmanlı dövləti Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsini tanıyır, Axalsıq paşalığının bir hissəsinin Rusiya ərazisinə qatılmasını qəbul edirdi. V və VI maddələrə əsasən Rumuniya və Serbiyaya müəyyən şərtlərlə muxtariyyat verilirdi. Rus tacirlərinin Qara dəniz və Aralıq dənizində və eləcə də Osmanlı ərazisində güzəştli ticarətlə məşğul olmaq icazəsi verilirdi. VIII, IX, X və XI maddələr isə, ardıcıl olaraq, veriləcək təzminatın ödəniş qaydalarını, diplomatik əlaqələr və bağlanılan müqavilənin şərtlərinə riayət etməklə bağlı idi. Bu müqavilənin Azərbaycan, xüsusən də Qarabağ tarixi üçün mühüm əhəmiyyət kəsb edən hissəsi Türkmənçay müqaviləsinin XV maddəsinə oxşar olan XIII maddə idi. XIII maddəyə əsasən tərəflər, yəni Osmanlı və Rusiya dövlətləri müharibənin gedişində hər iki ölkənin ərazisində rəqibinin tərəfini tutan xalqların bağış­lanmasına və 18 ay müddətində qarşılıqlı olaraq onların köçürülməsinə təminat verir­dilər.[2]

Beləliklə, Türkmənçay müqaviləsində olduğu kimi, Ədirnə müqaviləsi də Os­manlı dövlətindən ermənilərin Azərbaycana köçürülməsinə icazə verirdi. Rus tarixçisi N.Şavrov yazırdı ki, İrandan sonra 1829–1830-cu illərdə Azərbaycana Osmanlı dövlə­tindən təqribən 85 minədək erməni köçürüldü. Artıq qeyd etdiyimiz kimi, bu dövrdə köçürülən ermənilər üçün 200 min desyatin xəzinə torpağı ayrıldı və yerli müsəlman mülkədarlardan o dövrkü pulla 2 milyon manatlıq yerlər satın alındı.[3]

Beləliklə, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra əsasən qonşu İran və Osmanlı dövlətlərindən köçürülən ermənilərin hesabına Azərbaycanda ictimai-siyasi-demoqrafik dəyişikliklər ortaya çıxdı. Köçürmələr daha çox Qarabağ və ətraf regionlarda aparıldı. Bunun üçün də ən ciddi demoqrafik problemlər buralarda yaşandı. 1823-cü ildə rusların apardıqları siyahıyaalmada Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdi. 1832-ci ildə aparılan siyahıyaalmaya görə isə, Qarabağ əyalətində əhalinin 64,8% azərbaycanlı, 34,8% erməni təşkil etmişdir.[4]

Yuxarıda qeyd edilən statistikadan da göründüyü kimi, Qarabağdakı azərbaycanlıların sayında azalma olsa da, ermənilərin sayı 4 dəfə artmışdır. Rusiyanın bu köçürmə siyasəti Cənubi Qafqazda Rusiyanın mövqeyinin möhkəmləndirilməsi üçün dayaq yaratmaq, xristian əhalinin (əsasən ermənilərin) sayını artırmaq və yerli müsəlmanların asanlıqla idarə edilməsini təmin etmək məqsədi daşıyırdı.


[1] Turan, Ş. 1829 Edirne Andlaşması // Ankara Dil-Tarih-Coğrafya Fakültesi Dergisi. – c. 9, № 1–2. – 1951. – s. 114–116–135.

[2] Rusiya-Osmanlı Ədirnə müqaviləsi. 2 sentyabr 1829-cu il // a.k.ə. Qafqazda “erməni məsələsi” / tərtibçi müəlliflər: T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov. – s. 177–186. Həmçinin bax: a.k.ə. Turan, Ş. 1829 Edirne Andlaşması. – s. 136–142.

[3] a.k.ə. Шавров, Н.Н. Новая угроза Русскому делу Закавказе. – c. 59–64

[4] a.k.ə. Кавказский календарь Российской империи 1897. – с. 3. Həmçinin bax: a.k.ə. Azərbaycan tarixi. – c. 4. – 2007. – s. 52. Həmçinin bax: Seyidova, S. Ermənilərin Qafqaza köçürülməsi siyasəti “erməni məsələsi”nin tərkib hissəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən biri kimi // – Bakı: Pedaqoji Universitet Xəbərləri-humanitar elmlər bölməsi. – 2013. № 1. – s. 79.