Dağlıq Qarabağ münaqişəsi ilə 1990-cı ilin “Qanlı Yanvar” qətliamı arasında nə kimi əlaqə var idi?

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən və “Qara Yanvar” qətliamı olaraq tarixə keçən bu qırğın Sovet İttifaqının Azərbaycana qarşı 70 il ərzində yeritdiyi təcavüzkar və ikili siyasətin son nöqtəsi oldu. Həmin gecə 26.000 nəfərlik “Alfa” qrupu adlanan xüsusi təyinatlı dəstə fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq günahsız Azərbaycan xalqına qarşı qəddarlıq törətmişdi. Qətliam gecə yarısı başlamış və vəhşicəsinə həyata keçirilmişdi, uşaqlara, qadınlara və qocalara heç bir mərhəmət göstərilməmişdi. Qətliamdan sonra Helsinkidə yerləşən “Human Rights Watch” Sovet Ordusunun silahsız dinc əhalini qəsdən tankların altında necə əzdiyi barədə müraciət qəbul etdi. Təşkilatın verdiyi məlumatlara görə “Bakı qırğını zamanı insan hüquqları ən dəhşətli şəkildə pozulmuş – tibbi personala, təcili yardım və hətta xəstə­xanalara çoxsaylı hücumlar olunmuşdu”.[1]

Sovet qoşunlarının Bakıda və ölkənin digər bölgələrində həyata keçirdikləri qanunsuz hərəkətlərin nəticəsində 133 nəfər öldürülmüş, 611 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, 5 nəfər isə itkin düşmüşdü. Qeyri-qanuni aktın qurbanları arasında yeddiyaşlı oğlan, onaltıyaşlı qız, səksənyaşlı kişi, başqa bir qurbana yardım etməyə tələsən təcili yardım maşınının vurulması nəticəsində öldürülən gənc həkim və bir çox günahsız Azərbaycan vətəndaşları var idi. O gecə görülməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində ümumi dəyəri təxminən 5.637.286 rubl olan 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak sovet əsgərləri tərəfindən talan edilmiş və yandırımışldı. Sovet İttifaqı 1990-cı il yanvarın 20-də günahsız Azərbaycan xalqına qarşı dövlət tərəfindən dəstəklənən qanlı terror və cinayət aktlarını həyata keçirilmişdi. O zamandan bəri bu qırğın Azərbaycan xalqı tərəfindən “Qara Yanvar” kimi qeyd edilir.[2]

“Qara Yanvar” Azərbaycan xalqına qarşı aparılan qəsdən və mərhələli hərbi əməliyyatların nəticəsi idi. Qətliam baş verməzdən əvvəl Azərbaycan SSR Ali Soveti və digər siyasi təşkilatlar sovet rəhbərliyi tərəfindən iflic edilmiş, əhalinin tərk-silah edilməsi bəhanəsi ilə bütün milis əməkdaşlarının silahları əlindən alınmışdı. Yanvarın 19-da əhalini informa­siyadan məhrum etmək məqsədilə Bakıda televiziya qülləsinin enerji bloku partladılaraq yayımı dayandırılmışdı. Əcnəbilərin şəhərə girməsinə qadağa qoyulmuşdu. Sovet hökuməti rəsmiləri öz qanlı cinayətlərini gizlətmək üçün Qərb jurnalistlərinin Bakıya gəlməsini qadağan etmişdilər. Lakin həmin gecə Bakıda olan iki rus fotoqrafına istinad edən “Washington Post” 1990-cı il 22 yanvar tarixində yazırdı: “İşğalın ilk saatlarında sovet əsgərləri, demək olar ki, tərpənən hər bir şeyə atəş açırdılar”.[3] Düşünülmüş bu terror aktının həyata keçirilməsi məqsədilə SSRİ-nin yüksəkrütbəli hərbçiləri, habelə müdafiə və daxili işlər nazirləri bir neçə gün əvvəldən Bakıya gəlmişdi. Xüsusi missiya üçün hazırlanmış sovet ehtiyat qoşunları döyüşmək üçün səfərbər olunaraq bölgəyə göndərilmişdi. Qətliamda iştirak edən sovet əsgərlərinin əksəriyyəti valideynləri olmayan və xüsusi tapşırıqlar üçün hazırlanmış şəxslərdən ibarət idi. [4]

Ermənistan tərəfi “Qanlı Yanvar” faciəsindən öz xeyrinə istifadə etməyə çalışaraq Sovet Ordusunun Azərbaycana müdaxilə etməkdə əsas məqsədinin Bakıda azərbaycanlılar tərəfindən erməni əhaliyə qarşı aparılan uydurma “poqrom”u (qırğın) dayandırmaq olduğunu iddia edirdilər.[5]

Lakin həmin gecə sovet hərbi qüvvələrinin Bakıya müdaxiləsinin əsas səbəbi tamamilə başqa idi. Həmin vaxt Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz həyata keçirilirdi. Ermənistan Dağlıq Qarabağı öz ərazisinə qatmaqla Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd edirdi. Lakin Moskvadakı mərkəzi hökumət Azərbaycanın ərazi bütövlüyünü və müttəfiq respublikaların muxtar vilayətlərinin respublika və Sovet İttifaqının mərkəzi hökumətinin razılığı olmadan ayrılmaq hüququna malik olmadığı ifadə olunmuş Sovet Konstitusiyasını pozan ermənilərə qarşı heç bir tədbir görmürdü.[6] Bundan əlavə, 1988-ci ildən başlayaraq, erməni hərbi birləşmələri Ermənistanda və Azərbaycanın qərb bölgələrində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirirdilər. Ermənistanda yaşayan azərbaycanlılar görünməmiş qəddarlıqla öz evlərindən, doğma yurd-yuvalarından didərgin salınır, onların bir çoxu – qoca, qadın və uşaqlar da daxil olmaqla öldürülürdü.

1989-cu ilin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasından çıxarılaraq birbaşa Sovet İttifaqının sərəncamına verildi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin nizamnaməsinə əsasən, Dağlıq Qarabağ üçün xüsusi idarəetmə forması tətbiq edildi. Bu, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin nəzarətindən çıxarılmasında mühüm bir addım idi. Noyabrın 27-də mərkəzi hökumətin qərarı ilə Moskvanın birbaşa hakimiyyəti sona çatdı. Nəticədə Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasına qaytarıldı. Buna baxmayaraq Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında” qərar qəbul etdi.[7]

Baş verən bütün bu hadisələrdən sonra sovet hökumətinin ikili siyasəti və azərbaycanlı əhalinin öz tarixi ərazilərindən çıxarılması fonunda Azərbaycanda milli azadlıq hərəkatı başladı. 1989-cu ilin sonunda Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik etdiyi milli azadlıq hərəkatı Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi qərara cavab olaraq müstəqillik və ərazi bütövlüyü idealları uğrunda nümayiş edən yüz minlərlə adamı ətrafında birləşdirərək inanılmaz dərəcədə genişlənmişdi. Belə ki, 1989-cu ilin sonunda Azərbaycanda hadisələrin gedişi ölkədə kommunist hökumətinə deyil, Azərbaycan Xalq Cəbhəsinə sədaqəti, inamı artırmışdı.[8]

Lakin Sovet İttifaqı strateji əhəmiyyətli və zəngin enerji ehtiyatlarına malik Azərbaycanı itirə bilməzdi. Sovet hökuməti bu illərdə dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycanın təbii sərvətlərinin parçalanmanı yavaşladacağını və ittifaqın iqtisadi süqutunun qarşısını almağa kömək edəcəyini düşünürdü. Digər tərəfdən onlar Sovet İttifaqının müstəqillik iddiasında olan digər üzvlərinə, xüsusilə Baltikyanı ölkələr və Gürcüstana dərs vermək niyyətində idilər. Bu baxımdan Moskva Azərbaycan Xalq Cəbhəsinə qarşı qəti tədbirlər görməli idi.

Buna görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Vladimir Kryuçkova qarşıdan gələn seçkilərdə Xalq Cəbhəsinin qələbə qazanmasının qarşısını almaq üçün plan hazırlamaq tapşırıldı. Bu səbəbdən Bakıya sovet hərbi qüvvələrinin müdaxiləsinə haqq qazandırmaq üçün sovet hökumətinə bəhanə lazım idi. Buna görə də DTK tərəfindən Bakının erməni əhalisinə qarşı təşkil edilən talanlar Sovet İttifaqının mənafeyinə xidmət edirdi. Nəticədə, 1990-cı il yanvarın 13-dən 15-ə kimi zorakılıq davam etdi. Yanvarın 16-da zorakılıq dayandırıldı və Bakının erməni əhalisi, əsasən, Xalq Cəbhəsinin səyləri ilə xilas edildi.[9]

Lakin sovet rəhbərliyi Azərbaycana müdaxiləsinə haqq qazandırmaq üçün bu zorakılıqdan arqument kimi istifadə etdi. “Qara Yanvar” qətliamı zamanı Bakıya daxil olan hərbi kontingentə məlumat verilmişdi ki, guya onlar rus və ermənilərin yerli əhali tərəfindən pozulmuş hüquqlarını qorumaq üçün gedirlər. Lakin bu açıq-aşkar dezinformasiya idi. Sovet hücumunun real üzü tamamilə başqa idi. Aydın idi ki, Bakının Sovet Ordusu tərəfindən işğalı Azərbaycanda kommunist rejimin dağılmasını dayandırmaq, Azərbay­canın müstəqillik cəhdi uğrunda istənilən müxalifəti əzmək və status-kvonun qorunub saxlanmasına xidmət etmək idi. Müsahibələrinin birində Dmitri Yazov o vaxt Bakıda olan bir qrup sovet jurnalistinə bildirmişdi ki, Bakı hadisələri zamanı Kremlin əsas məqsədi bu cənub respublikasında Azərbaycan Xalq Cəbhəsi tərəfindən “bütün idarə və müəssisələr”də yaradılmış “güc strukturu”nu dağıtmaq idi. Onun sözlərinə görə “ekstremistlər” “giz­ləniblər”, bu da “Azərbaycanda asayişin bərpa edilməsi üçün silahlı qüvvələrin öz vəzifəsini yerinə yetirməsini çox çətinləşdirmişdir”.[10] Bu barədə “Human Rights Watch”un hesabatında açıq-aydın deyilir:

Həqiqətdə 19–20 yanvar gecəsi Sovet Ordusu tərəfindən törədilən zorakılıq həddini o qədər aşmışdı ki, bu, azərbaycanlıların müqavimətinə qarşı həyata keçirilən kollektiv cəzalandırma idi. Sovet rəsmiləri sovet qoşunlarının müdaxilə etməsində məqsədin milliyyətçi, antikommunist müxalifətin Azərbaycan Respublikasının kommunist hökumətini devirməsinə maneçilik törətmək olduğunu açıq-aşkar bəyan etdiyi üçün sovet əsgərləri tərəfindən Bakıda tətbiq olunan cəza təkcə Azərbaycanda deyil, həm Sovet İttifaqının digər respublikalarında millətçilərə xəbərdarlıq kimi nəzərdə tutulmuşdu.[11]

Əgər doğrudan da müdaxilənin məqsədi zorakılığın qarşısını almaq idisə, sual yaranır: nə üçün zorakılıq davam etdiyi vaxt Bakıda yerləşən 13 minlik sovet hərbi qüvvəsi hadisələri səssizcə müşahidə edir və heç bir tədbir görmürdü, halbuki Xalq Cəbhəsinin rəhbərliyi sabitliyi və asayişi bərpa etmək üçün həmin qüvvələrin müdaxiləsi ilə bağlı daxili işlər nazirinə müraciət etmişdi. Lakin buna baxmayaraq, cavab olaraq müdaxilə etməmək barədə birbaşa göstərişin olduğu bildirilmişdi.[12]

Bundan başqa, “Qara Yanvar” qətliamının günahsız qurbanlarının siyahısında Azərbaycanın müxtəlif icmalarından insanların, məsələn, ruslar, yəhudilər, eləcə də digərlər millətlərdən də şəxslərin olması barədə məlumat verilmişdi. Belə ki, sovetlərin sözdə rus qoşunlarını Azərbaycana sovet vətəndaşlarına qarşı zorakılığı dayandırmaq məqsədilə yeridilməsi arqumenti onlara bəraət qazandırmır, çünki erməni qətliamı nəticəsində həlak olan azərbaycanlılar da sovet vətəndaşı idilər. Lakin Sovet Ordusu azərbaycanlılara qarşı qırğının dayandırılması üçün Ermənistana müdaxilə etməmişdi. Sovet kütləvi informasiya vasitələri həmin faciə haqqında heç nə yazmamış və cinayətin üstündən sükutla keçilmişdi. Həmçinin sözügedən hadisə Azərbaycanda baş verməmişdən əvvəl, sovet qoşunlarının 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə və bir qədər sonra, 1991-ci ildə Litvanın paytaxtı Vilnüsə qəddarcasına hərbi hücumu Bakıdakı 20 yanvar hadisələrinin məhz siyasi səbəbdən baş verdiyini sübut edirdi.


[1] Human Rights Watch/Helsinki. Conflict in the Soviet Union: Black January in Azerbaidzhan. – Human Rights Watch. – 1991. – p. 23.

[2] Abilov, S., Isayev, I. The National Revival in Azerbaijan Prior to the Fall of the Soviet Union and “Black January” / A.Mammadli, A.Braux, C.Mahmudlu (red.). Azerbaıjani and Beyond: Perspectives on the Construction of National Identity. – Berlin: Verlag Dr. Köster. – 2017. – p. 112.

[3] Oberdorfer, D. Azerbaijani Capital Demands Withdrawal of Soviet Troops // The Washington Post. – January 22, 1990. URL: https://www.washingtonpost.com/archive/politics/1990/01/22/azerbaijani-capital-demands-withdrawal-of-soviet-troops/dd8378e3-f8dd-404d-be39-1ec7837bb469/ (İstifadə tarixi: 2 dekabr 2024)

[4] Abilov, S., Isayev, I. The National Revival in Azerbaijan Prior to the Fall of the Soviet Union and “Black January”. – p. 113.

[5] Miller, D.E. The Role of Historical Memory in Interpreting Events in the Republic of Armenia // Hovannisian, R.G. (red.). Remembrance and Denial: The Case of the Armenian Genocide. – Wayne State University Press. – 1994. – p. 194.

[6] Mammadov, M. Legal Aspects of the Nagorno-Garabagh Conflict // Caucasian Review of International Affairs. – vol. 1, № 1. – 2006. – p. 16.

[7] a.k.ə. Avakian, S. Nagorno-Karabagh: Legal Aspects. – p. 16

[8] a.k.ə. Cornell, S.E. Azerbaijan Since Independence. – p. 53.

[9] Seyidov, V. Soviet Army in “Black January”: To Save or Kill? / AzerTac. – January 22, 2010. URL: https://azertag.az/en/xeber/soviet_army_in_black_january_to_save_or_kill-588101 (İstifadə tarixi: 2 dekabr 2022)

[10] Dobbs, M. Soviets Say Troops Used To Avert Coup in Baku; Nationalists Said to Plan Seizure of Power // The Washington Post. – January 27, 1990. – p. 13.

[11] Human Rights Watch/Helsinki. Conflict in the Soviet Union: Black January in Azerbaidzhan. – p. 4.

[12] a.k.ə. Seyidov, V. Soviet Army in “Black January”: To Save or Kill?. Həmçinin bax: a.k.ə. Altstadt, A. The Azerbaijani Turks: Power and Identity under the Russian Rule. – s. 213.