XVIII əsrin sonunda Qacarlar səltənətində taxt-tac uğrunda mübarizə gedərkən, Rusiya Qafqazda özünün işğal siyasətini daha da gücləndirdi. Beləliklə, Kovalenski inzibati məsələlərlə bağlı məlumat almaq üçün 1799-cu ildə bölgəyə göndərildi. Daha sonra erməni əsilli rus hərbi generalı general Lazarev rus ordusu ilə birlikdə Gürcüstana hərəkət etdi və nəticədə Çar I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli fərmanına əsasən Şərqi Gürcüstan Rusiya imperiyasına birləşdirildi. Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmsəddil və Pəmbək əraziləri də Rusiyaya birləşdirildi. Bu fərman Rusiya imperiyasının Azərbaycana qarşı ekspansionist siyasətinin başlanğıcı oldu.[1]
1803-cü ilin fevralında gürcü əsilli rus hərbi generalı Sisianov Rusiya İmperiyasının Qafqazdakı hərbi qüvvələrinin baş komandanı olaraq 50 min əsgər ilə Tiflisə gəldi. Sisianovun köməkçilərindən biri də katalikos Ovannes idi. Sisianov digər rus komandanlarından aqressiv xarakteri ilə fərqlənirdi. O, Rusiyanın Qafqazda möhkəmlənməsini təmin etmək üçün xüsusi təlimatlarla göndərilmişdi. Bu təlimatlardan biri də işğal zamanı ermənilərin gücündən maksimum səviyyədə istifadə edilməsi idi.[2]
Şərqi Gürcüstan tutulduqdan sonra ilk hədəf strateji cəhətdən mühüm mövqeyə malik Car-Balakən oldu. Rus ordusunun buradan Azərbaycanın içərilərinə daxil olması və Dağıstanı işğal etməsi üçün mühüm bəhanəsi də var idi. Gürcü çarının oğlu şahzadə Aleksandr Çar Rusiyasının Qafqazdakı ekspansionist siyasətinə qarşı mübarizəyə başlayaraq məhz yardım almaq üçün Car-Balakənə sığınmışdı. 1803-cü ilin yazında general Qulyakovun ordusu bu səbəbdən Car-Balakənə yürüş etdi. Qanıx çayı üzərindəkə döyüşdə general Qulyakov qələbə qazanaraq Car-Balakən Rusiya İmperiyası tərəfindən işğal olundu. 1803-cü il aprelin 12-də Tiflisdə imzalanmış “Andlı öhdəliyə” görə Car-Balakən camaatlığı Rusiyanın tərkibinə qatıldı və sədaqət rəmzi kimi Tiflisə əmanət (girov) göndərdi. Bölgədə Çar Rusiyasının hərbi hissələri yerləşdirildi. Rusiya xəzinəsinə ipəklə xərac ödəyərək Car-Balakənin daxili idarəsi camaatda qaldı.
General Sisianovun növbəti işğal hədəfi Azərbaycanın açarı hesab edilən Gəncə xanlığı idi. General Sisianovun şəhərin müqavimət göstərmədən təslim olmasını tələb edən hədələyici məktublarına Gəncə xanlığının xanı Cavad xan tərəfindən sərt cavab verilməsi 1804-cü ilin əvvəllərində Rusiya imperiyasının hərbi qüvvələri ilə Gəncə xanlığı arasında Gəncə döyüşünə səbəb oldu. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə uğrunda rus ordusu ilə qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu öldürüldü və Gəncə xanlığı Çar Rusiyasına birləşdirildi. Gəncənin adı dəyişdirilərək Yelizavetpol qoyuldu və “Gəncə” sözünü işlədənlər bir gümüş manat cərimə verməli oldu.
Azərbaycan torpaqlarınının Çar Rusiyası tərəfindən işğalı Rusiyanın Osmanlı və İran ilə münasibətlərə ciddi təsir etdi. Bütün Avropa ölkələri, xüsusən də İngiltərə Rusiya İmperiyasının cənuba doğru genişlənməsini Yaxın Şərqdəki maraqlarına birbaşa təhdid olaraq gördüyü üçün bunun qarşısını almaq üçün müdaxilə etmək üçün fürsət güdürdülər. Beləliklə, Rusiyanın Qafqaza doğru genişlənməsinin qarşısını almaq üçün İngiltərə Qacar İmperiyasını 1804-cü ilin iyununda Rusiyaya müharibə elan etməyə çağırdı. Eyni zamanda Rusiya İmperiyasının hərbi qüvvələri general Sisianovun komandanlığı ilə Azərbaycana doğru yürüşə başladı. Rus ordusu Azərbaycanı işğal etmək üçün üç cəbhədən: Tiflis, Şimalı Qafqaz və Xəzər dənizi tərəfdən hücuma keçdi. Gəncənin Rusiya tərəfindən işğalı və Cavad xanın faciəli ölümü digər Azərbaycan xanlıqlarına mənəvi zərbə vurdu və onlara Çar Rusiyasından asılılığı qəbul etməkdən başqa seçim buraxmadı. Ardıcıl olaraq Qarabağ (14 may 1805), Şəki (21 may 1805) və Şamaxı (27 dekabr 1805) xanlıqları Rusiya hakimiyyətini qəbul etdilər.[3]
1806-cı ilin əvvəllərində general Sisianovun komandanlığı altında Rusiya imperiyasının hərbi qüvvələri Bakı qalasını mühasirəyə aldı. Sisianov fevral ayında Bakı xanı Hüseynqulu xan ilə görüşdüyü zaman xanın qardaşı oğlu tərəfindən öldürüldü. Sisiyanovun ölümündən sonra Azərbaycanın bütün xanlıqlarında ruslara qarşı üsyanlar başladı.[4] Bu əsnada Osmanlı dövləti Rusiyanın həm Qafqazda, həm də Balkanlarda törətdikləri dağıdıcı fəaliyyətinə görə boğazları döyüş gəmiləri ilə bağladı. Hər şey 1798-ci ildəki Osmanlı-Rusiya arasında imzalanmış saziş əsasında baş versə də, İngiltərə və Fransa dövlətlərinin müdaxiləsi nəticəsində 1806-cı ilin otktyabrında Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı.[5]
Rusiya İmperiyası Osmanlı və İrana qarşı iki fərqli cəbhədə vuruşmağına baxmayaraq, Azərbaycanı işğal etmək niyyətindən əl çəkməmişdi. Eyni zamanda Azərbaycandakı xanlıqlar tərəfindən Rusiya imperiyasına qarşı yerli üsyanlar baş vermişdi ki, onlar da amansızlıqla yatırıldı. 1806-cı ilin 12 iyununda Qarabağ xanı İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə Xankəndidə öldürüldü. Bu Şəki xanı Səlim xanın üsyan qaldırmasına və Şəki xanlığı yaxınlığındalı rus qarnizonunu məhv etməsinə səbəb oldu. Lakin Şəki xanlığının üsyanı da Rusiya imperiyasının hərbi qüvvələri tərəfindən yatırıldı və Səlim xan Qacar imperiyasına qaçdı. Rus ordusu əsaslı döyüşlərdə üstünlük qazanaraq 1811-ci ilə kimi Gəncə, Şuşa, Şamaxı, İrəvan, Naxçıvan, Quba, Dərbənd, Bakı, Rəşt və Ənzəli şəhərlərini işğal edə bildi.[6]
1812-ci ilin dekabrında Lənkəran xanlığının ruslar tərəfindən işğalından sonra İran məğlubiyyəti qəbul etdi. Beləliklə, 1813-cü il oktyabrın 12də Rusiya ilə İran arasında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan ərazisi iki yerə bölündü, onun şimalı (İrəvan və Naxçıvan xanlıqlarından savayı) Rusiyaya, cənubu isə Qacarlar İranının tərkibində qaldı. Gülüstan müqaviləsi Azərbaycan torpaqlarının Rusiya ilə İran arasında bölüştürülməsinin birinci mərhələsini başa çatdırdı.
11 maddədən ibarət olan Gülüstan müqaviləsinin II və III maddələri tərəflər arasında sərhədləri müəyyən edirdi. İran dövləti şimali Azərbaycanın (İrəvan və Naxçıvan xanlıqlarından başqa) Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının, eləcə də Şərqi Gürcüstan və cənubi Dağıstanın Rusiyanın hakimiyyəti altına keçməsini qəbul edirdi; V maddəyə görə Xəzər dənizində ancaq Rusiya hərbi donanma saxlaya bilərdi; VIII, IX, X maddələr isə ticarət və gömrük işlərini nizama salırdı. Maraqlıdır ki, müqavilənin rəsmi sənədləri rus çarı tərəfindən imzalanan zaman müqavilənin mətnində səhvə yol verildiyi ortaya çıxmışdır, belə ki, müqaviləyə Rusiyaya verilən Qarabağ və Gəncə xanlıqlarının adı düşməmişdi. Buna görə də 1814-cü ilin yanvar ayında İrana geri göndərilən sənədlər, ancaq 1818-ci il iyulun 28-də təsdiqlənmişdir.[7]
[1] a.k.ə. Azərbaycan tarixi. – c. 4. – 2007. – s. 6.
[2] BOA. HH.Nr.6677-A. Həmçinin bax: a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 192.
[3] a.k.ə. Umudlu, V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801–1828). – s. 39–62.
[4] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 195
[5] a.k.ə. Uçarol, R. Siyasi Tarih (1789–1994). – s. 96–98.
[6] BOA. HH.Nr.6677-A. Həmçinin bax: a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 50–51.
[7] Rusiya və İran arasında Gülüstan müqaviləsi // a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828) – s. 432–443. Həmçinin bax: a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 203.