Keçmiş Dağlıq Qarabağ münaqişəsinin ərazi sərhədləri hara idi?

Tərəflər arasında mübahisəli ərazilər münaqişələrin ərazi sərhədləri kimi təyin olunur və aydındır ki, bu sərhədlərin müəyyən olunması mümkün ola biləcək siyasi və məhkəmə problemlərinin qarşısını almaq üçün çox vacibdir.[1] Sərhədlərlə bağlı qeyri-müəyyənliyin olması danışıqların dalana dirənməsi ilə nəticələnə bilər və münaqişənin həlli naməlum vaxtadək uzanar. Dağlıq Qarabağ münaqişəsinin həllinin bu qədər uzun sürməsinin səbəblərindən biri də münaqişə tərəflərinin mübahisənin mahiyyətini fərqli qəbul etməsi nəticəsində yaranan mübahisəli ərazilərlə bağlı qeyri-müəyyənlik idi.

Dağlıq Qarabağ münaqişəsi başlayanda Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycandan ayrılıb Ermənistanla birləşməsinə dair iddia qaldırdı. Münaqişənin ilk mərhələsində, mübahisəli ərazi yalnız 1923-cü ildə, Sovet İttifaqının ilk illərində yaradılmış DQMV ilə məhdudlaşırdı.[2] Beş rayondan ibarət olmaqla DQMV-nin ümumi sahəsi 4400 km2 idi və mübahisə münaqişənin ilkin sərhədləri kimi müəyyən edilə bilən bu ərazilər üzərində başlanmışdı.

Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Dağlıq Qarabağ münaqişəsi hərbi mərhələyə daxil oldu və 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsinə qədər davam etdi. Müharibə nəticəsində Ermənistan nəinki keçmiş DQMV üzərində nəzarəti ələ aldı, həm də əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan Azərbaycana məxsus ətraf əraziləri də işğal etdi. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bir milyona qədər insan öz yurd-yuvasını tərk edərək Azərbaycanın başqa ərazilərinə köçmək məcburiyyətində qalmışdı. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilər aşağıdakılardır:

– Dağlıq Qarabağ regionu, keçmiş DQMV-nin 1991-ci ildə Azərbaycan tərəfindən ləğv edilmiş ərazisi;

– Azərbaycanın Dağlıq Qarabağ regionunu əhatə edən yeddi rayonu: Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan;

– Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarının Ermənistanla sərhəddə yerləşən əraziləri;

– Təmas xəttində yerləşən 4 rayonun əraziləri: Tərtər, Goranboy, Ağcabədi və Beyləqan;

– Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarının əraziləri.[3]

Mübahisənin ilk günlərində Ermənistan etnik ermənilərin təhlükəsizliyini və öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etdiyini iddia edirdi. Lakin ətraf ərazilərin işğalından sonra Ermənistan öz təcavüzünün qondarma “Dağlıq Qarabağ Respublikası” üçün bir “dəhliz” və “təhlükəsizlik zonası” təmin etmək zərurətindən irəli gəldiyini söyləyərək özünə bəraət qazandırmağa çalışırdı.[4] Əvvəlcə Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş bu yeddi rayonunu “təhlükəsizlik zonası” adlandırsa da, rəsmilər və bu xalqın ziyalıları bu tor­paqları “azad olunmuş ərazilər” və ya heç vaxt Azərbaycana qaytarılmayacaq “tarixi erməni torpaqları” kimi təqdim edirdilər.[5] Daha sonra qondarma “Dağlıq Qarabağ Respublikası” işğal etdiyi bütün Azərbaycan ərazilərinə öz milli bütövlüyünün bir hissəsi kimi iddia edərək onlara “nəzarət olunan ərazilər” [6] kimi yanaşırdı ki, bu da 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlamasının əsas amillərindən biri sayıla bilər.

Münaqişə tərəflərinin fikir ayrılığından asılı olmayaraq, iddiaçılar arasında danışıqlar prosesi keçmiş DQMV-nin əraziləri, o cümlədən onun ətraf əraziləri də daxil olmaqla, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana torpaqları ətrafında aparılırdı. Azərbaycanın bütün bu əraziləri keçmiş Dağlıq Qarabağ münaqişəsinin sərhədləri kimi müəyyən edilməlidir.


[1] Дмитриев, А. В., Конфликтология. – Гардарики, 2000. – s. 57.

[2] Human Rights Watch, Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh.

[3] “USAN Factsheet on the Nagorno-Karabakh region of Azerbaijan”.

[4] International Crises Group, “Nagorno-Karabakh: Risking War”.

[5] International Crises Group, “Armenia and Azerbaijan: Preventing War”.

[6] “Controlled Territories” Office of the Nagorno Karabagh Republic in Washington D.C; (http://www. nkrusa.org/nk_conflict/controlled_territories.shtml). İstifadə tarixi: 3 dekabr 2024-cü il.