Azərbaycanda islamın yayıldığı dövrlərdə Ərəb xilafəti tərəfindən Qarabağın dağlıq hissəsində yaşayan alban əhalisinə öz dinlərini saxlamağa icazə verilmişdi. Qarabağın dağlıq hissəsindəki yerli xristian əhali orta əsrlərdə Azərbaycan dövlətlərinin tərkibində cizyə – islam qanunlarına əsasən müsəlman torpaqlarında daimi yaşayan bəzi qeyri-müsəlman əhalidən alınan adambaşına düşən illik vergi – ödəməklə inzibati-ərazi vahidi kimi mövcud ola bilmiş, din və adət-ənənələrini qoruyub saxlamışlar. Bu cür yerli inzibati-ərazi vahidi məlik və ya məliklik (feodal mülk) adlanırdı. Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah (1438–1467) XV əsrdə Cəlalilər sülaləsinin liderinə məlik titulu verən ilk şəxs olmuşdur. Sözügedən şəxs isə XIII əsrin ortalarına qədər Qarabağın dağlıq hissəsində xristian əhalinin lideri və yerli xristian albanların nəslindən olan Həsən Cəlalın varisi idi. Sonralar Cəlalilər sülaləsi beş muxtar feodal knyazlığına-məlikliyə bölünmüşdü.[1]
Qeyd etmək lazımdır ki, məlikliklər yalnız Qarabağ üçün səciyyəvidir, yəni, bu siyasi qurumlar əzəldən Qarabağda meydana gəlmişdir. Sonralar, XVII–XIX əsrlərdə məliklərə İrəvanda, Sünikdə, Şəkidə də təsadüf etmək olunur. Azərbaycanın bu bölgələrində məlikliklərin mövcudluğunu Qarabağ məliklərinin ora köçməsi ilə izah etmək olar.[2] Səfəvilər dövründə Qarabağ bəylərbəyiliyinin tərkibində kiçik yerli inzibati-ərazi vahidi kimi xristian məliklikləri fəaliyyət göstərmişdir. Erməni tarixçiləri xristian məlikliklərinin rolunu şişirdərək onları məliklik ərazilərini sərbəst şəkildə idarə edən və öz hərbi hissələrinə malik olan faktiki müstəqil erməni hökmdarları kimi qələmə verirlər.[3] Bununla da ermənilərin tarix boyu Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırdılar.
Qarabağla bağlı tarixi mənbələr göstərir ki, Xaçın məlikliyi istisna olmaqla, XVII və XVIII əsrlərdə Qarabağ ərazisində mövcud olan digər dörd məlikliyin hökmdarları Qarabağa kənardan gələnlərdən təyin olunmuşdu. Yalnız Xaçın məlikliyinin hakimi, Həsən Cəlalinin varisi, yerli əhali arasından təyin edilmişdi. Qeyd edək ki, o dövrdə Qarabağın dağlıq hissəsində “xəmsə” (ərəbcə “beş”) adlanan Xaçın, Vərəndə, Talış (və ya Gülüstan), Dizaq və Çiləbörd adlı beş məliklik var idi və onlar müstəqil deyildilər. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sinə görə Dizaq məlikliyinin banisi Ermənistanın Loru bölgəsindən olan Yeqan idi. Qarabağa köçdükdən sonra Nadir şah tərəfindən ona məlik titulu verilmişdi. Vərəndə məlikliyinin banisi Mirzə Şahnəzər XVII əsrin əvvəllərində Səfəvi və Osmanlı imperatorluğu arasında gedən müharibə zamanı indiki Ermənistanın Göyçə (Sevan) bölgəsindən gəlmiş və ona Səfəvi şahı I Abbas tərəfindən Vərəndə məliyi titulu verilmişdir. Çiləbörd məlikliyinin hökmdarı Məlik Allahqulu Yesayi nəslindən olub əslən indiki Ermənistanın Sünik vilayətindən idi. O, 1637-ci ildə Qarabağa gəlmişdi. Bundan başqa, Qarabağda sonuncu məliklik XVIII əsrin əvvəllərində yaradılmış Talış (və ya Gülüstan) məlikliyi idi. Talış məlikliyinin hökmdarı Məlik Usub hazırda udilərin məskunlaşdığı Azərbaycanın Qəbələ rayonunun Nic kəndindəki Bəyləryan soyundan idi.[4] Hətta Cənubi Azərbaycan ermənisi Mirzə Yusif Qarabaği yazır ki, Qarabağ məliklərinin Qarabağla tarixi bağları olmayıb və onlar digər bölgələrdən gəlmə olublar.[5]
Səfəvilər sülaləsi dövründə Ziyadoğlu Qacarlar nəsli Qarabağ bəylərbəyi kimi təxminən iki yüz il Qarabağa hakimlik etmişlər. Bütün bu illər ərzində Qarabağ məlikləri də bu ailəyə tabe olmuşlar. 1736-cı ildə Nadir şah Əfşar hakimiyyətə gələndə Ziyadoğlu Qacarlar nəsli onun hakimiyyətini dəstəkləmədilər. Buna görə də Nadir şah Ziyadoğlu Qacar nəslinin qüdrətini sarsıtmaq üçün məlikləri Qarabağ Bəylərbəyinin nəzarətindən çıxararaq onları qardaşı İbrahim xanın tabeliyinə vermişdir. Nadir şahın ölümündən (1747) sonra Qarabağ məlikləri “Otuziki” tayfa birliyinin başçısı, Cavanşir tayfasından olan Pənahəli xan (1748–1763) tərəfindən əsası qoyulan Qarabağ xanlığına tabe olmuşdur. Lakin həmin dövrdə məliklər Qarabağ xanlığına qarşı mübarizə aparan xarici qüvvələrə yardım edir və xanlığı parçalamağa cəhd edirdilər.[6] Onlar Qarabağda feodal dağınıqlığının saxlanılmasında maraqlı olan qüvvələri təmsil edirdilər. Buna görə də Pənahəli xan Ağdərə və Ballıqaya döyüşlərində məliklərin separatçılıq hərəkətlərinə son qoyaraq onları tamamilə Qarabağ xanlığına tabe etmişdir.[7]
[1] Azərbaycan tarixi: [7 cilddə]. – Bakı: Elm. – c. 3. – 2007. – s. 41–42.
[2] Yenə orada, s. 42.
[3] Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – Ереван. – 1947. – с. 16.
[4] Adıgözəl bəy, M. Qarabağnamə // Qarabağnamələr / tərt. ed. A.Fərzəliyev. – Bakı: Yazıçı. – 1989. – s. 36–37.
[5] Qarabaği, M.Y. Tarixi-Safi // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 12–14.
[6] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 36–37.
[7] Nəcəfli, G. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. – Bakı: Nurlan. – 2007. – s. 146.