Qarabağ məliklikləri necə yarandı və onlar erməni mənşəli idilər?

Azərbaycanda İslamın yayıldığı dövrlərdə xilafət tərəfindən Qarabağın dağlıq hissəsində yaşayan alban əhalisinə öz dinlərini saxlamağa icazə verilmişdi. Qarabağın dağlıq hissəsindəki yerli xristian əhali orta əsrlərdə Azərbaycan dövlətlərinin tərkibində cizyə – İslam qanunlarına əsasən müsəlman torpaqlarında daimi yaşayan bəzi qeyri-müsəlman əhalidən alınan adambaşına düşən illik verginin ödəməklə, öz dinlərini və adət-ənənələrini qoruyub saxlamışdı. Bu cür yerli inzibati-ərazi vahidi məlik və ya məliklik (feodal mülkləri) adlanırdı. Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah (1438-1467) XV əsrdə Cəlalilər nəslinin başçısına məlik (padşah və ya hökmdar) titulu verən ilk şəxs olmuşdur. Bu sonuncu, XIII əsrin ortalarına qədər Qarabağın dağlıq hissəsində xristian əhalinin lideri kimi xidmət edən yerli xristian albanların nəslindən olan Həsən Cəlalyaninin varisi idi. Sonralar Cəlalilər sülaləsi beş muxtar feodal knyazlığına-məlikliyə bölündü.[1]

Qeyd etmək lazımdır ki, məlikliklər yalnız Qarabağ üçün səciyyəvidir, yəni bu siyasi qurumlar əzəldən Qarabağda meydana gəlmişdir. Sonralar – XVII –XIX əsrlərdə məliklərə İrəvanda, Sünikdə, Şəkidə də təsadüf etmək olunur ki, bu da şübhəsiz, həmin məlikliyin miqrasiyası ilə bağlı idi.[2] Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində kiçik yerli inzibati-ərazi vahidi kimi xristian məliklikləri fəaliyyət göstərmişdir. Erməni tarixçiləri xristian məlikliklərinin rolunu şişirdərək onları – “… faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar” kimi təsvir edir[3] və bununla da ermənilərin tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar.

Lakin Qarabağla bağlı bütün tarixi mənbələr göstərir ki, XVII-XVIII əsrlərdə Qarabağda meydana gələn məliklərdən yalnız Xaçın məlikliyinin hökmdarının yerli xalq arasından təyin edildini – Həsənin varisi olduğunu iddia edir. Digər dörd məlikliyin hökmdarları isə Qarabağa kənardan gələnlərdən təyin olunmuşdu. Qeyd edək ki, o dövrdə Qarabağın dağlıq hissəsində “xəmsə” (ərəbcə “beş”) adlanan Xaçın, Vərəndə, Talış (və ya Gülüstan), Dizak və Çiləbörd adlı beş məliklik var idi və onlar müstəqil deyildilər. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sinə görə, Dizak məlikliyinin banisi Ermənistanın Lori bölgəsindən olan Yeqandır. Qarabağa köçdükdən sonra Nadir şah tərəfindən ona məlik titulu verilmişdir. Vərəndə məlikliyinin banisi Mirzə Şahnəzər XVII əsrin əvvəllərində Səfəvi və Osmanlı İmperatorluğu arasında gedən müharibə zamanı indiki Ermənistanın Göyçə (Sevan) bölgəsindən gəlmiş və ona Səfəvi şahı I Abbas  tərəfindən Vərəndə məliyi titulu verilmişdir. Çiləbörd məlikliyinin hökmdarı Məlik Allahqulu Yesayi nəslindən olub, əslən Ermənistanın Sünik rayonundandır. O, 1637-ci ildə Qarabağa gəlib. Bundan başqa, Qarabağda sonuncu məliklik XVIII əsrin əvvəllərində yaradılmış Talış (və ya Gülüstan) məliliyi idi. Talış məlikliyinin hökmdarı Məlik Usub hazırda udinlərin məskunlaşdığı Azərbaycanın Qəbələ rayonunun Nic kəndindəki Bəyləryan soyundan idi. [4] Hətta Cənubi Azərbaycan ermənisi Mirzə Yusif Qarabağı yazır ki, Qarabağ məliklərinin Qarabağ tarixi bağları olmayıb və digər bölgələrdən gəlmə olubar. [5]

Səfəvilər sülaləsi dövründə Ziyadoğlu Qacarlar nəsli Qarabağ Bəylərbəyi kimi təxminən iki yüz il Qarabağa hakimlik etmişlər. Bütün bu illər ərzində Qarabağ məlikləri də bu ailəyə tabe olublar. 1736-cı ildə Nadir şah Əfşarın şah seçilməsinə etiraz etdikləri üçün Ziyadoğlu nəsli Nadirin qəzəbinə səbəb olmuş, onların qüdrətini sarsıtmaq üçün Qarabağ məlikləri onların nəzarətindən çıxarılmış və onun qardaşı İbrahim xana tapşırılmışdır. Nadir şahın ölümündən (1747) sonra Qarabağ məlikləri “Otuziki” tayfa birliyinin başçısı, Cavanşir tayfasından olan müstəqil Qarabağ xanlığının banisi Pənahəli xana (1748-1763) tabe olmuşdur. Lakin, Pənahəli xanın dövründən başlayaraq məliklər bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçrilməsinə kömək etməklə Qarabağ xanlığının müstəqilliyini sarsıtmağa çalışırdılar.[6] Buna görə də, müdrik və uzaqgörən Pənahəli xan Ağdərə və Ballıqaya döyüşlərində məliklərin seperatçılıq hərəkətlərinə son qoyaraq onları tamamilə Qarabağ xanlığına tabe etmişdir.[7]


[1] Azərbaycan tarixi, C. III (Bakı, Elm, 1999), ss. 41-42.

[2] a.k.ə. Azərbaycan tarixi, C. III (1999), s. 42.

[3] Иоаннисян, А.Р., Россия и армянское освобедителное движение в 80 х г. XVIII веке (Ереван, 1947), с. 16.

[4] Adıgözəl bəy, Mirzə, “Qarabağnamə”, Fərzəliyev, Akif, red., Qarabağnamələr, C. I (Bakı, Yazıçı, 1989), ss. 36-37.

[5] Qarabaği, Mirzə Yusif, “Tarixi-Safi”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), ss. 12-14.

[6] a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 36-37.

[7] Nəcəfli, Güntəkin, XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri (Bakı, Nurlan, 2007), s. 146.