Qarabağ xanlığı inzibati cəhətdən necə qurulmuşdu?

Qarabağ xanlığını dünyəvi işlərdə olduğu kimi dini işlərdə də geniş səlahiyyətlərə və qeyri-məhdud hakimiyyətə malik olan xan idarə edirdi. Qarabağ xanlığı 75 illik tarixi boyunca, əsasən, 3 xan – Pənahəli xan (1747–1763), İbrahimxəlil xan (1763–1806) və Mehdiqulu xan (1806–1822) tərəfindən idarə olunmuşdur. Yalnız 1763-cü ildə Pənahəli xanın ölümündən sonra İbrahimxəlil və Mehrəli bəy qardaşları arasında başlayan xanlıq mübarizəsi ölkədə bir müddət ikili hakimiyyətliliyə gətirib çıxarmışdı. Bu mübarizə 1763-cü ildə də Mehrəli bəyin Qarabağdan qovulması və İbrahimxəlil ağanın qalib gələrək Qarabağ xanlığında hakimiyyəti ələ alması ilə nəticələnmişdir.[1]

Xanın idarəetmə işlərində ən böyük köməkçisi xanlıq divanı – xanın hakimiyyəti altında fəaliyyət göstərən məşvərətçi orqan, idi. Divan məclisi xanlığın idarə edilməsi ilə bərabər vergi işləri ilə də məşğul olurdu. Divanda əhalinin qeydiyyatda olduğu və əsgərlik yaşında olan gənclərin adlarının yazıldığı dəftərlər mövcud idi.[2] Məhkəmə mühakimə işlərinə cavabdeh olduğu və Divandan ayrı fəaliyyət göstərdiyi üçün Xanlığın inzibati sistemində də mühüm rol oynayırdı. Məhkəmə şəriət qanunları ilə idarə olunurdu. Xanlığın divan və məhkəmə iclasları xan ilə qazının iştirakı və başçılığı altında həyata keçirilirdi.[3]

Xandan sonra ən yüksək mövqeyə sahib olan vəzifəli şəxs Qarabağ xanlığında həm daxili, həm də xarici işlərə cavabdeh olan vəzir idi. Qarabağın ən tanınmış vəzirləri Molla Pənah Vaqif və Mirzə Camal Cavanşir olmuşdur. Bu vəzirlər dövlət xadimi olmaqla yanaşı, həm də dövrünün məşhur şair və elm adamları idilər. Xanlıqda vəzirlərdən başqa, müvafiq olaraq, maliyyə, xanın şəxsi işləri və xəzinə işləri ilə məşğul olan sərkələli, eşikağası və xəzinədar da var idi. Anbarlara nəzarət edən şəxsin də vəzifəsi var idi.[4]

İndiki Qarabağın da daxil olduğu Qarabağ xanlığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə Qarabağ dağları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdu.[5] Qarabağ xanlığının sahəsi təqribən 18000 km2 olub,[6] şimaldan cənuba 182 km, şərqdən qərbə isə 273 km olduğu bildirilir.[7]

Qarabağ Xanlığının ərazisi inzibati cəhətdən Çalbayır, Zəngəzur, Mehri, Qafan, Sisian, Dəmirçi-Aslanlı, Güpara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış (Gülüstan), Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara, Dizaq, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd və Acan-türk daxil olmaqla 21 mahaldan ibarət idi. Qarabağlıların “Xəmsə” adlandırdıqları bu mahallardan beşinin, yəni məlikliklərin əhalisi əsasən xristian idi. Onların hakimləri məlik adlanırdı. Əhalisinin əksəriyyəti müsəlman olan mahalların hakimlərinə isə mahal bəyləri və ya naiblər deyilirdi.[8]

Mahallar öz növbəsində kəndlərə ayrılırdı. Osmanlı dövlətinin tərtib etdirdiyi 1727-ci il tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə sonradan Qarabağ xanlığının tərkibinə daxil olacaq ərazilərdə cəmi 796 kəndin adı qeydə alınıb. Bu rəqəm təqribən 100 il sonra 1823-cü ildə rusların apardığı qeydiyyatda 642 kənd və oymaq olaraq göstərilir.[9] Azərbaycan xanlıqlarının hamısında olduğu kimi, Qarabağda da kəndləri kəndxuda və ya kovxalar idarə edirdilər.

Xanlığın mərkəzi ilk əvvəl Bayat qalası (1748),[10] daha sonra Tərnəküt deyilən yerdə inşa edilən Şahbulağı qalası (1749)[11] olmuş­dur. 1751-ci ildən sonra isə Şuşa (Pənahabad) qala-şəhəri xanlığın mərkəzi olaraq fəaliyyət göstərmişdir. XVIII əsrin son rübündə Şuşa şəhəri strateji əhəmiyyəti ilə yanaşı, həm də Azər­baycanın ən vacib ticarət mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycandan geçən məşhur İpək Yolunun da Şuşa şəhərinin ticarət mərkəzi olaraq inkişafında mühüm təsiri olmuşdur. Bu iqtisadi yüksəliş XVIII əsrin sonu və XIX əsrin əvvəllərində 17 məhəllədən ibarət şəhərdə yaşayanların sayını da artırmışdı.[12] Qarabağ xanlığında Şuşa da daxil olmaqla qalalara cavabdeh olan vəzifəli şəxslərə Qalabəyi deyilirdi.


[1] a.k.ə. Cavanşir, Ə.B. Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi fəaliyyətlərinə dair. – s. 163. Həmçinin bax: a.k.ə. Axundov, N. Qarabağ salnamələri. – s. 78.

[2] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 50.

[3] a.k.ə. Azərbaycan tarixi. – c. 3. – 2007. – s. 451.

[4] a.k.ə. Mustafazadə, T. Qarabağ xanlığı. – s. 123–124.

[5] a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi. – s. 107–109. Həmçinin bax: Qaradaği, H. Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 352.

[6] a.k.ə. Sami, Ş. Kamusu’l-A’lam. – s. 3621.

[7] a.k.ə. Mirzə Camaloğlu, R.B. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri. – s. 206.

[8] a.k.ə. Mustafazadə, T. Qarabağ xanlığı. – s. 96.

[9] a.k.ə. Qeybullayev, Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. – s. 151. Həmçinin bax: a.k.ə. Mustafazadə, T. Qarabağ xanlığı. – s. 97–98.

[10] a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 15.

[11] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 35.

[12] a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 19.