Qarabağ xanlığının paytaxtı Şuşa (Pənahabad) şəhərinin əsası necə qoyulub?

Şuşa qalasının inşa tarixi ilə bağlı “Qarabağnamə”lərdə müxtəlif illərə istinad edilmişdir. Qalanın təməli ilə bağlı müəlliflərin qeyd etdikləri tarixlər o dövrün tarixi hadisələri ilə üst-üstə düşmür.[1] Məsələn, Mirzə Adıgözəl bəy, Pənahəli xanın böyük bir qala və içində də evlər tikdirdiyini, xanlığın mərkəzini 1756–1757-ci illərdə oraya köçürdüyünü yazır. O həmçinin bir il sonra Məhəmməd Həsən xan Qacarın Qarabağa hücum etdiyini yazır.[2] Ancaq nəzərə almaq lazımdır ki, Məhəmməd Həsən xan Qacarın Qarabağa hücumu 1757-ci ildə deyil, 1751-ci ilin axır­larında olmuşdur.[3] Qalanın tikilmə tarixi ilə bağlı doğru məlumatı Həsən İxfa Əliza­dənin “Şuşa şəhərinin tarixi” adlı əsərindən öyrənmək mümkündür. Onun qənaətinə görə Şuşa qalası 1750–1751 illərdə inşa edilməyə başlanmışdır.[4] Onun bu fikrinin doğru olduğunu digər tədqiqatçılar da qəbul etməkdədir.[5] O ki, qaldı Qarabağ xanlığı ilə bağlı “Qarabağnamə”lərdə qeyd edilən məlumatlarına, böyük ehtimalla onların qeyd etdikləri tarix (1756/1757) əhalinin qalaya köçməsi ilə bağlıdır. Buna görə də bəzi tarixçilər Şuşa qalasının əsasının 1750–1756-cı illərdə qoyulduğunu düşünürlər.

İçərisində çox sayda məscid, hamam, bazar və yaşayış evləri tikilən bu yeni mərkəzə Pənahəli xanın şərəfinə “Pənahabad” adı verilmişdi.[6] Lakin Pənahəli xan oğlu İbrahimxəlil xanın dövründə qala Şuşa adlandırılmışdır. Mənbələr Şuşa qalasının Pənahəli xan tərəfindən salındığını qeyd edərkən, sıldırım qayalar üstündə yerləşən ərazinin daha əvvəllər buraya altı kilometr uzaqlıqda yerləşən və xalq arasında Şüşəkənd adlanan yaşayış yerinə aid otlaq və örüş yaylaqları olduğunu bildirirlər.[7] Ona görə də Pənahabad qalasının təməli qoyulandan sonra da bu yer Şüşə kəndinin ərazisi adlanırdı. İbrahimxəlil xanın dövründə isə qalaya Şüşə ərazisi deyilirdi. Sonralar, Rusiya imperiyası dövründəbu ad rus ləhcəsinə uyğunlaşdırılaraq Şuşa şəklində tələffüs edilməyə başlanmışdır.[8] Şüşə sözünün Şuşa şəklinə dönməsini Osmanlı arxiv sənədlərində də açıqca görmək mümkündür. Əgər ilk əvvəl yazılan Osmanlı sənədlərində buranın adı Şüşə[9] şəklində qeyd edilirdisə, sonralar Şuşa[10] kimi qeyd edilmişdir.   

Müdafiə məqsədilə tikilən Şuşa qala divarlarının uzunluğu təqribən 8 km, hündürlüyü 5 m, eni isə 2 metrdən çox idi. Qalanın divarları top atəşlərinə davam gətirsin deyə, qalın daşlar və əhənglə hörülmüşdü. Əvvəllər qalanın 4 qapısı mövcud olmuşdur, sonralar bunlardan biri bağlanmışdır. At arabaları üçün istifadə edilən darvaza qalanın əsas girişi idi. Digər iki qapı isə, döyüşlər zamanı və ya çətin vəziyyətlərdə gizli olaraq giriş-çıxış məqsədilə istifadə edilmişdir. Bu qapılar şimal və qərb istiqamətinə açıldığı üçün müvafiq olaraq Gəncə-Çiləbörd və Rəvan qapıları adlandırılmışdır.[11]

Qarabağ arxitekturasında Şuşa qala-şəhərinin çox böyük önəmi vardır. Dəniz səviy­yə­sindən 1400 metr hündürlükdə yerləşən şəhərin yuxarı məhəlləsi ilə aşağı məhəlləsi arasında təqribən 300 metr yüksəklik fərqi vardı. Şuşa arxitekturası haqqında araşdırma aparmış Həsən İxfa Əlizadənin təsbitlərinə görə xanlıq dövründəki abidələrin bir çoxu zaman keçdikcə aşınaraq sıradan çıxmışdır.[12] Eyni zamanda Baharlının “Əhvalati-Qarabağ” adlı əsərində xanlığın son dövrlərinə qədər Şuşada 18 hamam və 8 karvansaranın da fəaliyyət göstərdiyi qeyd olunmuşdur.[13]

Şuşa memarlığında istifadə olunan əsas materiallar daş və kərpic olmuşdur. Qala di­varları, məscid, hamam, bazarların inşasında daş, evlərdə isə daha çox kərpicdən istifadə olunmuşdur. Şuşa qala şəhərinin inşası qədim Azərbaycan arxitekturasına uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Pənahəli xan Şuşa şəhərini inşa etdirərkən Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərlərindən xüsusi ustalar dəvət etmişdir.[14] Buna görə də Şuşa qalasındakı abidələrdə türk-islam mədəniyyəti çərçivəsində özünə məxsus yeri olan Azərbaycan memarlığının ön planda tutulduğunu görmək mümkündür.

XVIII əsrin sonlarında Şuşa şəhəri Aşağı və Yuxarı məhəllələr şəklində salınmış 17 məhəllə və ya küçədən ibarət idi. Şəhərin Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Toyluq (Quyuluq), Çuxur, Dördlər qurdu, Hacı Yusifi, Dörd çinar və Çöl qala; Yuxarı məhəlləri isə Mir-xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllədir.[15] Tarixi mənbələrə görə, XVIII əsrin sonlarında Şuşadakı bu məhəllələrdə yaşayan əha­linin sayı 2000 ailədən ibarət təqribən 10000 nəfər olmuşdur. 1805-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra Şuşa şəhərinin dağlıq hissəsində Qazançalı adlı üçüncü məhəllə salındı. Bu məhəllə sonradan genişlənərək on doqquzuncu əsrdə 12 küçədən ibarət idi.[16] Qarabağ səlnaməçisi Baharlının yazdığına görə Şuşanın əsas müsəlman əhalisi Aşağı və Yuxarı məhəllələrdə yaşa­mışdır.[17] Qazançalıda isə, daha çox Şuşaya rus işğalından sonra axın edən qeyri müsəlmanlar, yəni rus və ermənilər yerləşmişlər. XIX əsrin sonlarında isə şəhərin əhalisi təxminən 2–3 min nəfər azalmışdı, bunun əsas səbəbi isə, Şuşa əhalisinin bir qisminin Ağa Məhəmməd şah Qacarla müharibə zamanı (1797) qaçıb dağılması, digər qisminin isə Rusiya işğalından sonra İrana köçməsi idi. Belə olduğu halda müstəmləkə siyasətinin nəticəsi olaraq boş qalan yerlər qeyri azərbaycanlılar tərəfindən doldurulurdu.[18] Beləliklə, XIX əsrdə Qarabağın qeyri-müsəlman əhalisinin sayı artmış, Azərbaycan əhalisinin sayı isə azalmışdır.


[1] a.k.ə. Xəzani, M.M. Kitabi-tarixi-Qarabağ. – s. 116–117. Həmçinin bax: a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 18. Həmçinin bax: a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi. – s. 107–109. – s. 145.

[2] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 40–41.

[3] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 160–161.

[4] a.k.ə. Əlizadə, H.İ. Şuşa şəhərinin tarixi. – s. 316.

[5] a.k.ə. Axundov, N. Qarabağ salnamələri. – s. 36.

[6] a.k.ə. Qaradaği, H. Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları – s. 357.

[7] a.k.ə. Xəzani, M.M. Kitabi-tarixi-Qarabağ. – s. 117.

[8] a.k.ə. Əlizadə, H.İ. Şuşa şəhərinin tarixi. – s. 315. Həmçinin bax: Şuşa // Azərbaycan Sovet Ensiklopediyası: [10 cilddə] / baş red. C.B.Quliyev. – Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. – c. 10: Frost – Şüştər. – 1987. – s. 578.

[9] Başbakanlık Osmanlı Arşivi, Hattı Hümayun (BOA. HH.) Nr. 6666;1760-A; 8488; 110; BOA, Cevdeti Hariciye, Nr. 9076.

[10] BOA, HH. Nr. 203-A.

[11] a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 18.

[12] a.k.ə. Əlizadə, H.İ. Şuşa şəhərinin tarixi. – s. 316–346.

[13] Baharlı. Əhvalati-Qarabağ // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 227–278.

[14] a.k.ə. Əlizadə, H.İ. Şuşa şəhərinin tarixi. – s. 342.

[15] a.k.ə. Baharlı. Əhvalati-Qarabağ. – s. 228; Həmçinin bax: a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 19.

[16] Mahmudov, Y., Mustafayev C. Şuşa. Pənahabad. – Bakı: Təhsil. – 2012. – s. 39–59.

[17] a.k.ə. Baharlı. Əhvalati-Qarabağ. – s. 278.

[18] a.k.ə. Mahmudov, Y., Mustafayev C. Şuşa. Pənahabad. – s. 62.