1977-ci il SSRİ Konstitusiyasının 78-ci maddəsinin Dağlıq Qarabağ Muxtar Vilayətinə nə kimi aidiyyəti var idi?

1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının 78-ci maddəsində deyilirdi: “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı ilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən ratifikasiya (təsdiq olunma) edilərək dəyişdirilə bilər.”[1]

Bu maddə təsbit edir ki, müttəfiq dövlətlərin sərhədləri onların suveren hüququdur və onların ərazi bütövlüyü özlərinin icazəsi olmadan dəyişdirilə bilməz. Buna görə də qonşu ittifaq dövlətlərin digər ittifaq dövlətinə qarşı ərazi iddiaları və muxtar vilayətlərin özbaşına ayrılma hərəkəti qanunsuz hesab edilirdi. Bundan əlavə, 79-cu maddənin “hər bir ittifaq respublikası ərazi, bölgə, diyar və rayonlarının bölgüsünü özü müəyyən etməli və onun inzibati və ərazi strukturu ilə bağlı digər məsələləri özü həll etməlidir”[2] müddəası da ittifaq respublikanın muxtar vilayət üzərində mövqeyini möhkəmləndirirdi.

Ermənistan SSR Azərbaycan SSR-nin ərazi bütövlüyü ilə bağlı iddia irəli sürərkən və parlamentdə DQMV-nin öz ərazilərinə birləşdirilməsi barədə qətnamə qəbul edərkən SSRİ Kons­titusiyasının 78-ci maddəsini pozmuşdur. 1991-ci ildə Dağlıq Qarabağda refe­rendum keçirən ermənilər öz müstəqilliklərini elan edərək SSRİ Konstitusiyanın 78-ci maddəsini rədd edərək pozmaqlarına baxmayaraq, qondarma respublika öz müstəqilliyinin sovet qanun­vericiliyinə əsasən qanuni olduğunu təkid edirdi.[3] Erməni tərəfi öz təcavüzkar siyasətinə haqq qazandıraraq muxtar vilayətlərə ittifaq respublikası daxilində və ya onun hüdudlarından kənarda öz statusunu müəyyən etmək imkanı verən, lakin 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının maddələrinə, xüsusilə 78-ci maddəyə zidd olan 3 aprel 1990-cı il “Müttəfiq respublikanın SSRİ tərkibindən çıxması ilə bağlı məsələlərin həlli qaydaları haqqında”[4] SSRİ Qanununa istinad edirdi. Amma qeyd etmək lazımdır ki, konstitusiya digər hüquqi aktlar ilə müqayisədə əsas qanun kimi qəbul olunduğu üçün, 78-ci maddə keçmiş Sovet İttifaqında muxtar vilayətlərin statusunun tənzimlənməsi ilə bağlı həlledici amil hesab olunmalıdır.

Buna görə də sovet qanunvericiliyinə əsasən qondarma “Dağlıq Qarabağ Respub­likası”nın müstəqilliyinin qanunsuz olduğu qeyd edilməli və Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğal olunması bir qonşu dövlətin digərinə təcavüzü kimi qiymətləndirilməlidir.


[1] Maddə 78 // SSRİ Konstitusiyası, 1977.

[2] Maddə 79 // SSRİ Konstitusiyası, 1977.

[3] a.k.ə. Avakian, S. Nagorno-Karabagh: Legal Aspects. – s. 13.

[4] Yenə orada, s. 33.