Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsi olan Gülüstan sülh müqaviləsindən sonra 1814-cü il noyabrın 25-də Tehranda Rusiyaya qarşı İngiltərə-İran sazişi imzalandı. İran sazişə görə öz sərhədləri tərəfdən Hindistanın təhlükəsizliyini təmin etməyi, İngiltərə isə bunun əvəzində İrana maliyyə və hərbi yardım etməyi öhdəsinə götürürdü.[1]
İran və Osmanlı imperiyaları arasında 1821-ci ildə başlayan müharibəyə son qoymaq üçün 1823-cü ildə Britaniya İmperiyasının vasitəçiliyi ilə iki imperiya arasında əməkdaşlıq müqaviləsi imzalandı.[2] Bu dövrdə Şimali Qafqazda çarizmə qarşı azadlıq müharibəsi getdiyi üçün Rusiya İranla müharibədən çəkinirdi. Buna görə də İrana göndərilən rus diplomatı şahı müharibədən çəkindirmək üçün Qarabağın və Lənkəran xanlığının bir hissəsini İrana verməyə hazır olduğunu bildirmişdi. 1825-ci ilin 14 dekabrında Peterburqda baş verən üsyanın Rusiyanın başını qatdığını düşünən İran şahı fürsətdən istifadə edib Rusiyaya qarşı müharibəyə başladı. Şahın Rusiyaya müharibə eləan etmə qərarına Gülüstan müqaviləsindən sonra İrana sığınan Azərbaycan xanlarının təsiri də az olmamışdı.[3]
1826-cı il iyulun 19-da Abbas Mirzə ordusunun Qarabağa hücumu ilə müharibə başladı. 48 gün ərzində Şuşa qalasının mühasirədə saxlanması ruslara bölgəyə əlavə qüvvə gətirməyə vaxt qazandırdı. Bu dövrdə Uğurlu xan tərəfindən ruslar Gəncədən, Səlim xan tərəfindən Şəkidən və Mustafa xan tərəfindən Şamaxıdan çıxarılmışdı. Lakin Bakı və Lənkəran hələ də Çar imperiyasının hərbi qüvvələrinin nəzarətində idi. 1826-cı il sentyabrın 3-də Şəmkir altında rus ordusunun qələbəsi, Abbas Mirzəni Şuşa mühasirəsini dayandırmağa məcbur etdi. Sentyabrın 13-də Gəncə yaxınlığında həlledici döyüşdə Abbas Mirzənin məğlub olması müharibənin gedişində dönüş nöqtəsi oldu. Xudafərin körpüsünü ələ keçirən rus ordusu Naxçıvan istiqamətində irəlilədi. 1827-ci ilin iyununda Naxçıvan tutuldu. Rus hərbi qüvvələrinin Cavanbulaq döyüşündəki qələbəsi onlara Naxçıvanı qorumaq üçün strateji əhəmiyyətə malik olan Abbasabad qalasını işğal etməyə imkan verdi. Sərdərabad qalasının tutulması oktyabrın 1-də İrəvan qalasının işğalına yol açdı. Beləliklə, Rusiya imperiyasının hərbi qüvvələri Cənubi Azərbaycana doğru irəliləyərkən heç bir maneə ilə üzləşmədilər. Oktyabrın 13-də Təbriz tutuldu. Noyabr ayında İngiltərənin vasitəçiliyi ilə keçirilən Rusiya-İran danışıqları bir nəticə vermədi. 1828-ci ilin yanvarında Urmiya və Ərdəbilin işğalı Fətəli şahı Rusiya imperiyası ilə yeni danışıqlara başlamağa məcbur etdi.[4]
1828-ci il fevralın 10-da Türkmənçay kəndində Abbas Mirzə ilə general Paskeviç arasında sülh müqaviləsi imzalandı. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Müqavilənin III maddəsinə görə Naxçıvan və İrəvan xanlıqları Rusiyaya qatıldı. Gülüstan müqaviləsində olduğu kimi Türkmənçay müqaviləsinin VIII maddəsi ilə Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilirdi. VI maddəyə əsasən İran Rusiya İmperiyasına 20 milyon gümüş manat təzminat verməyə razı oldu. Rus tacirlərinə İranda güzəştli ticarət aparmaq hüququ verildi. Müqavilənin xüsusilə XV maddəsində əhalinin vəziyyəti və lazım gələrsə köçürülməsi və yeni qaydalarla yerləşdirilməsi məsələləri də yer alırdı.[5]
A.S.Qriboyedov və general J.F.Paskeviçin səyi nəticəsində Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən çarizm erməniləri İrandan Azərbaycana köçürüb gətirməyə başladı. Şimali Azərbaycana Rusiya tərəfindən ermənilərin köçürülməsi təsadüfi deyildi. 1724-cü ilin noyabrında I Pyotrun verdiyi fərmana görə Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin köçürülməsi nəzərdə tutulurdu. Bu planın gerçəkləşdirilməsi üçün XIX əsrin 20–30-cu illərində geniş imkanlar yarandı. İrəvan xanlığının işğalından sonra köçürmə planının hüquqi cəhətdən təmin etmək üçün tədbirlər görüldü. Erməni katalikosu Nersesin hazırladığı köçürmə layihəsini həyata keçirməkdə Rusiyanın İrandakı səfiri A.S. Qriboyedov əsas rol oynadı. Qriboyedovun çara yazdığı məktubda köçürmə işiylə bağlı kifayət qədər məlumat verilir. Müqavilənin bağlanmasından bir ay sonra, 1828-ci ilin martında 700 erməni ailəsi Qarabağa-Bərdəyə gətirildi. Xüsusilə bu iş üçün qurulan “köçürmə komissiyası” erməniləri Araz çayının yuxarı hissələrində-Qarabağ, İrəvan və Yelizavetpol (Gəncə) bölgələrində yerləşdirdi. Həm də köçürülən ermənilərə xüsusi imtiyazlar verilirdi. Onlar 6 il müddətinə bütün vergi və mükəlləfiyətlərdən azad edilir və adam başına 25 rubl aylıq məvacib alırdılar. Bu vəsait İrandan alınan təzminat hesabına ödənilirdi.[6] 1828–1830-cu illərdə Azərbaycana İrandan 40 min, Osmanlı dövlətindən isə 85 minədək erməni köçürülmüşdü. Ermənilərin məskunlaşması üçün Xəzinə torpağından 200 min desyatinlik torpaq ayrıldı. Bundan əlavə, yerli müsəlman mülkədarlardan 2 milyon manatlıq xüsusi ərazidən yerlər satın alınaraq ayrılmışdı. 1911-ci ildə rus tarixçisi N.Şavrov yazırdı ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyona yaxın erməni yaşayırdı. Bu ermənilərin bir milyondan çoxu Rusiya İmperiyasının köçürmə siyasəti nəticəsində bu ərazilərdə məskunlaşmışdı.[7]
Türkmənçay sülh müqaviləsi Rusiya-İran müharibəsinə son qoydu. Bu müqavilə Azərbaycanın rəsmən iki yerə bölünmə prosesini başa çatdırdı. Rusiya işğal etdiyi Azərbaycan torpaqlarında özünə dayaq yaratmaq niyyətində idi. Rusiyanın həyata keçirtdiyi köçürmə siyasəti nəticəsində qonşu ölkələrdən başqa millətlər buraya yerləşdirildi ki, bunun nəticəsində Şimali Azərbaycanda əhalinin etnik tərkibi kəskin dəyişikliyə məruz qaldı. Ermənilərin Azərbaycana köçürülməsi ilə bağlı isə A.Qriboyedov yazırdı ki, ermənilər bir müddət sonra Rusiyanın köcürmə siyasəti nəticəsində məskunlaşdıqları Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia edəcəklər.[8] Beləliklə, Qriboyedovun proqnozu özünü doğruldaraq Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı və bu, yerli əhali arasında müəyyən mübahisələrə səbəb oldu. Bundan başqa, Rusiya imperiyası 1828-ci ildən öz köçürmə siyasəti və Osmanlı imperiyası ilə sərhəddə bufer zona yaratmaq niyyətinə müvafiq olaraq, ermənilərlə birlikdə məqsədyönlü şəkildə Naxçıvan və İrəvan xanlıqlarında “erməni vilayəti” yaratmaq fəaliyyətini davam etdirirdi.
[1] İran və İngiltərə arasında Tehran müqaviləsi // a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828). – s. 449–453.
[2] Osmanlı imperiyası və İran arasında Ərzurum müqaviləsi // a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828). – s. 481–487.
[3] a.k.ə. Azərbaycan tarixi. – c. 4. – 2007. – s. 42–46.
[4] a.k.ə. Umudlu, V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801–1828). – s. 144–157–166–170.
[5] Türkmənçay müqaviləsi // a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828). – s. 493–503; Həmçinin bax: Rusiya-İran Türkmənçay müqaviləsi. 10 fevral 1828-ci il // a.k.ə. Qafqazda “erməni məsələsi” / tərtibçi müəlliflər: T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov. – s. 55–66.
[6] Грибоедов, А.С. Горе от ума. Писма и записки. – Баку. – 1989. – с. 338. Həmçinin bax: a.k.ə. Qlinka, S.N. Azərbaycan ermənilərinin Rusya hüdudlarına köçürülməsinin təsviri. – c. 42–46–92.
[7] Шавров, Н.Н. Новая угроза Русскому делу Закавказе: Престояшая распродажа Мугани инородцам. – Баку: Элм. – 1990. – с. 59–64.
[8] a.k.ə. Грибоедов, А.С. Горе от ума. Писма и записки. – c. 338.