14 oktyabr 1993-cü il
Təhlükəsizlik Şurası
Özünün 1993-cü il 30 aprel tarixli 822 saylı və 1993-cü il 29 iyul tarixli 853 saylı qətnamələrini təsdiq edərək və Şuranın sədrinin Şura adından 1993-cü il avqustun 18-də oxunmuş bəyanatına (S/26326) istinad edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Müşavirənin (ATƏM) Dağlıq Qarabağa dair Minsk Konfransı sədrinin Təhlükəsizlik Şurası sədrinin adına göndərilmiş məktubunu (S/26522) nəzərdən keçirərək,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərdəki gərginliyin bölgədə sülh və təhlükəsizlik üçün təhlükə yarada biləcəyindən ciddi narahat olduğunu bildirərək,
1993-cü il oktyabrın 8-də Moskvada yüksək səviyyədə keçirilmiş görüşləri qeyd edərək və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına kömək edəcəyinə ümid bəsləyərək,
Azərbaycan Respublikasının və regiondaki bütün başqa dövlətlərin suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edərək, habelə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq olunmasının yolverilməzliyini bir daha təsdiq edərək, münaqişənin insanlara gətirdiyi müsibətlərdən ciddi narahat olduğunu bir daha bildirərək və o cümlədən Azərbaycan Respublikasında çoxlu sayda mülki şəxslərin köçkün vəziyyətə düşməsi ilə əlaqədar özünün ciddi narahatlığını ifadə edərək:
1. Əlaqədar tərəfləri ATƏM-in Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyası hökumətinin köməyi ilə birbaşa əlaqələr nəticəsində müəyyən olunmuş atəşkəsi səmərəli və daimi etməyə çağırır;
2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini, habelə ATƏM-in Minsk qrupunun daimi səylərini tamamilə dəstəklədiyini bir daha bəyan edir;
3. 1993-cü il sentyabrın 28-də ATƏM-in Minsk qrupunun müşavirəsində hazırlanmış və qrupun sədri tərəfindən əlaqədar tərəflərə təqdim olunmuş və həmin qrupun digər doqquz üzvünün hərtərəfli dəstəklədiyi “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yenilənmiş qrafikini” alqışlayır və tərəflərin buna diqqət yetirməsini tövsiyə edir və tərəfləri həmin qrafiki qəbul etməyə çağırır;
4. Əmin olduğunu bildirir ki, münaqişədən doğan və “yenilənmiş qrafik”də bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll edilməmiş məsələləri ATƏM-in Minsk prosesi baxımdan tezliklə sülh danışıqları çərçivısində həll etmək lazımdır;
6. Habelə cədvəldə nəzərdə tutulduğu kimi, münaqişənin danışıqlar yolu ilə aradan qaldırılmasına nail olmaq məqsədilə ATƏM Nazirlər Şurasının 1992-ci il 24 mart tarixli mandatına uyğun olaraq ATƏM-in Minsk Konfransını tezliklə keçirməyə çağırır;
7. Baş katibdən ATƏM-in Minsk Konfransında iştirak etmək üçün nümayəndə göndərmək təklifinə müsbət yanaşmağı və konfransın açılışından sonra danışıqların mətləbdən kənara çıxmaması üçün mümkün olan hər cür kömək göstərməyi xahiş edir;
8. ATƏM-in müşahidə üçün yaratdığı missiyanı dəstəkləyir;
9. Bütün tərəfləri beynəlxalq humanitar hüququ hər hansı şəkildə pozmaqdan çəkinməyə çağırır və münaqişənin toxunduğu bütün rayonlarda hümanitar yardım göstərilməsinə dair beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etmək barədə 822 (1993) və 853 (1993) saylı qətnamələrdəki çağırışını bir daha təkrar edir;
10. Regiondakı bütün dövlətləri münaqişənin genişlənməsinə, bölgədə sülh və təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər hansı düşmənçilik hərəkətlərindən, işə hər hansə şəkildə qarışmaqdan və ya hərbi müdaxilədən çəkinməyə təkidlə çağırır;
11. Baş katibdən və müvafiq beynəlxalq idarələrdən xahiş edir ki, zərər çəkmiş mülki əhaliyə fövqəladə humanitar yardım göstərsinlər, qaçqınlara və köçkün şəxslərə öz evlərinə ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmağa kömək etsinlər;
12. Habelə Baş katibdən ATƏM-in indiki sədrindən və ATƏM-in Minsk Konfransının sədrindən xahiş edir ki, Minsk prosesinin gedişi haqqında və yerlərdə vəziyyətin bütün cəhətlərinə dair, habelə bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcəkdəki əməkdaşlıq haqqında Şuraya məruzələr təqdim olunmasını davam etdirsinlər;
13. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.