“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı” Bişkek protokolu

5 may 1994-cü il
Bişkek

1994-cü il mayın 4–5-də MDB-nin Parlamentlərarası Assambleyası, Qırğızıstan Parlamenti, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və Federal Məclisinin təşəbbüsü ilə Bişkekdə keçirilən görüşün iştirakçıları:

– Dağlıq Qarabağda və onun ətrafında nəinki Azərbaycan və erməni xalqına düzəlməz zərər vuran, həm də regionun digər ölkələrinin maraqlarını əsaslı şəkildə pozan və beynəlxalq vəziyyəti ciddi şəkildə çətinləşdirən silahlı münaqişənin dayandırılmasını hər cür təşviq etmək əzmində olduqlarını bildirdilər;

– MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli Bəyanatını dəstəkləyərək, mümkün qədər tez bir zamanda müvafiq sazişin bağlanması yolu ilə silahlı münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırılması üzrə icra hakimiyyəti başçılarının və nümayəndələrinin səylərinə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirdilər;

– münaqişənin dayandırılması və bununla bağlı BMT və ATƏM prinsipləri, məqsəd və vəzifələri və konkret qərarlarının (ilk növbədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinin) həyata keçirilməsində MDB və Parlamentlərarası Assambleyanın fəal könüllü rolu barədə müsbət rəy bildirdilər;

– münaqişənin bütün tərəflərini rasional davranmağa çağıraraq: 1994-cü il 18 fevral Protokolunu əsas tutaraq (müşahidəçilərin bir hissəsinin yerləşdirilməsi də daxil olmaqla) bu il mayın 8-dən 9-na keçən gecə atəşi dayandırmalı və ən qısa zamanda intensiv işlər görməklə hərbi əməliyyatlar və düşmənçilik əməliyyatlarının yenidən başlanmasına imkan verməyən, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması və kommunikasiya fəaliyyətinin bərpa olunması, qaçqınların qaytarılması, danışıqlar prosesinin davam etdirilməsi mexanizmini nəzərdə tutan etibarlı, yerinə yetirilməsi məcburi olan hüquqi müqavilənin imzalanması yolu ilə bunu möhkəmlətmək;

– Parlamentlərarası Assambleya Şurasının sədri V.F.Şumeyko və Dağlıq Qarabağ üzrə sülhməramlılar qrupunun rəhbəri M.Ş.Şerimkulovun Birliyin sülhməramlı qüvvələrinin yaradılması barədə təklifini müzakirə etmək üçün MDB üzv dövlətlərinin parlamentlərinə təklif vermək barədə razılığa gəldilər;

– silahlı münaqişənin sülh yolu ilə həllini tapmaq naminə belə görüşlərin davam etdirilməsi məqsədəuyğun hesab edilsin;

– əlverişli iş şəraiti yaradılması, səmimiyyət və qonaqpərvərliyə görə Qırğızıstan xalqına və rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.