SSRİ-nin 1936-cı ildə qəbul olunmuş yeni konstitusiyası (Stalin Konstitusiyası) Sovet İttifaqında sosializmin qələbə çaldığını bəyan edərək dövlət və sovet cəmiyyətinin strukturunu yenidən formalaşdırdı. Konstitusiya federalizm prinsipini və bərabərhüquqlu ittifaq respublikalarının könüllü birləşməsi prinsipini təsbit edərək, ittifaq və ittifaq respublikalarının səlahiyyətlərini məhdudlaşdırmış və ittifaq respublikalarının ittifaqdan sərbəst çıxmaq hüququnu yenidən təsdiqləmişdi.[1]
Bundan əlavə, konstitusiya ittifaqın və muxtar respublikaların dövlət hakimiyyətinin ali təmsiledici orqanlarının formalaşması, təşkili və fəaliyyəti məsələlərini həll edirdi. Konstitusiya həmçinin hökumət sistemini, məhkəmə və prokurorluq orqanlarının səlahiyyətlərini müəyyənləşdirirdi. Konstitusiyaya əsasən, “İttifaq respublikalarının suverenliyi yalnız konstitusiyanın 14-cü maddəsində göstərilən müəyyən müddəalar çərçivəsində məhdudlaşır, bu müddəalar istisna olmaqla hər bir İttifaq respublikası dövlət səlahiyyətlərini müstəqil həyata keçirə bilər.”[2]
Konstitusiya müttəfiq respublikaların öz ərazilərində suverenlik hüququnu təsdiq edir və 18-ci maddədə vurğulanırdı ki, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz.”[3]
Konstitusiyaya görə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olaraq müəyyən olunmuşdu.[4] Onların statusu 1936-cı il Sovet Konstitusiyası ilə müəyyən edilsə də, bütün digər hüquqi qaydalar Azərbaycan Sovet Sosialist Respublikasının bir il sonra, 1937-ci ildə qəbul edilmiş yeni konstitusiyasına daxil edilmişdir.[5]
Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusiyası Dağlıq Qarabağın statusunu Muxtar Vilayət olaraq təsdiq edir, eləcə də dövlət orqanları və idarələrini, seçki üsullarını, nümayəndəlik qaydalarını, onların səlahiyyətləri və fəaliyyət qaydalarını, hökumət strukturunu və onların digər dövlət orqanları ilə əlaqələrini müəyyənləşdirirdi. Bundan əlavə, konstitusiya müəyyənləşdirirdi ki, dövlət orqanları aktları muxtar vilayətdə yaşayan əhalinin dilində – ermənicə və azərbaycanca dərc edilməlidir.[6]
Həmçinin, Azərbaycan SSR Konstitusiyasına görə (31-ci maddə) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinlərindən birini Dağlıq Qarabağ Muxtar Vilayəti özü seçməli idi.[7] DQMV-nin öz konstitusiyası yox idi, lakin o əraziləri üzərində rayon və ərazi bölgülərinin sərhədlərini yaratmağa imkan verən xüsusi hüquqlara malik idi ki, bu da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməli idi.[8] SSRİ və Azərbaycan SSR Konstitusiyalarında təsdiq və təsbit olunmuşdur ki, Azərbaycanın muxtar respublika və vilayəti müttəfiq respublikanın ayrılmaz tərkib hissəsidir və onun iradəsi olmadan dəyişdirilə bilməz.
[1] SSRİ Konstitusiyası, 1936
[2] Maddə 15 // SSRİ Konstitusiyası, 1936.
[3] Maddə 18 // SSRİ Konstitusiyası, 1936.
[4] Maddə 24 // SSRİ Konstitusiyası, 1936.
[5] Fəsil V, VI, VII // Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
[6] Maddə 78 // Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
[7] Maddə 31 // Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
[8] Maddə 19 (q) // Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.