1993-cü il aprelin 30-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası özünün 3205-ci iclasında yekdilliklə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun 3 aprel 1993-cü il tarixli işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən 822 saylı qətnaməni qəbul etdi. Bu qətnaməyə əsasən Təhlükəsizlik Şurası bölgədə sülh və təhlükəsizliyi təhlükə altına atan düşmənçilik fəaliyyətlərinin və hərbi əməliyyatların dayandırılmasını, bütün işğalçı qüvvələrin nəinki Kəlbəcər rayonundan, eləcə də Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Şura həmçinin Baş katibə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin sədri, habelə, Müşavirənin Minsk qrupunun sədri ilə birlikdə, “regionda, xüsusilə də Azərbaycanın Kəlbəcər rayonunda vəziyyəti qiymətləndirməyi və növbəti hesabatları şuraya təqdim etməyi tapşırmışdı”.[1]
Qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil deyildi və tarix boyu orada ermənilər yaşamamışdır.[2] Münaqişənin hər iki tərəfi üçün böyük strateji əhəmiyyət kəsb edən Azərbaycanın bu rayonu Dağlıq Qarabağ şimal-qərbi ilə Ermənistanın arasında yerləşən uzun bir ərazi zolağı idi.[3] Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Dağlıq Qarabağ Azərbaycan ərazisində anklav statusunu itirdi. Dağlıq Qarabağ 60 mil uzunluğunda və 30 mil enində torpaq sahəsi ilə faktiki olaraq Ermənistana birləşdi.[4]
1993-cü martın 27-də Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində güclü hücuma keçdi. Kəlbəcərdə əlavə yardım almayan zəif planlaşdırılmış kiçik bir müdafiə qrupu var idi. Lakin ermənilər yüksək səviyyədə hazırlıqlı idi. Kəlbəcər rayonuna əsas hücum Dağlıq Qarabağ hərbi hissələri tərəfindən deyil, qərbdən Ermənistanın Basarkeçər rayonu tərəfdən edildi. Nəticədə, aprelin 3-də ermənilər ciddi itki vermədən Kəlbəcər rayonunu işğal etdilər.[5] Ermənilər bu işğal aktını Dağlıq Qarabağın qorunması üçün “təhlükəsizlik zolağının” yaradılması məqsədilə həyata keçirildiyini bəhanə gətirirlər.[6]
Kəlbəcərə hücum vaxtı erməni silahlı qüvvələri tərəfindən müharibə qaydalarına zidd olan vətəndaşların məcburi köçürülməsi, fərq qoyulmadan atəş açılması və girov götürülməsi kimi bir sıra qanunsuz hərəkətlərə yol verilmişdi. Bir həftə ərzində azərbaycanlılar və kürdlərdən ibarət 60 min nəfər mülki əhali evlərini tərk etmək məcburiyyətində qalmışdılar.[7] ABŞ Dövlət İnsan Hüquqları Departamentinin ölkə hesabatında qeyd edilir: “Onlar (erməni qüvvələri) sakinləri evlərindən qovub, rayon mərkəzini və regionun bir çox kəndlərini talan edib və yandırıblar”.[8] “Human Rights Watch”a görə əvvəlcə Kəlbəcər rayonunun mülki əhalisinə qaçmağa icazə verildi. Lakin bir müddət sonra məlum oldu ki, “Murov dağları”na gedən yoldan başqa bütün qaçış yolları bağlanmışdır.[9] Tomas de Vaal bu hadisəni belə işıqlandırmışdır: “çıxılmaz vəziyyətdə qalan qaçqınlar ermənilərin açıq qoyduğu yeganə yolla – Murov dağına gedən 50 millik qarlı yolla qaçmağa çalışırdı”.[10] Nəticədə əsrlər boyu bu ərazidə yaşayan əksəriyyəti Azərbaycan kürdü olan mülki əhali Murov dağlarından qaçarkən həlak oldu.[11] “Human Rights Watch” Azərbaycan kürdlərinin qaçmasına belə aydınlıq gətirir:
Ermənilərin dediyinin əksinə, Laçın və Kəlbəcər rayonunda yaşayan kürdlərin nə bu əraziləri işğal etməkdə erməniləri dəstəkləməsinə, nə də bu rayonların Ermənistan tərəfindən işğal edilməsindən sonra əksər kürdlərin bu bölgədə qalaraq muxtar kürd rayonu yaratmaq istəmələrinə dair heç bir sübut yoxdur. Bütün kürdlər azərbaycanlılarla birlikdə qaçmışdılar.[12]
Bundan əlavə, amerikalı jurnalist Tomas Qoltz yazırdı ki, Kəlbəcər rayonunun işğalından sonra regionda olan kürd icması dünya kürdlərinə müraciət edərək ermənilərin Azərbaycana qarşı təcavüz və işğallarını, mülki əhalini qətl və qarət etmələrini dayandırmasını xahiş etmişdir. Müraciətdə deyilir: “Ölkəmizi təcavüzdən və işğaldan azad etmək məqsədilə kütləvi, beynəlxalq həmrəylik kampaniyası başlamaq üçün bütün dünya kürdlərini bizə, Azərbaycan kürdlərinə qoşulmağa səsləyirik! Sülh və ədalət adına Azərbaycanda qədim yurdumuzu qorumaqda bizlərə kömək edin!”[13] Kəlbəcərin işğalı nəticəsində regionun mülki əhalisi bir neçə həftə ərzində erməni silahlı qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalmış, doğma yurd-yuvalarından çıxarılmış və onlar dözülməz şəraitdə yaşayan böyük məcburi köçkünlər kütləsinə çevrilmişdilər. Bu da öz növbəsində Azərbaycanda humanitar böhrana səbəb oldu. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin 1993-cü ilin aprelindəki hesabatına əsasən regiondan 9582 ailə qeydiyyata alınaraq məktəblərdə, yay düşərgələrində, mehmanxanalarda və çadırlarda məskunlaşdırıldılar.[14]
Laçından sonra Kəlbəcərin ələ keçirilməsi Dağlıq Qarabağ və Ermənistan arasında ikinci bir quru dəhlizi yaratdı. Lakin bu, ermənilərə diplomatik cəhətdən baha başa gəldi. Ermənilərin xarici qüvvələrin köməyi ilə həyata keçirdiyi işğal Ermənistana beynəlxalq qınaq gətirdi. Əvvəldə qeyd edildiyi kimi, əməliyyatdan iyirmi səkkiz gün sonra BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatların dayandırılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. Tomas de Vaalın dediyinə görə “hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırarkən, qətnamədə erməni tərəfi xüsusi qeyd edilmişdi və ondan bütün işğalçı qüvvələri Kəlbəcərdən çıxartmaq tələb edilirdi”.[15]
Bununla belə, ermənilər Kəlbəcər rayonunun işğalında Ermənistan Respublikasının hərbi qüvvələrinin əli olduğunu inkar edirdi. Onlar Azərbaycanı beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif edilməsində ittiham edirlər. Onlar qətnamədə Ermənistanın “təcavüzkar” və ya “işğalçı” kimi heç bir zaman qeyd edilmədiyini, 822 saylı Qətnamədə silahlı toqquşmanın Azərbaycan və Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələri arasında baş verdiyini və münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunun göstərildiyini iddia edirlər.[16]
Lakin Kəlbəcər əməliyyatı zamanı hücumun əsas hissəsi Dağlıq Qarabağ erməniləri tərəfindən deyil, əsasən rayonun qərb hissəsindən, yəni Ermənistan ərazisindən olunmuşdu və bu da “erməni dövlətinin müharibədə açıq-aşkar iştirak etdiyini göstərirdi”.[17] Bununla bağlı De Wall həmçinin qeyd edir ki, “Ermənilərin hücumunun əsas istiqaməti qərbdən, Ermənistanın Vardenis bölgəsindən idi, lakin o zaman bu fakt siyasi səbəblərə görə inkar edilmişdi”.[18] Azərbaycan hərbi bölüyünün ələ keçirdiyi ermənilərin hərbi biletləri, xidmətə çağırış sənədləri, pasportları, məzuniyyət kartları, bülletenləri, ərizələri, habelə, Ermənistanın 555-ci motoatıcı alayının əsgərlərinin ifadəsi kimi bir sıra güclü dəlillər[19] Kəlbəcər rayonunun işğalında yalnız Ermənistan tərəfinin deyil, Rusiyanın 7-ci ordusu kimi xarici hərbi qüvvələrin də əli olduğunu sübut edir.[20] Bununla əlaqədar Tomas de Vaal yazır:
Azərbaycanlılar tərəfindən ələ keçirilmiş 1 aprel 1993-cü il tarixli hərbi xəritə mayor S.O.Barseqyana məxsus idi. Xəritədəki tarixlər göstərir ki, Barseqyan 2 mart tarixində Sevan gölü sahilində olmuş, martın 27-si axşam saat 16:30-da Ermənistan-Azərbaycan sərhədini keçmiş və Kəlbəcərə doğru yol almışdır. Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Azad İsazadədə bu xəritənin nüsxəsi var… Sonralar Azərbaycanın Təhlükəsizlik Nazirliyi çox təmiz rus dilində və kobud erməni aksenti ilə danışan iki rəsmi nümayəndə arasında gedən danışıqları lentə almış audiokaseti dərc etmişdi.[21]
Bununla əlaqədar olaraq, “Human Right Watch” qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən verilmiş radio məlumata əsasən Rusiyanın 7-ci Ordusunun 128-ci alayına məxsus qoşun hissələri Kəlbəcərin işğalında iştirak etmişdir. “Human Right Watch” eləcə də qeyd edir ki, lent yazılarına qulaq asdıqdan sonra rus dilinə mükəmməl bələd olan BMT-nin Bakıdakı nümayəndəsi Mahmud əl-Səid lent yazısındakı səsin yerli rusdilli şəxsə məxsus olduğunu təsdiq etdi.[22]
Bundan başqa, Kəlbəcər rayonunun işğalında Ermənistan qüvvələrinin birbaşa iştirakı Qərb xəbər agentlikləri tərəfindən də sübut edilmişdir. 8 aprel tirajında, “The Independent” qəzeti yazırdı: “Azərbaycan torpaqlarını məhz Ermənistan işğal etmişdir”, bir həftə sonra 14 aprel tarixində isə “The Times” qəzeti yazırdı “bir şey dəqiqdir: Kəlbəcər rayonuna qərbdən Ermənistan tərəfdən, şərqdən isə Dağlıq Qarabağ tərəfdən hücum edilmişdir”. “The Washington Post” qəzeti isə öz növbəsində digər informasiya agentliklərini dəstəkləyərək aprelin 28-də yazmışdı: “Keçmiş sovet respublikaları Ermənistan və Azərbaycanın cəlb edildiyi müharibə yeni, təhlükəli mərhələyə daxil olur…”[23]
ATƏT-in Minsk qrupu da münaqişənin iki dövlət Ermənistan və Azərbaycan arasında olduğunu tanımış və 28 sentyabr 1993-cü il tarixli qərarı ilə “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı Qətnamələrinin dərhal həyata keçirilməsinin zəruri olduğunu vurğulayaraq bu istiqamətdə təcili addımlar atılması üçün qrafik” təyin etmişdir.[24] Bu arada Minsk Qrupu ABŞ dövlət katibi Ceyms Beykerin adını daşıyan Beyker Qaydalarına uyğun olaraq münaqişə tərəfləri arasında danışıqlar prosesini işə salmışdı. Beyker Qaydaları münaqişənin yalnız iki “əsas tərəfini” – Ermənistan və Azərbaycanı tanıyırdı.[25]
Bundan başqa, 822 saylı qətnamədə “Azərbaycan Respublikasının Kəlbəcər rayonunun yerli erməni qüvvələri tərəfindən son işğalı” ifadəsindəki “işğal” sözünə xüsusi diqqət yetirmək lazımdır.[26] Ermənilər iddia edirlər ki, bu Ermənistanla Azərbaycan arasında deyil, Azərbaycan və Dağlıq Qarabağ erməniləri arasında “daxili qarşıdurma” kimi şərh edilməlidir. Lakin beynəlxalq hüquq terminlərinə görə, “işğal” sözü əsasən 1974-cü ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş və “bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə hücumu və ya işğalı, və ya bu cür işğal və ya hücum nəticəsində yaranan hər hansı müvəqqəti hərbi işğal və ya başqa bir dövlətin ərazisinin və ya onun bir hissəsinin güc tətbiqi ilə hər hansı formada ilhaq edilməsi” nəticəsində suveren dövlətə qarşı silahlı təcavüz baş verdiyini ifadə edən beynəlxalq münaqişə termini kimi istifadə edilir.[27]
Kəlbəcər rayonunun işğalında “yerli erməni qüvvələri”nə köməklik göstərdiklərini vurğulayan Ermənistan xarici İşlər nazirinin müavini Liberdiyan bildirir: “Biz onların təhlükəsizliyi və yaşamaları üçün nə lazımdırsa onlara verdik. Buraya qənd, un, elektrik, kiçik silahlar, tanklar və quru-hava raket sistemləri daxildir.”[28]
Kəlbəcərin işğalı qonşu ölkələrin Azərbaycana qarşı təcavüzü dayandırmaqda və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlamaqda Ermənistana təzyiq göstərmələrinə təkan verdi. Kəlbəcərin işğalından sonra Türkiyə dərhal Ermənistanla sərhədi bağladı. [29] Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonları kimi Azərbaycan ərazilərinin işğalı İranı da narahat etməyə başladı. BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubunda İranın xarici işlər naziri Əli Əkbər Vilayəti “BMT Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı Qətnamələrini həyata keçirmək üçün təcili və təsirli tədbirlər görməyə və işğalçı qüvvələrin atəşkəsi qəbul etməsinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə geri çəkilməsinə vadar etməyə” çağırırdı.[30]
Rusiya da sonralar Minsk qrupuna İtalyan həmsədrin qoşulması ilə “3+1 təşəbbüsü” adlandırılan Rusiya, Türkiyə və ABŞ-nin iştirak etdiyi üçtərəfli sülh danışıqlarını dəstəkləyirdi. Bu təşəbbüs Ermənistan hərbi qüvvələrinin Kəlbəcər rayonundan çıxarılmasını, 2 aylıq atəşkəsin başladılması üçün proqramın hazırlanmasını, yeni sülh danışıqlarının bərpasını tələb edirdi. Azərbaycan və Ermənistan sülh planını qəbul etsə də, 1993-cü ilin may ayında Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə təminatla bağlı heç bir maddənin qeyd edilməməsi bəhanəsi ilə bu sülh planını rədd etdi.[31]
Dağlıq Qarabağ Dövlət Müdafiə Komitəsinin sədri Robert Koçaryan bunu belə şərh edir:
…regionda sülh deyiləndə Qarabağ xalqının əsas maraqları nəzərə alınmalıdır… Bu səbəbdən, üçtərəfli təşəbbüsə cavab olaraq təşəbbüsdə təhlükəsizliyin zəif olduğunu görən Qarabağ rəhbərliyi dünya ictimaiyyətini Qarabağ xalqının hüququna hörmətlə yanaşmağa, onların təhlükəsizliyini təmin etməyə çağırır.[32]
Svante Kornell Dağlıq Qarabağ erməniləri tərəfindən sülh təşəbbüsünün rədd edilməsini “öz məqsədlərini həyata keçirmək və diplomatik qınağı aradan qaldırmaq” üçün Ermənistan hökumətinin bəhanəsi kimi şərh edir.[33] Ermənistan hökumətinin təzyiqi ilə Dağlıq Qarabağ erməniləri 14 iyunda planı qəbul etsələr də planın həyata keçirilməsi üçün bir aylıq möhlət istədilər. Lakin 1993-cü ilin iyulunda erməni qüvvələri tərəfindən Ağdamın işğal edilməsi ilə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin və “3 +1 təşəbbüs”ün heç bir önəmi qalmamışdı.[34]
[1] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, “822 saylı Qətnamə”, s/RES/822, 30 aprel 1993-cü il.
[2] Sheets, Lawrence Scott, “A ‘Frozen Conflict’ That Could Boil Over”, The New York Times, 8 mart 2012-ci il; (http://www.nytimes.com/2012/03/09/opinion/a-frozen-conflict-that-could-boil-over.html?_r=1&). İstifadə tarixi: 1 noyabr 2013-cü il.
[3] a.k.ə. De Waal, T. – 2003. – s. 211.
[4] Bonner, Raymond, “War in Caucasus Shows Ethnic Hate’s Front Line”, The New York Times, 2 avqust 1993-cü il;(http://www.nytimes.com/1993/08/02/world/war-in-caucasus-shows-ethnic-hate-s-front-line.html?pagewanted=all&src=pm). İstifadə tarixi: 1 noyabr 2013-cü il.
[5] a.k.ə. De Waal, T. – 2003. – s. 211.
[6] a.k.ə. Sheets, Lawrence Scott. – 2012.
[7] a.k.ə. Human Rights Watch. – 1994. – s. 8–9
[8] McDowall, D. A Modern History of the Kurds. – I.B. Tauris, 2004. – s. 493.
[9] a.k.ə. Human Right Watch. – 1994. – s. 11.
[10] a.k.ə. De Waal, T. – 2003. – s. 212.
[11] a.k.ə. De Waal, T. – 2010. – s. 121.
[12] a.k.ə. Human Rights Watch. – 1994. – s. 9. Həmçinin bax: “You too, Armenia”, Kurdish Life, No. 9, Winter 1994, published by Kurdish Lybrary, Brooklyn, New York.
[13] a.k.ə. Goltz, T. – 1999. – s. 346. Müəllif yazır: “Mənim bildiyimə görə sənəd kürdlər və ermənilər haqqında ümumi görüşə zidd olduğu üçün heç bir beynəlxalq insan haqları nəşri tərəfindən çap edilməyib. – s. 347.
[14] a.k.ə. Human Right Watch. – 1994. – s. 15
[15] a.k.ə. De Waal, T. – 2003. – s. 213.
[16]Avetisyan, Aram, “Karabakh Knot: Myths and Realities”, Foreign Policy Journal, 10 mart 2012-ci il; (http://www.foreignpolicyjournal.com/2012/03/10/karabakh-knot-myths-and-realities). İstifadə tarixi: 2 dekabr 2022-ci il.
[17] a.k.ə. Cornell, S.E. . – 2011. – s. 73.
[18] De Waal, T. Black Garden. – s. 211.
[19] Sadigbeyli, R. The Implications of the 1993 U.N. Security Council Action for the Settlement of the Armenia Azerbaijan Conflict. – Caucasian Review of International Affairs, Vol. 3 (4), Autumn 2009. – s. 349. Həmçinin bax: a.k.ə. Human Rights Watch. – 1994. – s. 69.
[20] a.k.ə. De Waal, T. – 2003. – s. 213.
[21] a.k.ə. De Waal, T. – 2003, Note 34 of the Chapter 13. – s. 316–317.
[22] a.k.ə. Human Right Watch. – 1994, footnote 39. – s. 8.
[23] a.k.ə. Sadigbeyli, R. – 2009. – s. 350.
[24] a.k.ə. Sadigbeyli, R. – 2009. – s. 355.
[25] Huseynov, J. Karabakh Peace Process Must Be Fully Inclusive, RFE/RL, 1 sentyabr 2009-cu il; (http://www.rferl.org/content/Karabakh_Peace_Process_Must_Be_Fully_Inclusive_/1812056.html). İstifadə tarixi: 2 dekabr 2024-cü il.
[26] a.k.ə. 822 saylı Qətnamə.
[27] a.k.ə. Sadigbeyli, R. – 2009. – s. 354.
[28] a.k.ə. Bonner, Raymond (1993).
[29] Shiriyev, Zaur & Davies, Celia, “The Turkey-Armenia-Azerbaijan Triangle: The Unexpected Outcomes of the Zurich Protocols”, Perceptions, Vol. XVIII, No. 1. – s. 186.
[30] a.k.ə. Sadigbeyli, Rovshan. – 2009. – s. 364–365. Həmçinin bax: letter from the Charge d’Affaires a.i. of the Permanent Mission of the Islamic Republic of Iran addressed to the Secretary-General, U.N. Doc. S/26387, 31 31 avqust 1993-cü il.
[31] a.k.ə. Baser, Bahar. – 2008. – s. 92.
[32] a.k.ə. Human Right Watch. – 1994. – s. 17–18.
[33] a.k.ə. Cornell, S.E. – 2001. – s. 85.
[34] a.k.ə. Human Right Watch. – 1994. – s. 18.