1993-cü ildə Azərbaycanda baş vermiş daxili siyasi qarışıqlıq Birinci Qarabağ müharibəsinin nəticələrinə necə təsir göstərib?

Azərbaycanın milliyətçi və demokratik düşüncəli ikinci prezidenti Əbülfəz Elçibəyin prezident vəzifəsindən imtina etməsinə səbəb olan daxili və xarici amillər nəticəsində 1993-cü ildə Azərbaycanda siyasi qarışıqlıq yarandı və bu, Rusiyanın birbaşa dəstəyi ilə Dağlıq Qarabağ üzərində Ermənistanın siyasi və hərbi gücünü artırdı. Elçibəyin prezidentliyi dövründə Rusiyanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi Elçibəyin qərb meyilli və antirus siyasəti idi.

Qeyd etmək lazımdır ki, Elçibəy hökumətinin xarici siyasətinin əsas prioritetini Türkiyə və qərb ölkələri ilə yüksək səviyyəli əlaqələrin inkişafı və Azərbaycanın Rusiyanın siyasi təsirindən çıxarılması təşkil edirdi.[1] Azərbaycanın “türkləşmə” siyasəti və davamlı olaraq MDB-yə qatılmaqdan imtina etməsi Rusiyanı qəzəbləndirərək onu Ermənistanla əlaqələrini gücləndirməyə doğru yönəltmişdi. Təhlillər göstərir ki, Rusiya MDB-ni Cənubi Qafqazda öz müstəsna hegemonluğunu yenidən bərpa etmək üçün əsas vasitə olaraq görürdü. Lakin Elçibəy hökumətinin 1991-ci il Daşkənd sazişini ratifikasiya etməməsi və MDB-yə qatılmaqda istəksizliyi Rusiyanın regiona dair strateji planlarını əngəlləyirdi.[2]

Rusiya ilə Azərbaycan arasında gərginliyin artmasının digər səbəblərindən biri də regionda qərb ölkələrinin və qərb yönümlü təşkilatların artan rolu idi. Xüsusilə də ATƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik prosesinə rəhbərlik etməsi Rusiyanın narahatlığını artırmışdı. Buna görə də Rusiya öz hərbi qüvvələrini müharibə şəraitində olan iki Cənubi Qafqaz ölkəsinin sərhədində yerləş­dirmək istəyirdi. Eyni zamanda, ATƏT öz fəaliyyətini Rusiya ilə koordinə etməyə çalışır və təkliflərində “MDB çərçivəsində rusiyalı müşahidəçilərin cəbhə xəttində və ya konkret olaraq işğal olunmuş Laçın rayonunda Azərbaycan-Ermənistan sərhədi zonasında yerləşdirilməsini”ni nəzərdə tuturdu.[3] Buna baxmayaraq, Azərbaycan parlamentinin MDB ilə bağlı qərarından sonra Azər­baycan hökuməti MDB-nin 1993-cü il yanvarın 17-də Minskdə keçirilən zirvə toplantısında iştirak etməkdən imtina edərək Rusiyanın regionda öz “sülhməramlı qüv­vələrini” yerləşdirmək üçün irəli sürdüyü hərbi təklifi rədd etdi. Elçibəy hakimiyyətinin əsaslandırmasına görə Rusiyanın sülhməramlı qüvvələr kimi regionda öz hərbi qüvvələrini yerləşdirməkdə niyyəti bunu Azərbaycana qarşı siyasi alət kimi istifadə edərək Dağlıq Qarabağı digər bölgələrdən təcrid etmək idi.[4] Buna görə də Elçibəy hakimiyyəti Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını təkid edirdi.[5]

O zamanlar Rusiya ilə mövcud vəziyyəti ağırlaşdıran digər amillərdən biri də Elçibəy hökumətinin enerji siyasəti idi. Elçibəyin enerji siyasətinin əsas prioritetləri Qərb transmilli şirkətlərin diqqətini Azərbaycanın Xəzər dənizindəki enerji ehtiyatlarının mənimsənilməsinə cəlb etmək idi. Bu baxımdan müxtəlif neft şirkətləri konsorsiuma daxil olmaq üçün dəvət edilmişdi. Lakin Elçibəyin Rusiyaya qarşı antaqonist münasibətinə görə Rusiya bu konsorsiuma daxil deyildi.[6] Azərbaycan hökuməti ilə müxtəlif xarici neft şirkətləri arasında Azərbaycan neft yataqlarının istismarı ilə əlaqədar enerji üzrə yekun müqavilənin 1993-cü ilin iyununda Londonda imzalanması nəzərdə tutulmuşdu.

Buna görə də Rusiya öz ənənəvi “parçala, hökm sür” siyasətini tətbiq etməyə başladı. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı Rusiyanın tələblərini qəbul etməyə vadar etmək baxımından Rusiya üçün şans idi. Qarabağ cəbhəsində davam edən uğursuzluqlara baxmayaraq, “Elçibəy hökuməti heç cür yola gəlmir və Rusiyanın hətta ən yumşaq tələblərini belə qəbul etməkdən boyun qaçırırdı.”[7] Beləliklə, Rusiyaya qarşı düşmənçilik mövqeyi Elçibəy hökumətinə baha başa gəldi.

Rusiyanın Birinci Qarabağ müharibəsində Ermənistana kömək etməsi və Surət Hüseynovun hökumət əleyhinə çevriliş etmək cəhdini dəstəkləməsi Elçibəy hökumətinin hərbi qüvvələr üzərində nəzarətini itirməsi ilə nəticələndi. 1992-ci ildə Elçibəy hökumətinin uğurlu əks hücumlarına baxmayaraq, artıq vəziyyəti nəzarətdə saxlamaq mümkün deyildi, çünki Azərbaycanın Dağlıq Qarabağdakı hərbi birləşmələri bunu öz şəxsi ordusu hesab edən azərbaycanlı hərbi “liderlər” tərəfindən idarə edilirdi. Rusiyanın təzyiqi ilə bu hərbi “liderlər”in öz hərbi dəstələrini ön cəbhədən geri çəkməsi erməni ordusuna qarşı dayanmaqda çətinlik çəkən Azərbaycan hökumətinin nizami ordusunu daha da zəyiflətdi. Bundan başqa, ölkənin şimalında Sadval hərəkatı kimi, Azərbaycanın cənub hissəsində isə Əlikram Hümbətovun başçılıq etdiyi qiyamlar baş qaldırmışdı. Bütün bu amillər Dağlıq Qarabağda ərazilərin itirilməsinə və yeni hərbi uğursuzluğa qarşı ictimai etirazlara yol açdı.[8] Bu da 1993-cü ilin iyun ayında Elçibəyin tutduğu vəzifəni tərk etməsinə və Heydər Əliyevin hakimiyyətə gəlməsinə səbəb oldu. Nəticədə, 1993-cü ildə Azərbaycanda siyasi qarışıqlıqlar zamanı erməni silahlı qüvvələri Rusiyanın dəstəyi ilə Dağlıq Qarabağ ətrafındakı əksər bölgələri işğal etməyə nail oldular. Yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarını tərk etməyə və Azərbaycanın digər rayonlarında məskunlaşmağa vadar oldular.


[1] Gül, Murat, “Russia and Azerbaijan: Relations after 1989”, Alternatives: Turkish Journal of International Relations, Vol. 7, No. 2&3, 2008. – s. 56–57.

[2] Souleimanov, Emil & Evoyan, Lia, “Two Position on the Nagorno Karabakh war: Russian and Turkish (1990–1994)”, Central Asia and the Caucasus: Journal of Social and Political Studies, Vol. 13, Issue 4, 2012. – s. 11.

[3] a.k.ə. Elkhan Mekhtiev, “Security Policy in Azerbaijan”.

[4] a.k.ə. Elkhan Mekhtiev, “Security Policy in Azerbaijan”

[5] Ismailzade, Fariz, “Azerbaijan’s Tough foreign Policy Choices”, UNISCI Discussion Papers, 2004. – s. 4

[6] Top, Gözde, “Azerbaijan in Post-Independence Period”, Platform for Global Challenges, 2012. – s. 3.

[7] a.k.ə. Souleimanov, Emil & Evoyan, Lia. – 2002. – s. 11.

[8] Aliyeva, Leila, “The Institutions, Orientations, and Conduct of Foreign Policy in Post Soviet Azerbaijan,” in Adeed Dawisha and Karen Dawisha ed., The Making of Foreign Policy in Russia and New States of Eurasia. – M.E. Sharpe, 1995. – s. 295.