ATƏT-in Minsk qrupunun “paket həll” təklifi nəyi nəzərdə tuturdu?

ATƏT-in Minsk qrupunun “paket həll” variantı sülh təklifi (rəsmi adı: Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına dair Hərtərəfli Saziş) Dağlıq Qarabağ müna­qişəsinin sülh planı üzrə əsas çərçivədə ümumi razılığa gəlinməsi üçün 1997-ci iin yayında Minsk qrupunun həmsədrləri tərəfindən münaqişə tərəflərinə təqdim edilmişdi. Təklif münaqişənin bütün aspektlərinin, o cümlədən Minsk Qrupunun həmsədrləri tərəfindən ilk dəfə olaraq sülh təkliflərinə daxil edilmiş Dağlıq Qarabağın statusunun eyni vaxtda həllinin tapılmasına yönəlmişdi.[1] Təklifin girişində münaqişə tərəfləri BMT Nizamnaməsində əks olunmuş müddəalara, ATƏT-in əsas prinsip və qərarlarına və beynəlxalq hüquqda hamılıqla qəbul edilmiş normalara, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tam yerinə yetirilməsinə sadiqliklərini ifadə edirdilər. Təklifə görə tərəflər silahlı münaqişəni dayandırmağa, normal münasibətləri bərpa etməyə və daha sonra Dağlıq Qarabağın yekun statusu haqqında razılaşmalar əldə etməyə təşviq olunurdu. 1-ci sazişdə tərəflərdən münaqişəni sülh yolu ilə həll etmək, yəni “münaqişəni həll etmək üçün silahlı qüvvələrin istifadəsindən imtina etmək… və bütün silahlı qüvvələri geri çağırmaq” tələb olunurdu. Lakin 2-ci saziş Dağlıq Qarabağın statusu ilə bağlı idi və münaqişə tərəflərini Azərbaycan və Ermənistan sərhədlərinin ərazi bütövlüyünü və toxunulmazlığını tanımağa və öz konstitusiya, bayraq, möhür və himninə malik olacaq Dağlıq Qarabağın inzibati sərhədinin keçmiş DQMV sərhədlərinə uyğun olaraq Azərbaycan sərhədləri daxilində qurulmasına çağırırdı.[2]

Ermənistan Dağlıq Qarabağ ermənilərinin təzyiqi altında bu təklifi rədd etdi. Əvəzində 1997-ci ilin sentyabrında Minsk Qrupu tərəfindən münaqişə tərəflərinə təqdim edilmiş “mərhələli həll” variantı sülh təklifini qəbul etməyə razılaşdı. Lakin bu dəfə də Dağlıq Qarabağ yeni təklifi rədd edərək birinci varianta, yəni “paket həll” variantına qayıtmağa israr edirdi. Dağlıq Qarabağın “paket həll variantı”na geri qayıtma təklifi və ermənilərin etirazı ilə bağlı olaraq Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qeyd edir: “Biz “paket həll” variantı ilə Qarabağ və Azərbaycan arasında sazişin uzun müddət, çox güman ki, heç bir zaman əldə edilməyəcəyinə əmin idik. “Paket həll” variantına geri qayıtmaq təklifi problemin həllinə deyil, vaxt qazanmağa nail olmaq məqsədi daşıyırdı”.[3] Nəticədə, “paket həll” variantı ləğv edildi və Ermənistan hakimiyyətinin imtinası ilə öz mənasını itirdi.


[1] Mammadov, Ilgar, “Mediation Abilities of the Organization for Security and Cooperation in Europe (OSCE) in the Case of the Settlement of the Nagorno-Karabakh Conflict”, Central Asia and the Caucasus, No. 6 (30), 2004. – s. 14.

[2] a.k.ə. OSCE Minsk Group Co-chairmanship, (Package Deal), iyul 1997-ci il.

[3] “Statement of President Levon Ter-Petrossian at National Security Council Session”, 7–8 yanvar 1998-ci il. Götürülmüşdür; Caucasus Context, Vol. 4, Issue 1, Spring 2007. – s. 20.