Birtərəfli olaraq “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsi və onun Azərbaycandan ayrılması 1990-cı il 3 aprel tarixli SSRİ Qanunun müddəalarına nə dərəcədə uyğun idi?

Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb hüquqi aspektlərindən biri “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunudur ki, öz separatçı fəaliyyətini əsaslandırmaq üçün erməni tərəfi bu addımın hüquqi əsası qismində ona istinad edir. Ermənistan əmindir ki, 3 aprel 1990-cı il SSRİ Qanunu, xüsusilə də onun “1, 3, 4, 6, 7, 8, 12 və 19-cu maddələri hər hansı sovet respublikasının SSRİ-dən ayrılmasını, həmin respublikanın ərazisində muxtar vilayətə öz müstəqillik prosesinə başlamasını” nəzərdə tuturdu.[1]

Əslində isə bu qanun ittifaq respublikaları ilə müzakirə olunmadan hazırlanaraq qəbul edilmişdi və Sovet İttifaqının çökməsi ərəfəsində dağılmaqda olan dövlətin rəhbərləri imperiyanın parçalanmasının qarşısını almaq məqsədilə strategiya tapmağa çalışaraq ayrılmağa imkan verməmək üçün bu qanunu təklif etmişdilər.[2] Bundan əlavə, qanun o zaman hələ də ölkənin ali qanunu olan 1977-ci il SSRİ Konstitusiyasının 72 və 78-ci maddələrinə zidd olduğu üçün qeyri-qanuni hesab edilməlidir. 78-ci maddəyə görə “İttifaq respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. İttifaq respublikaları arasında sərhədlər respublikaların qarşılıqlı razılığı ilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən baxıldıqdan və ratifikasiya edildikdən sonra dəyişdirilə bilər.”[3] Buradan aydın görünür ki, 1990-cı il 3 aprel SSRİ Qanunu birbaşa konstitusiyanın 78-ci maddəsinə zidd idi, çünki Dağlıq Qarabağın ayrılmasına Azərbaycan tərəfinin razılığı yox idi.

Bundan əlavə, DQMV erməniləri müstəqilliklərini elan etməklə 1990-cı il 3 aprel SSRİ Qanunun əhalinin 2/3 hissəsinin iştirakı ilə referendumun keçirilməli olduğunu qeyd edən 6 və 7-ci maddələrini pozmuşlar. Referendumdan sonra nəticələr ittifaq dövləti tərəfindən təsdiq olunaraq müzakirə edilmək üçün Moskvaya göndərilməli idi.[4] Halbuki, DQMV-nin Azərbaycan əhalisi referendumda iştirak etməmiş və nəticələri isə təsdiqlənməsi üçün Azərbaycana göndərilməmişdir.

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, “İttifaq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ittifaq konstitusiyasına zidd idi və qanunsuz hesab olunmalıdır. Buna görə də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini elan etməsi qeyri-qanuni idi.


[1] a.k.ə. Avakian, S. Nagorno-Karabagh: Legal Aspects. – p. 33.

[2] a.k.ə. Baguirov, A. Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic Claims used to Justify the Armenia-Azerbaijan War. – s. 10

[3] Maddə 78 // SSRİ Konstitusiyası, 1977.

[4] Закон СССР, “О порядке решения вопросов, связанных с выходом союзной республики из СССР”, № 1409–1 от 3 апреля 1990 года, Стати: 6 и 7