XVIII əsrin əvvəllərində Rusiya İmperiyası dünyanın ən güclü dövlətlərindən biri olmağa çalışırdı. Bu məqsədlə Rusiya bölgədən keçən ticarət yollarına çıxış əldə etmək və onlara nəzarət etmək üçün indiki İran və Yaxın Şərq ərazisini işğal etməyi planlaşdırırdı. [1] Rusiya bu planı həyata keçirmək üçün birinci növbədə Qafqazı öz himayəsinə almalı idi. Bu səbəbdən 1722-ci ildə rus ordusu Dərbənddən Gilana qədər olan Azərbaycanın Xəzər sahili vilayətlərini işğal etdi.[2]
Ruslarla ermənilər arasında ilk işbirliyi də bu dövrdə baş vermişdi. I Pyotr (1696–1725) dağılmaq üzərə olan Səfəvi dövləti ilə girişdiyi bəzi döyüşlərdə ermənilərdən də istifadə etmişdi. Hətta ermənilərlə olan münasibətlərini daha da inkişaf etdirmək üçün I Pyotr 1724-cü il noyabrın 10-da Rusiyanın himayəsi altında ermənilərin Rusiya imperiyası ərazisində yerləşdirilməsinə dair fərman verdi.[3] Bunun üçün də I Pyotrla görüşən qabaqcıl erməni ailələrindən bir neçəsi Rusiya İmperiyasının paytaxtı Peterburqa dəvət edildi. Sonralar Peterburqda erməni məhəlləsi də quruldu.[4] Beləcə, gələcəkdə bütün Qafqazı və daha sonra da İran ilə Osmanlı dövlətini işğal etməyi planlayan rus çarı, bu ölkələrdə yaşayan ermənilərdən siyasi məqsədləri üçün istifadə etmənin təməllərini atmış oldu.
I Pyotrun başlatmış olduğu bu siyasət daha sonralar varisləri tərəfindən davam etdirildi. Bu dövrdə Rusiyaya aparılan erməni ailələrindən biri də rus ordusunda xidmət edən məşhur Lazarevlər (Lazaryan) ailəsi idi. Lazarevlərin Rusiyada məskunlaşması gələcəkdə rus-erməni işbirliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Belə ki, XVIII əsrin son rübündə Rusiya İmperiyası bütün Qafqazı işğal etməyi qəti olaraq qərarlaşdırmışdı. 24 iyul 1783-cü ildə gürcülərlə 13 maddədən ibarət Georgiyevsk müqaviləsini imzaladıqdan sonra Rusiya Tiflisə üç min əsgər yerləşdirdi.[5] Rusiyanın Qafqaza gəlməsinin bu dəfəki bəhanəsi, güya xristiyan xalqın mənafeyini müdafiə etmək idi. Beləliklə, Rusiya-Ermənistan münasibətləri həmin dövrdən etibarən mühüm xarakter almışdır. Qafqazı işğal etmək üçün ermənilərdən istifadə etmək üçün Rusiya onlara Qafqazda erməni dövləti yaradacağına söz verdi.[6] Ona görə də Rusiyanın Qafqaza müdaxiləsi zamanı XVIII əsrin sonu-XIX əsrlərdə ümumilikdə Ermənistan, xüsusən də Lazaryevlər ailəsi xüsusi rol oynamışdır.
Osmanlı və İran dövlətlərindən dəstək alan Azərbaycan xanlıqları tərəfindən Rusiyanın XVIII əsrin sonları üçün nəzərdə tutduğu Qafqazın işğalı planının müvəqqəti də olsa qarşısı alınmış oldu.[7] Buna baxmayaraq, Rusiya işğal niyyətindən əl çəkməyərək general Valerian Zubov komandanlığında 30 min əsgərlik rus ordusunu Qafqaza doğru yola saldı. “Səlib yürüşü” təəssüratını yaradan bu yürüyüşü keşişlər müşayiət edirdi. 1796-cı ilin may ayının 10-da Dərbəndə çatan rus ordusunu, erməni keşişi İyosif Stepan Davidov qarşılayaraq onlara bələdçilik etməyə başladı.[8] Ermənilərin də dəstəyi ilə ruslar Quba (6 iyun), Bakı (13 iyun), oktyabr ayında Salyan və Gəncə də daxil olmaqla Azərbaycanın şimal torpaqlarının böyük hissəsini işğal edə bildilər.
Ancaq çariça II Yekaterinanın 1796-cı ilin noyabr ayında ölümü Rusiyanın bu işğal planını yarımçıq qoydu.[9] General Zubovun geriyə dönərkən, çox sayda erməni uşağını Rusiyada oxutmaq və gələcəkdəki işğal siyasətində erməni xalqından istifadə etmək üçün özüylə birlikdə apardığı bilinməkdədir. Bundan başqa XIX əsrin əvvəllərindən başlayaraq Rusiyada erməni məktəblərinin açılması və 1816-cı ildə Moskvada qurulan Lazaryan institutunun da erməniləri cəlb etmək üçün mühüm rol oynadığı bilinir.[10] Bu hadisələrdən sonra Cənubi Qafqazda rus-erməni birgə fəaliyyət planı həyata keçirilməyə başlandı. Bir müddət sonra qonşu ölkələrdə yaşayan ermənilər də bu işə cəlb edildi. Artıq, Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı Lazarevlər, Yuannes, Mədətov, İvan Korqanov, Cəmşid Şahnazar və Vasili Bebudov kimi kifayət qədər sayda erməni əsilli zabit Rusiya ordusunda xidmət edirdi.[11]
Ermənilərin Cənubi Qafqazda təsirini gücləndirmək üçün Azərbaycanın işğalından sonra ermənilərin bölgəyə köçürülməsi ilə yanaşı, Çar imperiyası Azərbaycanın Alban kilsəsini və xristian abidələrini də dağıtmaq siyasətini həyata keçirmişdir. Buna görə də 1836-cı ildə Rus Sinodunun qərarı ilə Alban kilsəsini erməni kilsəsinin tabeliyinə verdikdən sonra ermənilər sistemli şəkildə alban irsinə hücum etməyə, əvvəlki yazıları silməyə, abidələri məhv etməyə və ya erməniləşdirməyə başladılar. Bununla bağlı qeyd edilir ki:
Əgər İslam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azərbaycan mədəni irsinin digər hissəsi – Qafqaz Albaniyasının xristian abidələri ya dağıdılır, ya da erməniləşdirilir. Alban knyazlarının tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağlı xristian məbədləri və monastr kompleksləri “ermənilərinki” olur. Erməni tədqiqatçıları bu abidələr üzərində onların erməniləşdirilməsinə yönəldilmiş “bərpa” işləri aparırlar. Bu işlər işğal olunmuş ərazilərdə, başqalarına məxsus abidələr üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldığı üçün qanunsuzdur. Bu abidələrdən alban mədəniyyətinin izləri silinir. “Bərpa” işləri adı altında saxtalaşdırılma aparılır və alban Qarabağ memarlığının səciyyəvi xüsusiyyətləri məhv edilir.[12]
Nəticə olaraq demək olar ki, XVII əsrdə sadəcə ticarət işləri üzrə qurulmuş olan rus-erməni münasibətləri, XVIII əsrin əvvəllərindən başlayaraq siyasi mahiyyət qazanmışdır. Rusiyanın bu münasibətləri qurmaqda məqsədi isə, Cənubi Qafqazın işğal olunma prosesində ermənilərdən istifadə etmək, işğaldan sonra Rusiyanın mövqeyinin möhkəmləndirilməsi üçün dayaq nöqtəsi yaratmaq, oralarda özlərinə tabe ermənilərin sayını artırmaq və nəinki yerli müsəlmanların sayının azaldılmasını təmin etmək hətta, dağlıq bölgələrdə var olan xristian albanların tarixi miraslarını da ermənilərə əmanət etmək olmuşdur.
[1] Mouravief, B. Deli Petro’nun Vasiyetnamesi / tərcümə edən: Refik Özdek. – İstanbul. – 1966. – s. 60. Həmçinin bax: Kocabaş, S. Tarihte Türk-Rus Mücadelesi. – İstanbul: Vatan yayınları. – 1989. – s. 92.
[2] a.k.ə. Azərbaycan tarixi. – c. 3. – 2007. – s. 360–362. Həmçinin bax: a.k.ə. Kocabaş, S. Tarihte Türk-Rus Mücadelesi. – s. 93.
[3] Мехтиев, Р. Нагорный Карабах: история, прочитанная по источникам. – Москва: Аквариус. – 2014. – c. 90–92. Həmçinin bax: I Pyotrun erməni xalqına ali fərmanı // Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828): [4 cilddə]. – Bakı. – c. 1. – 2009. – s. 141–147. Həmçinin bax: Rus çarı I Pyotrun erməni xalqına fərmanı. 10 noyabr 1724-cü il // Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə: [3 cilddə] / tərtibçi müəlliflər: T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov. – Bakı: Elm. – c. 1. – 2010. – s. 51–54.
[4] Qlinka, S.N. Azərbaycan ermənilərinin Rusya hüdudlarına köçürülməsinin təsviri. – Bakı: “Azərbaycan” nəşriyyatı. – 1995. – s. 8–9. Həmçinin bax: Demirel, M. Ermeni Meselesi ve Rusya // 8. Askeri Tarih Semineri, 24–26 Ekim 2001, İstanbul. – Ankara. – 2003. – s. 339–340.
[5] BOA. HH. Nr., 110; 324-G. Həmçinin bax: Georgiyevsk müqaviləsi // Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828): [4 cilddə]. – Bakı. – c. 1. – 2009. – s. 269–276.
[6] Yüksel, İ. Çarlık Rusya’nın Azerbaycan’ı İstilası ve Osmanlı Devleti’nin Tutumu // Kafkas Araştırmalar. – 1988. № 1. – s. 51. Həmçinin bax: Nəcəfli, G. XVIII yüzillikdə ermənilərin Qarabağ ərazisində dövlət yaratmaq cəhdləri // R.Yılmaz (red.). Qarabağ bildiklərimiz və bilmədiklərimiz. Bakı: Qafqaz Universiteti. – 2010.
[7] BOA, Name-i Hümayun Defteri, Nr. 7. – s. 78–82.
[8] Barthold, W. Derbent // İslam Ansiklopedisi. – İstanbul. – c. 3. – 1988. – s. 538. Həmçinin bax: a.k.ə. Yüksel, İ. Çarlık Rusya’nın Azerbaycan’ı İstilası ve Osmanlı Devleti’nin Tutumu. Həmçinin bax: Мамедова, Г. О походе В. Зубова в Азербайджан в 1796 г. – Баку: Элм. – 2003. – s. 14–18–22.
[9] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 184. Həmçinin bax: a.k.ə. A Adıgözəl bəy, M. Qarabağnamə. – s. 54–55.
[10] a.k.ə. Demirel, M. Ermeni Meselesi ve Rusya. – s. 340.
[11] Dedeyev, B. 19. Yüzyıl Ermeni Milliyetçiliğinin Yapılanmasında Rusyanın Rolü // Erciyez Üniversitesi-Nevşehir Üniversitesi II. Uluslararası Sosyal Araştırmalar Sempozyumu (EUSAS-II), 22-24 Mayıs 2008. – Kayseri. – 2009. – s. 335–349.
[12] a.k.ə. Mehdiyev, R. Gorus-2010: Season of Theater of Absurd. – s. 54. Həmçinin bax: a.k.ə. Мехтиев, Р. Нагорный Карабах: история, прочитанная по источникам. – с. 72–74.