Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş”, yoxsa “həlli çətin” olan münaqişə idi?

Tədqiqatçılar əsasən “dondurulmuş” ifadəsini “hələ həllini tapmamış, həlli başqa, daha münasib vaxta ləngidilən, münaqişə tərəfləri arasında münasibətlər atəşkəs və ya digər razılaşmalarla tənzimlənən və eyni zamanda sülh cəhdləri davam edən” münaqişələr üçün istifadə edirlər.[1] Keçmiş sovet respublikalarında, məsələn, Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələri, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi (İkinci Qarabağ Müharibəsindən öncə), Moldovada Dnestryanı münaqişələr həll olunmadığına və aktiv olmadığına görə, lakin istənilən vaxt yenidən başlama təhlükəsi olduğuna görə ümumiyyətlə dondurulmuş münaqişələr kimi qəbul olunur. Dondurulmuş münaqişələrin bir çox mühüm xarakterik xüsusiyyətlərindən biri də budur ki, danışıqlar prosesinin mövcud problemi həll etmək məqsədilə yox, ancaq münaqişənin birinci mərhələsindən sonra yaradılmış status-kvonu saxlamaq üçün davam etdirilir. Bu vəziyyət müharibəyə başlamamaq üçün sülh danışıqlarını təqlidi kimi şərh oluna olar. Belə vəziyyətdə bir və ya hər iki tərəf, yaxud rəsmən görünməyən üçüncü tərəf onların heç birinə məlum olmayan müvafiq vaxta qədər münaqişəni nə sülh, nə də müharibə vəziyyətində saxlamaqda maraqlıdır.

Alternativ olaraq, bu cür mübahisələri təsvir etmək üçün “həll edilməmiş”, “uzun­sürən”, “durğun”, “davamlı”, “iflic olmuş” və ya “uzun müddətli” kimi terminlərdən də istifadə olunur. Edvard Azar uzunsürən münaqişələr haqqında ardıcıl olaraq nəzəriyyələr işləyib hazırlayan ilk müəlliflərdən biridir və o, “yeni münaqişə növü” kimi müəyyən etdiyi münaqişələr üçün “uzunsürən” və ya “uzunmüddətli” terminindən istifadə edir. Azarın sözlərinə görə uzunsürən münaqişələr icma qrupları arasında baş verir, lakin tezliklə milli sərhədləri aşır. Adətən, onlar qeyri-maddi ehtiyaclarla bağlı olur və yüksək səviyyədə zorakılıq yaratmağa və ya zorakılığı gücləndirməyə meyl edirlər.[2] Bundan başqa Barton bu “yeni münaqişə növ”ünü “dərin kök salmış münaqişə” kimi müəyyən edərək terminləşdirib.[3]

Alimlər və analitiklər tərəfindən həyata keçirilən son tədqiqatlar sübut edib ki, “həlli çətin” termini ilə tanınması belə münaqişələrin real xarakterini digərlərinə nisbətən daha yaxşı müəyyən edir. ABŞ-nin Sülh İnstitutunun mütəxəssislərinin rəyinə görə “həlli çətin münaqişələrin siyasi həlli tərəflərin və ya üçüncü tərəfin vasitəçiliyi və səyləri ilə uzun zaman birbaşa danışıqlar aparmasını tələb edir”.[4] Qısaca desək, tərəflərdən biri müqa­vimət göstərdiyi üçün həlli çətin münaqişə həlledilməz olur. Bundan başqa, Koulmen həlli çətin münaqişəni dalana dirənmiş, gərgin, çıxılmaz və həlli çox çətin münaqişə kimi səciyyələndirib.[5]

Bununla əlaqədar olaraq, təcrübədə İkinci Qarabağ müharibəsindən əvvəl Dağlıq Qara­bağ münaqişəsi “dondurulmuş” münaqişə olaraq qiymətləndirilirdi. Bundan başqa, dünya KİV-ləri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar dərc edərkən həmin termindən istifadə edirdilər. Bəs Dağlıq Qarabağ məsələsində hansı termindən istifadə etmək düzgün idi, “dondurulmuş” yoxsa “həlli çətin olan”? Bu iki yanaşmanı təhlil etdikdən sonra görürük ki, “dondurulmuş” əsasən uzadılmağa və həlli üçün daha əlverişli vaxt çatanadək donmuş vəziyyətdə saxlanmasına yönəlmiş münaqişələrə istinadən işlədilir “Həlli çətin olan” isə həll edilməsinin mümkünsüz olmasını şərh edir və vurğulayır. Dağlıq Qarabağ münaqişəsi təxminən 30 il idi ki, həllini gözləyirdi. Lakin üçüncü tərəflərin danışıqlar prosesinə cəlb olunmasından asılı olmayaraq məslənin həllinə doğru heç bir addım atılmamışdı. “Dondurulmuş” münaqişələrdə üçüncü tərəflərin cəhdlərinin atəşkəsə zəmanət verməsi, zorakılığı dayandırması və siyasi həll istiqamətində danışıqları davam etdirməsi gözlənilir. Lakin Dağlıq Qarabağ münaqişəsi aktiv olaraq qalırdı, vaxtaşırı atəşkəs pozulurdu, danışıqlar prosesi dalana dirənirdi. 1994-cü il atəşkəs razılaşmasından İkinci Qarabağ müharibəsinə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyətindən asılı olmayaraq hər iki tərəfdən minlərlə hərbçi və mülki şəxs həlak olmuş, tərəflər arasında zaman-zaman ölümcül toqquşmalar baş vermişdi. Həll prosesində heç bir nailiyyət əldə edilməmişdi. Ona görə də İkinci Qarabağ müharibəsinə qədərki Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” yox, “həlli çətin olan” kimi qələmə vermək daha məqsədəuyğun idi.


[1] Morar, Fillon, “The Myth of Frozen Conflicts: Transcending Illusive Dillemmas”, Concordiam: The Journal of European Security and Defense Issues, Vol. 1, No. 2, 2010. – s. 11.

[2] Azar, Edward, “Protracted International Conflicts: Ten Prepositions”, in Azar, Edward & Bruton, John W., ed., International Conflict Resolution Theory and Practice. – London Wheatsheaf Books. – 1986.

[3] Burton, John W., Resolving deep-rooted conflict: A handbook. – University Press of America. – 1987.

[4] Crocker, Hampson, and Aall, “Introduction: Mapping the Nettle Field,” 13.

[5] Coleman, Peter T., “Intractable Conflict”, in Deutsch, Morton et all., ed., The Handbook of Conflict Resolution: Theory and Practice. – Jossey-Bass, 2000. – s. 5.