Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb olan hadisələr hansılar idi?

Mixail Qorbaçovun “yenidənqurma və aşkarlıq” siyasətindən sonra ermənilərin DQMV-nin Ermənistana birləşdirilməsinə dair çoxdankı arzusu üçün yeni şərait yaranmış oldu. Bu, Ermənistana Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə ifadə etmək imkanı verirdi. 1985–1987-ci illərdə DQMV ilə bağlı ermənilərin etirazlarının artması müşahidə olundu. 1987-ci ilin sonu, 1988-ci ilin əvvəllərində Moskvada DQMV-dən olan nümayəndələrlə yüksək səviyyəli rəsmilər arasında muxtar vilayətin statusu ilə bağlı çoxsaylı görüşlər keçirildi.[1]

1987-ci ilin avqust ayında Ermənistan SSR Elmlər Akademiyası DQMV və Naxçıvan Muxtar Respublikasının Ermənistan SSR-ə birləşdirilməsi üçün minlərlə adamın imzası ilə ərizə hazırladı.[2]

Ermənilərin ilk kütləvi etiraz aksiyaları 1987-ci ilin oktyabr ayında Çardaqlı kəndinin erməni əhalisi azərbaycanlı sovxoz direktorunun namizədliyini qəbul etməkdən imtina zamanı keçirilmişdi.[3] Tezliklə Çardaqlıdakı etiraz dalğası ətraf mühitlə bağlı – kimya zavodu və “Metsamor” atom elektrik stansiyasının bağlanması tələbi ilə nümayiş keçirilən İrəvana gedib çatdı. Lakin ertəsi gün, dinc ekoloji nümayiş DQMV-nin və Naxçıvanın Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata çevrildi.[4]

Bir qədər sonra, 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini və bu problemin həllini tapacağına ümid etdiyini bildirdi.[5]

Çardaqlı hadisəsindən sonra Ermənistandakı azərbaycanlılar ermənilərin hücumlarından qorxmağa başladılar, bu da onların ölkəni tərk etməyə məcbur olması ilə nəticələndi. 1987–1988-ci illərin qışında Ermənistandan olan azərbaycanlı qaçqınların ilk dalğası Bakıya gəlib çıxdı və onların əksəriyyəti Bakı və Sumqayıtda yerləşdi.[6] Azərbaycanlıların Ermənistandan köçürülməsi fevral ayında da davam edirdi və bu aylar ərzində daha iki azərbaycanlı qaçqın dalğası Bakıya çatdı.[7]

Getdikcə ermənilərin DQMV-nin Ermənistana birləşdirilməsi tələbləri artmaqda idi. 1988-ci il fevralın 10-da Azərbaycan İnformasiya Agentliyi Azərbaycanın heç bir vaxt ərazisinin birtərəfli qaydada ayrılaraq Ermənistan ilə birləşməsinə razı olmayacağı barədə bəyanat yaydı.[8] Fevralın 13-də Azər­baycan hökumətinin DQMV ilə bağlı mədəni, iqtisadi və sosial siyasətinə etiraz əlaməti olaraq Xankəndidə (Stepanakert) ilk nümayiş təşkil olundu. Bir həftə sonra, fevralın 20-də DQMV vilayət Soveti Dağlıq Qarabağın Ermənistan SSR-in tabeliyinə verilməsi haqqında qərar qəbul edərək, Azərbaycan SSR və SSRİ-yə müraciət göndərdi.[9]

Dağlıq Qarabağ məsələsi ilə bağlı gərginliyin artması öz hökumətini separatçı erməni iddialarına qarşı lazımi reaksiya göstərməməkdə ittiham edən Azərbaycan əhalisinə də mənfi təsir göstərmişdi. Fevralın 22-də Əsgəranda ermənilərlə polis arasında qarşıdurmalar nəticəsində iki azərbaycanlı öldürüldü, 19 nəfər isə yaralandı.[10] Bu hadisə məsələni münaqişə səviyyəsinə çatdıran mühüm addım oldu.

Çardaqlı hadisəsi, İrəvanda ekoloji nümayişin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata çevrilməsi, azərbaycanlılarının Ermənistandan zorla qovularaq çıxarılması və Əsgəranda iki azərbaycanlının öldürülməsi münaqişənin başlanmasının başlıca amilləri idi.


[1] A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute / N.M.Fraser, K.W.Hipel, J.Jaworsky [et al] // The Journal of Conflict Resolution. – vol. 34, № 4. – 1990. – s. 657–658.

[2] a.k.ə. Cornell, S.E. The Nagorno-Karabakh Conflict. – s. 13.

[3] Mouradian, C. The Mountainous Karabakh Question: Inter-Ethnic Conflict or Decolonization Crisis // Armenian Review. – vol. 43, № 2–3. – 1990. – s. 15.

[4] Reports of demonstrations in Yerevan and Clashes in Mountainous Karabagh / Asbarez. – October 24, 1987. URL:

http://web.archive.org/web/20070914104126/http://www.armeniaforeignministry.com/fr/nk/nk_file/article/49.html (İstifadə tarixi: 2 dekabr 2022)

[5] Babanly, Y. The Debacle: From Kafan To Khojaly / Azerbaijani Vision. – February 17, 2016.
URL: https://en.azvision.az/news/30539/the-debacle-from-kafan-to-khojaly.html (İstifadə tarixi: 2 dekabr 2024)

[6] a.k.ə. Dragadze, T. The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment. – p. 59.

[7] a.k.ə. Cornell, S.E. The Nagorno-Karabakh Conflict. – s. 14.

[8] a.k.ə. A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute. – p. 658

[9] Quinn-Judge, P. Gorbachev treads fine line on Armenian issue. Soviet leader’s conciliatory line may fuel more nationalism, but crackdown would stymie reform // The Christian Science Monitor. – February 29, 1988. – s. 10

[10] a.k.ə. Babanly, Y. The Debacle: From Kafan To Khojaly.