Dağlıq Qarabağ münaqişəsinin həllində İlham Əliyevin mövqeyi nədir?

2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən zaman Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən vacib məsələlərdən biri idi. Həmin il andiçmə mərasimində o, prezidentliyi dövründə münaqişənin həllində Azərbaycanın mövqeyinin ölkənin ərazi bütövlüyü prinsiplərinə əsaslanacağını vurğulamışdır. O, Azərbaycan Prezidenti kimi üçüncü tərəflərin bütün konstruktiv təşəbbüslərinə, ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunmuş birgə danışıqlara və digər xarici ölkələrin birtərəfli səylərinə tam dəstək verəcəyini bildirmişdi. O, münaqişənin sülh yolu ilə həllini tam dəstəkləyirdi. Buna görə də İlham Əliyevin birinci prezidentliyi dövründə Ermənistan Prezi­denti, ATƏT-in Minsk qrupunun sədrləri, xarici dövlətlərin rəhbərləri ilə bir neçə dəfə görüşü olmuşdu.

İkinci Qarabağ müharibəsindən əvvəl İlham Əliyevin mövqeyi belə idi ki, münaqişənin həlli mərhələli prosesə əsaslanmalıdır. Buna görə də o, müxtəlif vaxtlarda bəyan etmişdir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalı, icmalar arasında etimadın yaradılması üçün rabitə və iqtisadi əlaqələr qurulmalıdır.[1] Bu addımlar atıldıqdan sonra məsələnin həlli prosesində son mərhələ kimi Dağlıq Qarabağın bütün icmalarının iştirakı ilə Dağlıq Qarabağın statusunu müzakirə etmək olardı.[2] Qeyd etmək lazımdır ki, İlham Əliyevin İkinci Qarabağ müha­ribəsindən əvvəl Dağlıq Qarabağın statusu ilə bağlı nöqteyi-nəzəri yüksək muxtariyyətə söykənirdi ki, bu da Azərbaycanın ərazi bütövlüyünü pozmadığı halda, praktiki baxımdan mümkün idi. Bu kontekstdə o, Azərbaycanın öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyini, Dağlıq Qarabağ məsələsinin həllinin yalnız Azərbaycanın ərazi sərhədləri daxilində mümkün olacağını bəyan etmişdi.[3]

Bununla belə o, münaqişənin yenidən qeyri-müəyyən müddətə uzadılacağı halda Azər­baycanın ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq olunacağını da heç vaxt istisna etməmişdi.[4] Belə ki, o, ölkənin hərbi potensialının gücləndirilməsi üçün kifayət qədər zaman və səy sərf etmişdir. Beləliklə, Azərbaycanın hərbi büdcəsi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artaraq, ordunun döyüş qabiliyyətinin təkmilləşdirilməsinə və müasir standartlara uyğun silahlarla təmin edilməsinə imkan vermişdir.[5] Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqində, o, xüsusi olaraq vurğu­lamışdı: “Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır… Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir”.[6]

Bu baxımdan Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyinin 2018-ci ildən başlayaraq gərginliyi artıran və münaqişə tərəflərini 27 sentyabr 2020-ci il tarixində müharibəyə sövq edən təxribat xarakterli siyasi bəyanatları və əməlləri ilə bağlı müxtəlif hallarda Ermənistan tərəfini və beynəlxalq ictimaiyyəti xəbərdar etmişdi. Artıq qeyd edildiyi kimi, atəşkəs rejimi Ermənistan tərəfindən pozulduğu zaman Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu əks-hücum əməliyyatı həyata keçirmiş və Ermənistanın təcavüzünə cavab olaraq 1990-cı illərin əvvəllərində Birinci Qarabağ Müharibəsindən bəri Ermənistan tərəfindən işğal altında olan ərazilərini azad etməyə başlamışdır. Bununla bağlı Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Prezidenti və Ermənistanın Baş naziri ilə yuxarıda qeyd olunan Üçtərəfli Bəyanatı imzaladıqdan sonra xalqa müraciəti zamanı bildirmişdi: “Bu gün ölkəmiz üçün tarixi gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Düşünürəm ki, indicə imzalanmış Üçtərəfli bəyanat problemin həllinə nöqtə qoyacaq”.[7]

Həmin vaxtdan Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunması məqsədilə Avropa İttifaqı və Rusiyanın təşəbbüsü ilə bir neçə dəfə Baş nazir Nikol Paşinyanla görüşmüşdür. Dağlıq Qarabağın bir subyekt kimi mövcudluğu ilə bağlı Prezident İlham Əliyev bildirib ki, “Biz bu məsələni həll etmişik. Ermənistan istəsə də, istəməsə də, artıq bütün dünya bunu qəbul edib. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağın inzibati ərazisinə gəlincə, Azərbaycanda belə bir ərazi yoxdur. Ona görə də Dağlıq Qarabağ beynəlxalq təşkilatların leksikonunda yoxdur”.[8] Bununla bağlı 2022-ci il oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Prezident İlham Əliyev bildirmişdir ki, “Qarabağ münaqişəsi artıq tarixə qovuşub. O, iki il əvvəl həll olunub, buna görə də bu kontekstdə müzakirə olunacaq praktiki heç nə yoxdur”.[9] Görüş zamanı Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, “Yekun sənəddə “Qarabağ” və ya “Dağlıq Qarabağ” ifadəsi işlədilmir, Qarabağla bağlı bircə kəlmə belə qeyd olunmur”.[10]

Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın milli maraqlarına xələl gətirməyəcəyini bir daha nümayiş etdirərək bəyan etmişdi ki, Qarabağ bölgəsinin erməni əhalisi Azərbaycan vətəndaşıdır və Azərbaycan vətəndaşlarının rifahını necə quracağını heç kimlə müzakirə etməyəcək. Bununla bağlı o, bir daha bildirdi ki, “Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal zamanı dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımayıb. Ona görə də biz heç vaxt beynəlxalq təşkilatlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq heç bir ölkə ilə daxili işlərimizlə bağlı məsələləri müzakirə etmirik.”[11]


[1] “Speech by Ilham Aliyev at the 65th session of the United Nations General Assembly”, 23 sentyabr 2010-cu il; (http://en.president.az/articles/764). İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[2] a.k.ə. Speech by Ilham Aliyev. – 2010.

[3] “President Ilham Aliyev’s Greetings to the Azerbaijani People on World Azerbaijanis’ Solidarity Day and the New Year”, 1 yanvar 2011-ci il; (http://en.president.az/articles/1374). İstifadə tarixi: 3 dekabr 2022-ci il.

[4] “President of Azerbaijan: ‘Our patience also has limits’”, Euronews, 2 fevral 2010-cu il; (http://www. euronews.com/2010/02/02/interview-with-ilham-aliyev-president-of-azerbaijan/). İstifadə tarixi: 22 dekabr 2013-cü il.

[5] International Crises Group, “Armenia and Azerbaijan: Preventing War”, Europe Briefing, No. 60, 8 fevral 2011-ci il. – s. 5–6.

[6] Speech by Ilham Aliyev at the official military parade on the occasion of the 95th anniversary of the Armed Forces”; (http://az.president.az/articles/8574). İstifadə tarixi: 25 dekabr 2013-cü il.

[7] “Ilham Aliyev addressed the nation,” President.az, 10 noyabr 2020-ci il; https://president.az/en/articles/view/ 45924. İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[8] “Ilham Aliyev: “If we are defining borders, what NK status is there to talk about?” JAMnews, 27 May 2022-ci il; https://jam-news.net/if-we-define-the-borders-then-what-status-of-nk-can-we-talk-about-azerbaijan-stated-that-the-conflict-over-nagorno-karabakh-has-been-resolved/. İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[9] Akbarov, Farid, “Sochi meeting: Armenia was defeated, Azerbaijan’s position is firm,” Apa.az, 1 noyabr 2022-ci il; https://apa.az/en/political/sochi-meeting-armenia-was-defeated-azerbaijans-position-is-firm-analysis–388504. İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[10] Akbarov, “Sochi meeting”.

[11] yenə orada.