Akademik ədəbiyyatda silahlı və ya sosial münaqişələrin həllində davamlı həll yolu tapmaq üçün nəzərə alınmalı olan müxtəlif addımlar sıralanır. Münaqişə tərəflərinin müəyyən edilməsi diqqətdən kənarda qalmamalı olan ilkin və əhəmiyyətli addımdır, çünki münaqişə tərəflərinin və ya maraqlı tərəflərin yanlış müəyyənləşdirilməsi çıxılmaz vəziyyətə gəlib çatmasına və sülhün əldə olunmasının uzanmasına səbəb olacaq. Aydındır ki, münaqişə tərəfləri qavrayışları, emosiyaları və yanaşmaları birbaşa sülh yaratma prosesinə təsir edən əsas iştirakçılardır. Bundan əlavə, münaqişələrin təbiəti, etnik və ya ərazi, dövlətlərarası və ya dövlətdaxili olması münaqişə tərəflərinin təyin edilməsi ilə müəyyən oluna bilər.[1]
Sovet İttifaqının mövcudluğu dövründə Rusiya və Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk təşəbbüs göstərəndə və sonralar İran vasitəçilik prosesi üçün Tehranda görüş təşkil edəndə də Azərbaycan və Ermənistan münaqişə tərəfləri kimi tanınmışdı. 1992-ci ildə ATƏM/ATƏT-in Minsk qrupu münaqişənin vasitəçi rolunu öz üzərinə götürdü. Vasitəçi kimi onun ilk vəzifəsi ABŞ Dövlət Katibi Ceyms Beykerin adını daşıyan “Beyker qaydaları”nı hazırlamaq oldu. Münaqişənin bütün tərəfləri tərəfindən qəbul edilən bu qaydalara əsasən Azərbaycan və Ermənistan münaqişənin “əsas tərəfləri” olaraq tanındı. Dağlıq Qarabağın iki icması –azərbaycanlı və erməni icmaları isə “maraqlı tərəflər” olaraq qeyd edilirdi. O vaxtdan bəri bu qaydalar “Beyker qaydaları” kimi tanınır.[2] 1994-cü il atəşkəs sazişindən 2020-ci il İkinci Qarabağ müharibəsi başlayana qədər danışıqlar formatı dəyişməmiş, tərəflər arasında sülh təşəbbüsləri bu qaydalar əsasında həyata keçirilmişdir. İkinci Qarabağ müharibəsinin dayandırılmasına dair Üçtərəfli Bəyanat da münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan, üstəlik, vasitəçi qismində Rusiya arasında imzalanmışdır. O vaxtdan bəri bir tərəfdən Rusiya, digər tərəfdən Avropa İttifaqının təşəbbüsləri ilə regionda davamlı sülhə nail olmaq üçün danışıqlar prosesi bu formatda aparılmışdır.
Bundan əlavə, akademik ədəbiyyatda münaqişə tərəflərini əsas, ikincidərəcəli və üçüncü tərəflərə bölmək mümkündür. Pol Vehrin sözlərinə görə “əsas tərəflər, birbirinə qarşı olan, döyüşən və münaqişə nəticəsində birbaşa paya malik olanlardır. İkincidərəcəli tərəflərin münaqişənin nəticəsində dolayı payı var. Çox vaxt onlar əsas tərəflərlə müttəfiqlik edir və ya onlara rəğbət göstərirlər, lakin birbaşa qarşı tərəf deyillər. Üçüncü tərəf isə məsələnin həllini asanlaşdırmaq üçün müdaxilə edə biləcək vasitəçilər və sülhməramlı qüvvələrdir”.[3]
Dağlıq Qarabağ məsələsində münaqişənin əsas tərəfləri Azərbaycan və Ermənistan, ikincidərəcəli tərəflər qondarma “Dağlıq Qarabağ Respublikası” və Dağlıq Qarabağın azərbaycanlı icması, üçüncü tərəf isə məsələnin həlli prosesində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu idi. Öz rollarına görə yalnız Azərbaycan və Ermənistan əsas tərəf kimi qəbul edilərək danışıqlar prosesinə cəlb edilmişlər. Qondarma “Dağlıq Qarabağ Respublikası” danışıqlar prosesindən kənarlaşdırılmış və “əsas” tərəf kimi tanınmamışdı. Bu təcriddən narazı qalan qondarma respublika bölgədə yenidən daimi sülhün bərqərar olması üçün vasitəçilik prosesində birbaşa iştirakının vacibliyində israrlı idi. Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağı öz ərazisinin bir hissəsi kimi tanımaqla və münaqişəyə dövlətdaxili (daxili) yox, dövlətlərarası olaraq baxdığı üçün, yalnız Ermənistanla danışıqlara üstünlük verərək, erməni və azərbaycanlı icmalarının danışıqlara cəlb edilməsinin sülh quruculuğu prosesinin formatını pozacağına inanırdı. Bununla belə, güman edilirdi ki, Əsas Prinsiplər (ATƏT-in 2007-ci ilin noyabrında Madrid zirvə görüşündə tərtib olunmuş prinsiplər) üzrə razılıq əldə edildikdən sonra hərtərəfli sülhə nail olmaq üçün növbəti cəhdlərə Dağlıq Qarabağın hər iki icmasını cəlb etmək mümkün olacaqdı.[4]
Azərbaycandan fərqli olaraq, Ermənistan danışıqlar prosesində birbaşa iştirakla bağlı erməni icmasının mövqeyini paylaşırdı. Ona görə də Ermənistan sülh danışıqlarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tam iştirakı olmadan sülh prosesində hər hansı irəliləyişin əldə etməyin mümkün olmadığını rəsmən bəyan etmişdi. Tərəflərin statusu ilə əlaqədar Ermənistanın rəsmi mövqeyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət münaqişənin nizamlanması prosesinin başlanğıcından tərəflər arasında vasitəçilik edilən sülh quruculuğu prosesi boyunca Azərbaycan və Ermənistanı münaqişənin “əsas” tərəfləri olaraq tanımışdır.
Ünsiyyət strukturunu daha yaxşı qurmaq və danışıqların daha etibarlı olması üçün münaqişə tərəfləri adətən üçüncü tərəfin vasitəsilə danışıqlar aparmağa üstünlük verirlər. Ümumiyyətlə, üçüncü tərəfin fəaliyyəti dedikdə faktların müəyyən edilməsi və vasitəçilik nəzərdə tutulur.[5] Üçüncü tərəfin müdaxiləsindən sonra münaqişənin xarakteri dəyişərək üçtərəfli olur; buna görə də bütün məsuliyyət və danışıqlar prosesinin planlaşdırılmasına və strukturuna nəzarət münaqişənin yeni iştirakçısı tərəfindən həyata keçirilir.[6] Dağlıq Qarabağ münaqişəsində münaqişə edən tərəflər arasında otuz ildən artıq vasitəçilik edən ATƏT-in Minsk qrupu münaqişənin üçüncü tərəfi idi. Təşkilatın bütün təşəbbüslərinə baxmayaraq, təəssüf ki, sülh quruculuğu prosesində heç bir irəliləyiş əldə edilməmişdir. Münaqişə tərəfləri, xüsusilə Azərbaycan prosesin müvəffəqiyyətsizliyində ATƏT-in Minsk qrupunu günahlandırmış və bu vasitəçi qrupun problemin həll olunması üçün kifayət qədər səy göstərməməsini iddia etmişdir. Lakin ATƏT-in Minsk qrupunun yalnız vasitəçilik mandatı var idi və o münaqişə tərəflərini istiqamətləndirmək, zorla qəbul etdirmək və ya təsir etmək səlahiyyətinə malik deyildi.
Lakin Azərbaycanla müqayisədə Ermənistanla daha sıx əlaqələrə malik olan ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, ABŞ və Fransa kifayət qədər güclü dövlətlərdir və ağlabatan səylər göstərərək mübahisəni hansısa formada dəyişdirə və ya həll edə bilərdilər. Bununla belə, BMT-nin vasitəçilik üzrə sənədlərinə əsasən vasitəçilər qərəzsiz olmalı, münaqişə tərəfləri ilə bərabər və ədalətli davranmalı və onlar arasında balans saxlamalıdırlar. Üstəlik, müxtəlif regionlardan və heç bir qlobal və regional ambisiyaları olmayan vasitəçi dövlətləri təyin etmək daha yaxşıdır. Bundan əlavə, maraqlı dövlətlərin vasitəçilik prosesində birbaşa iştirakına icazə verilə bilməz.[7] Halbuki ATƏT-in Minsk qrupunun timsalında hər üç dövlət qlobal və regional ambisiyaları olan ölkələr idi. Beləliklə, Rusiya Cənubi Qafqaz regionunu öz təsir dairəsinə daxil etməklə yanaşı, münaqişədə maraqlı dövlət idi.[8] Buna görə də iddia etmək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrlik formatı sülh quruculuğu prosesində vasitəçilik etmək üçün adekvat struktur deyildi və danışıqların effektivliyini artırmaq üçün onun münaqişədə heç bir marağı olmayan yeni vasitəçilər cəlb etməsi daha yaxşı olardı.
Sonda, belə bir nəticəyə gəlmək olar ki, münaqişənin bütün tərəfləri “Beyker qaydaları”na əsaslanan danışıqların mövcud formatını qəbul etmişdilər. Danışıqlar prosesi münaqişənin əsas tərəfləri olan Azərbaycan və Ermənistan arasında aparılırdı. Lakin hesab olunurdu ki, prosesin növbəti mərhələsində maraqlı tərəfləri, daha doğrusu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını da cəlb etmək mümkün olmalıdır. ATƏT-in Minsk Qrupunun səmərəsizliyinə baxmayaraq, münaqişə tərəflərindən heç biri təşkilatın vasitəçilik prosesində üçüncü tərəf kimi iştirakından imtina etməmişdir. Beləliklə, İkinci Qarabağ müharibəsinə qədər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu olub və bu gün iki dövlət arasında yekun sülhün əldə olunması üzrə danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.
[1] a.k.ə. Дмитриев, А. В. – 2000. – c. 57.
[2] a.k.ə. Baguirov, Adil. – 2008. – s. 10.
[3] Wehr, Paul, “Conflict mapping,” International Online Training Program On Intractable Conflicts, Conflict Research Consortium, University of Colorado, USA.
[4] Pashayeva, Gulshan & Göksel, Nigar, “The Interplay of the approaches of Turkey, Russia and the United States to the conflict over Nagorno-Karabakh”, SAM review, 2011. – s. 23.
[5] Bercovitch, Jacob, “Third Parties in Conflict Management: The Structure and Conditions of Effective Mediation in International Relations”, International Journal, Vol. 40, No. 4, Autumn, 1985. – s. 738.
[6] a.k.ə. Bercovitch, Jacob. – 1985. – s. 739.
[7] United Nations Guidance for Effective Mediation,” United Nations Peacemaker, iyul 2012-ci il. – s. 10–18; https://peacemaker.un.org/guidance-effective-mediation. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[8] Cornell, S.E. Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance. – Middle Eastern Studies, Vol. 34, No. 1, 1998. – s. 57.