Erkən orta əsrlərin əvvəllərində siyasi-inzibati cəhətdən dörd böyük əyalətə: Paytakaran, Uti, Artsax və Sünik (Sisakan) vilayətlərinə bölünmüş Qarabağda türk və fars mənşəli etnik qruplardana ibarət müxtəlif yerli tayfalar yaşayırdılar. Tədqiqatlar nəticəsində bu əyalətlərdə əhalinin etnik tərkibi aşağıdaki kimi olduğu məlumdur:
1. Qafqaz Albaniyasının Paytakaran vilayətində xəzərlər, balaşilər, balaslar, hunlar və akasirlər yaşayırdılar. Tədqiqatçılar xəzərləri Orta Asiya tayfalarına yaxın hesab etsələr də, digərləri Dağıstan tayfalarına aid edilirlər.
2. Uti əyaləti inzibati cəhətdən Sakasena və Girdiman (Qardman) vilayətlərinə bölünürdü. Burada əsasən türkdilli utilər, qarqarlar, savdeylər və saklar yaşayırdılar. V əsrdən sonra isə kəngərlər və savirlər də burada məskunlaşmışdırlar. Azərbaycan Albaniya dövlətinin qərb torpaqlarını əhatə edən Sakasena vilayəti indiki Gəncə-Qarabağ torpaqlarını, hətta Zəngəzur və Göyçə bölgələrini əhatə edirdi.[1] Sakasena adı e.ə. VII əsrdə Azərbaycana köç etmiş sak-saka tayfalarının adı ilə birbaşa bağlıdır. Bu toponim ilk dəfə Strabon tərəfindən “Sakasena” kimi istifadə edilmişdir. Sonrakı mənbələrdə, məsələn, Plininin yazılarında bu toponim Sakasan, Arrian tərəfindən isə Sakasin kimi işlənmişdir.[2]
3. Artsax əyaləti 12 kiçik inzibati vahidə bölünürdü. Bu əyalətdə yaşayan etnik tayfalar albanlar, qarqarlar, hunlar, xəzərlər və barsillər idi.
4. Sünik (Sisakan) vilayətində yaşayan əhalinin əksəriyyəti avtoxtonlar idi. V əsrdən sonra kəngərlər də bu əyalətdə məskunlaşmışdırlar.[3]
Həm ərəbdilli mənbələr, həm də xristian müəlliflər Ərəb xilafəti dövründə Arranda, o cümlədən Qarabağ ərazisində məskunlaşmış əhali, onun dili, eləcə də bölgənin çayları, dağları, təbii sərvətləri haqqında da müəyyən məlumatlar vermişlər. Antik müəlliflərin Albaniya, ərəb mənbələrinin Arran adlandırdıqları şimali Azərbaycan ərazisində, eləcə də Qarabağ bölgəsində yaşayan əhalinin etnik tərkibi və dili haqqında məlumatlar məhdud və çaşdırıcıdır. Digər tərəfdən həmin müəlliflərin əsərlərində ərazidə işlədilən dillərlə bağlı rast gəlinən məhdud faktlar tədqiqatçılar tərəfindən müxtəlif şəkildə şərh edilmiş və beləliklə, mövcud etnik mənzərə daha da dolaşdırılmışdır. Bununla belə, ərəb mənbələrinin təhlili Arranın və onun tərkibinə daxil olan Qarabağ bölgəsinin etnik mənzərəsi, əhalisinin dili haqqında müəyyən fikirlər söyləməyə imkan verir.[4]
Ərəb mənbələri Azərbaycan əhalisindən bəhs edərkən onları ümumi şəkildə “türklər” adlandırılar. Təsadüfi deyil ki, Azərbaycanın həm şimalında, həm də cənubunda baş vermiş döyüş səhnələrində ərəblərə qarşı vuruşan başlıca qüvvə türkmənşəli əhali olmuşdur. Mənbələrdə onların haqqında “xəzərlər” və “türklər” şəklində ayrı-ayrılıqda bəhs olunmuşdur. Mənbələrdə bir sıra hallarda “Azərbaycandan olan türklər” ifadəsinə də rast gəlinir. Bir sıra ərəbdilli mənbələr öz əsərlərində yeni eradan əvvəl baş vermiş hadisələrdən bəhs edərkən Azərbaycanın qədim əhalisini “türklər” adlandırırlar.[5] Türk tayfaları Azərbaycan ərazisində, o cümlədən Qarabağ bölgəsində qədim dövrlərdən başlayaraq məskunlaşmış, erkən orta əsrlərdə hunların, sabirlərin və xəzərlərin, XI əsrdə isə səlcuqların axınları ilə onların rolu daha da artmışdır.
Yuxarıda göründüyü kimi, eramızın I əsrində Qarabağ əhalisinin etnik tərkibi hərbi və siyasi cəhətdən güclü türk tayfalarından ibarət idi. Bu amil həm də Ermənistanın Dağlıq Qarabağla bağlı tələblərinin tarixi yalan olduğunu və reallığı əks etdirmədiyini göstərdiyi üçün çox önəmlidir.
Ermənilərin ilk vətənləri məsələsi XX əsrin ortalarına qədər dəqiqləşməmiş olaraq qalır. Əksər alimlər ermənilərin Qafqaz mənşəli yox, Hind-Avropa mənşəli olduğunu hesab edirlər. Tarixi faktlar sübut edir ki, təxminən eramızdan əvvəl VIII-VII əsrlərdə onlar Balkanlardan Dəclə-Fərat hövzəsinin yuxarı hissəsinə köçməyə başlamış və tədricən Van gölünün hövzəsi ətrafında məskunlaşmışlar.[6] Rus tarixçisi V. L. Veliçkonun qeyd etdiyinə görə ermənilərin bir hissəsi Qüdsün dağılmasından sonra yəhudilərlə qarışmışdı (e.ə. VI əsrdə Babil dövləti Qüdsü ələ keçirərək şəhərdəki müqəddəs məbədi dağıtmış və yəhudiləri köç etməyə məcbur etmişdir).[7] 1785-ci ildə Venesiyada çap olunan və e.ə. IV əsrin sonlarında Makedonyalı İsgəndərin imperiyasının (e. ə. 336–323) sərhədlərini əks etdirən xəritədə də ermənilərin Assuriya və Mesopotamiya ərazilərində, yəni Kiçik Asiyanın cənub-şərq torpaqlarında yaşadığı göstərilmişdir.[8] Zamanla Şərqi Anadolu və İran sərhədləri boyunca yayılan ermənilər, ayrı-ayrı imperiyaların hakimiyyətini qəbul edərək müxtəlif xalqlarla qaynayıb-qarışıblar.
Ərəb xilafəti dövründə Azərbaycanda islam dini qəbul edilməyə başlandı. Yeni din atəşpərəstliyin və bütpərəstliyin üstün olduğu Cənubi Azərbaycanda, Muğanda, Mildə, Xəzər sahillərində, Kür və Araz çayları boyunca, xüsusilə şəhərlərdə nisbətən sürətlə yayılırdı. İslam dininin əxlaqi-tərbiyəvi üstünlüklərini düzgün başa düşən təbəqə bu dini tərəddüdsüz qəbul edirdi. Beləliklə, islam Azərbaycanda, eləcə də Qarabağda sürətlə yayıldı. Yalnız bəzi dağlıq və dağətəyi ərazilərdə İslam dininin yayılması ləng və ya nəzərə çarpmayacaq səviyyədə gedirdi, bu da ərəblərin səhra və çöl torpaqlarında yaşayış şəraiti ilə əlaqədar dağlıq ərazidə yaşamağa uyğunlaşa bilməmələrindən qaynaqlanırdı. Beləliklə, Azərbaycanın bəzi dağlıq bölgələrində xristian və yəhudilər öz dinlərini saxlaya bilmişdilər.[9]
Zaman keçdikcə Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşmağa və erməniləşməyə başladı. Beləliklə, dağlıq bölgədəki albanlar İslam dövlətləri tərəfindən müsəlman torpaqlarında daimi yaşayan bəzi qeyri-müsəlman əhalidən alınan adambaşına düşən illik vergi – cizyə adlanan can vergisini ödəməklə sərbəst yaşaya bilərdilər.[10]
VIII əsrin əvvəllərində erməni patriarxı İlya Xəlifə Əbdülməlikə (685–705) yazdığı məktubda Ərəb xilafətinə qarşı üsyanın olduğunu bildirmişdir. Xəlifə Əbdülməlik Xilafət ordusunu Albaniyaya göndərmiş, Bərdənin işğalı nəticəsində 705-ci ildə Ərəb xilafəti tərəfindən Qafqaz Albaniyasına son qoyulmuşdur. Alban xristianlarının dini ayinlərlə bağlı Bizansla yaxınlaşması bəhanə edilərək alban kilsəsi erməni katalikosluğunun nəzarətinə verilmişdi. Həmin vaxtdan etibarən erməni kilsəsi patriarxının nəzarəti altında Alban kilsəsi mədəni və ideoloji assimilyasiyaya və qriqoriyanlaşmağa məruz qaldı.[11]
[1] Bəkirova, E. Albaniyanın qərb torpaqları (antik dövr). – Bakı: İdeal Print. – 2021. – s. 66–68.
[2] Yenə orada, s. 66.
[3] a.k.ə. Azərbaycan tarixi. – c. 2. – 2007. – s. 16–17.
[4] a.k.ə. Ağayev, R. Azərbaycanın Qarabağ bölgəsi VII-IX əsrlərdə. – s. 45.
[5] Ağayev, R. Ərəb xilafəti dövründə Azərbaycanın əhalisi. – Bakı: Turxan NPB. – 2017. – s. 141–157.
[6] Barthold, W. Azerbaycan ve Ermenistan // Ankara Üniversitesi Dil ve tarih Coğrafiya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi. – c. 8–12. – № 14–23. – 1970–1974. – s. 84–85. Həmçinin bax: Sakarya, İ. Belgelerle Ermeni Sorunu. – Ankara: Genel Kurmay ATASE Yayınları. – 1984. – s. 3–7. Həmçinin bax: Saray, M. Ermenistan Yol Ayrımında // Kafkas Araştırmaları. – 1996. № 2. – s. 3. Həmçinin bax: Seyidova, S. Ermənilərin mənşəyi və tarixinə dair // – Bakı: Bakı Universitetinin Xəbərləri: Humanitar elmlər seriyası. – № 3. – s. 167.
[7] Veliçko, V.L. Qafqaz: Rus işi və tayfalararası məsələlər (Tərcümə edən: Vasif Quliyev). – Bakı: “Azərbaycan” nəşriyyatı. – 1995. – s. 46–47.
[8] Old maps confirm Azerbaijani territory / News.az. – January 26, 2010. URL: http://news.az/articles/ society/7485 (İstifadə tarixi: 1 dekabr 2024)
[9] a.k.ə. Azərbaycan tarixi. – c. 2. – 2007. – s. 204–210.
[10] a.k.ə. Qeybullayev, Q. Qarabağ (etnik və siyasi tarixinə dair). – s.136.
[11] a.k.ə. Bünyadov, Z. Azərbaycan VII–IX əsrlərdə. – s. 86–91.