Birinci Qarabağ müharibəsinin başlanmasından sonra İran münaqişənin sülh yolu ilə həllində maraqlı olmuş və bu prosesə töhfə vermək niyyətində olduğunu bəyan etmişdir.[1] Həqiqətən də, İran münaqişə tərəfləri arasında sülh danışıqları təşəbbüsü irəli sürən ilk ölkələrdən biri olmuşdur. Rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran münaqişənin bu prinsip çərçivəsində həllini dəstəkləmişdir.[2] Ümumiyyətlə, İran tarixi arqumentlər əsasında ərazi iddialarının legitimliyi tanımır, çünki bu dəlillər münaqişələrin sonsuz uzanmasına səbəb ola bilər. Dağlıq Qarabağ münaqişəsi lap başlanğıcdan İranın milli təhlükəsizliyi üçün təhlükə olduğundan İranın xarici və daxili siyasəti üçün əsas problemlərdən birinə çevrilmişdi. [3] Buna görə də, 1992-ci ilin martında İran vasitəçilik təşəbbüsü ilə çıxış edərək Azərbaycan və Ermənistan nümayəndə heyətlərini müvəqqəti atəşkəs razılaşması, Ermənistanın blokadadan çıxarılması, əsirlərin mübadiləsi və müşahidəçilərin yerləşdirilməsi kimi məsələləri müzakirə etmək üçün Tehrana dəvət etdi. Görüşün nəticəsi olaraq, martın 15-də münaqişənin həlli ilə bağlı bəyannamə imzalandı. Münaqişənin nizamlanması prosesində ilk addım kimi yeddigünlük atəşkəs barədə razılıq əldə olundu.[4] Təəssüf ki, İranın başlatdığı vasitəçilik prosesi uğursuzluğa düçar oldu: müharibə dayanmadı, əksinə, daha da kəskinləşdi və 1992-ci il mayın 8-də, məhz münaqişə tərəflərinin müharibənin dayandırılmasına dair Tehran Bəyannaməsini imzalamasından bir gün sonra Dağlıq Qarabağın əsasən azərbaycanlılarla məskunlaşmış Şuşa şəhərinin işğalı ilə nəticələndi.
Tehran Bəyannaməsinə baxmayaraq Azərbaycan ərazilərində erməni təcavüzünün davam etməsi İranın münaqişənin həllində vasitəçilik səylərinə maneçilik törədirdi. Bundan əlavə, 1992-ci ilin iyununda Azərbaycanda hakimiyyət dəyişikliyi də İranın vasitəçilik prosesindən uzaqlaşmasına səbəb oldu. Azərbaycanın yeni hökuməti İranın münaqişənin həllində hər hansı rol oynaması ideyasını rədd etdi.[5] 1993-cü ilin yayında Qarabağın cənub və şərq hissələrinin Ermənistan tərəfindən işğal olunması nəticəsində minlərlə azərbaycanlı qaçqın Araz çayını keçərək İrana sığındı. Lakin İran uzun müddət onlara ev sahibliyi etməyə hazır deyildi ki, bu da onun ərazisində qaçqın düşərgələrinin olmaması ilə izah olunur. Əksinə, qaçqın düşərgələri azərbaycanlı qaçqınlar öz ölkələrinə geri qaytarıldıqdan sonra Azərbaycanda yaradıldı.[6]
1993-cü ilin sentyabrında Ermənistanın Naxçıvana qarşı işğalçılıq siyasəti artdığı zaman İran Araz çayı üzərində “birgə idarə olunan” bəndlərin təhlükəsizliyini təmin etmək məqsədilə sərhədə qoşun göndərərək bunun qarşısını almağa çalışdı.[7] İranın müdaxiləsi Naxçıvanda heç bir hərbi əməliyyat keçirilməyəcəyinə dair Ermənistan rəsmilərinin verdiyi zəmanəti ilə nəticələndi.[8]
Həm müharibə zamanı, həm də atəşkəsdən sonra hər iki ölkəni birləşdirən dini ortaq dəyərlər, oxşar ənənələr, tarixi bağlar və hər iki tərəfdə yaşayan etnik qohumluq kimi amillərə görə İranın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyəcəyi gözlənilirdi. Lakin İran Ermənistanla münasibətlərini yaxşılaşdıraraq bu ölkənin əsas ticarət tərəfdaşlarından biri oldu. Beləliklə, statistika İranın Ermənistanın ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu göstərir.[9] Bundan əlavə, Qarabağ ermənilərinin əsas tələbatları da İran tərəfindən ödənilirdi. İranla strateji tərəfdaşlıq, əslində, Ermənistan üçün Azərbaycan və Türkiyənin tətbiq etdiyi iqtisadi embarqodan yan keçməyin əsas yolu olmuşdu.
Münaqişənin həlli İranın maraqlarına cavab verirdi, çünki qonşu ölkələrdə sabitlik onun milli təhlükəsizliyi üçün vacib idi. Buna görə də münaqişənin ilkin mərhələsindən İran münaqişənin həllinə yardım etməyə çalışırdı. Bu ölkənin ilk vasitəçilik təşəbbüsünün uğursuz olmasına baxmayaraq, münaqişə tərəfləri arasında atəşkəsə dair ilk saziş Tehran Bəyannaməsinin nəticəsində imzalanmışdı. Ermənistanla sıx əlaqələri olmasına baxmayaraq, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İran suveren dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında münaqişənin həllini dəstəkləyir.[10]
Lakin İkinci Qarabağ müharibəsi nəticəsində regiondakı geosiyasi vəziyyətin dəyişməsi İranın bölgədəki milli maraqları üçün birbaşa təhlükə hesab olunur. Azərbaycanın qələbəsi məcburi köçkün azərbaycanlı əhaliyə tarixi ədalət hissi bəxş edərək onların işğaldan azad edilmiş Qarabağ torpaqlarına “Böyük Qayıdış”ın başlanmasına şərait yaratdı. Cənubi Qafqaz üçün münaqişədən sonrakı gündəm indi aktuallıq qazanıb və əsas beynəlxalq aktorlar fəal şəkildə regionda siyasi nüfuzu təmin etməyə çalışırlar. İndiyə qədər hərbi cəhətdən məğlub olmuş Ermənistandan əlavə, bölgədə əsas uduzan tərəf uzun müddətdir özünü Ermənistanın ən yaxın müttəfiqi və bəzən onun təhlükəsizliyinin qeyri-rəsmi təminatçısı kimi göstərən İran olmuşdur. Regionun bu iki təklənmiş dövlətinin — sanksiyalar tətbiq edilən İran və sadəcə Azərbaycana deyil, həmçinin Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları qaldıran Ermənistanın, uzlaşma xronologiyası çoxtərəfli əməkdaşlığın qurulması yolunda atılan uğursuz cəhdlərlə doludur.[11]
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Bakı İranla münasibətlərin normallaşdırılması siyasətinə sadiq qalaraq Tehrana “3+3” (3+2) formatında əməkdaşlıq təklif edərək İranı Zəngəzur dəhlizi layihəsinə qoşulmağa dəvət etmişdir. Lakin İran bu layihəni öz milli maraqlarına təhdid hesab edərək Qafqaz regionundan təcrid olunmaqdan ehtiyatlanır.[12] Bununla bağlı olaraq, İran ekspertləri və kütləvi mediası Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar yayaraq ikincinin ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılma prosesini sabotajlamağa çalışırlar.[13] İran öz ərazisindən istifadə edilmədən Azərbaycan ilə Türkiyə arasında yeni quru əlaqəsinə təminat verən Zəngəzur dəhlizindən dərin narahatlıq hissi keçirir və Qafanda konsulluq açmaqla Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyata nəzarət etməyə çalışır.[14]
Beləliklə, bütün bu hadisələr göstərir ki, regionda gedən hazırkı geosiyasi çəkişmədə Tehran Ermənistanı dəstəkləyərək regional ziddiyətləri qabartmağa çalışır. Belə ki, bölgədə konstruktiv siyasi dialoq və sağlam əməkdaşlıq mühiti sonsuz olaraq daxili dövlət xaosunun uçurumuna qərq olmuş, eləcə də beynəlxalq sanksiyalarla boğuşan İran üçün arzulanan bir ortam deyil.[15]
[1] R. K., Ramazani, “Iran’s Foreign Policy: Both North and South”, Middle East Journal, Vol. 46, No. 3, Summer 1992. – s. 404
[2] “Hafizoglu, R. and Jafarov, T., “Iranian Top Official: Talks on Nagorno-Karabakh Conflict Can Be Conducted More Effectively Inside Region,” Trend, 28 iyun 2011-ci il; https://en.trend.az/azerbaijan/politics/1897526.html. İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[3] Ramezanzadeh, “Iran’s Role as Mediator in the Nagorno-Karabakh Crisis”.
[4] Vaezi, “Karabakh’s Crisis: Iran’s Mediation and the Aftermath”.
[5] a.k.ə. Cornell, S.E. – 1999. – s. 93.
[6] a.k.ə. Ramezanzadeh, A. – 1996.
[7] a.k.ə. Cornell, S.E. – 1999. – s. 93.
[8] a.k.ə. Ramezanzadeh, A. – 1996.
[9] Moniquet, Claude & Racimore, William, “The Armenia Iranian Relationships: Strategic Implication for security in the South Caucasus Region”, European Strategic Intelligence and Security Center, 17 yanvar 2013-cü il. – s. 10.
[10] Ceyhun Mahmudlu and Shamkhal Abilov, “The peace-making process in the Nagorno-Karabakh conflict: why did Iran fail in its mediation effort?” Journal of Contemporary Central and Eastern Europe, Vol. 26, No. 1, 2017.
[11] Osmanli, Ceyhun, “Friends in misfortune. What will rapprochement with Armenia and Russia give Iran?” Modern Diplomacy, 3 dekabr 2022-ci il; https://moderndiplomacy.eu/2022/12/03/friends-in-misfortune-what-will-rapprochement-with-armenia-and-russia-give-iran/. İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[12] “Iran To Open Consulate In Kapan,” Asbarez, 29 dekabr 2021-ci il; https://asbarez.com/iran-to-open-consulate-in-strategic-armenian-region/. İstifadə tarixi: 5 dekabr 2022-ci il.
[13] Shokri, Umud, “Why Iran Opposes Azerbaijan’s Zangezur Corridor Project,” Gulf International Forum, 28 sentyabr 2022-ci il; https://gulfif.org/why-iran-opposes-azerbaijans-zangezur-corridor-project/. İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[14] Motamedi, Maziar, “Iran opens consulate in Armenia’s Kapan as it expands ties,” Al Jazeera, 22 oktyabr 2022-ci il; https://www.aljazeera.com/news/2022/10/22/iran-opens-consulate-in-armenias-kapan-to-deliver-a-message. İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[15] Osmanli, “Friends in misfortune”.