İkinci Qarabağ müharibəsinə qədər Ermənistan daim Dağlıq Qarabağ ermənilərinin hüquqlarını qorumaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə Dağlıq Qarabağ münaqişəsində iştirak etdiyini iddia edirdi. Lakin münaqişənin lap erkən mərhələlərindən Ermənistan müharibə şəraitinin intensivləşməsində mühüm rol oynamış və Ermənistanın bütün azərbaycanlı əhalisini zorla yurd-yuvalarını tərk etməyə məcbur etmişdir. Eyni zamanda, bu ölkənin Ali Soveti də Dağlıq Qarabağın Ermənistanla birləşməsinə dair qətnamə qəbul etmişdir.[1] Müharibə başladıqdan sonra Ermənistan münaqişə ərazilərinə hərbi hücuma həyata keçirmişdir. Ermənistan Rusiyanın dəstəyi ilə təkcə keçmiş Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yeddi qonşu rayonunu da işğal etmişdi. Buna görə də Ermənistan münaqişənin əsas tərəflərindən biri kimi tanınır və sülh danışıqlarında Dağlıq Qarabağın erməni icmasını təmsil edirdi.[2]
İkinci Qarabağ müharibəsinədək Ermənistanın münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququnun verilməsi, Dağlıq Qarabağı Ermənistanla birləşdirən və Ermənistanın yurisdiksiyası altında olan birbaşa ərazi əlaqəsinin təmin edilməsi, həmçinin Dağlıq Qarabağın təhlükəsizliyinə beynəlxalq zəmanət verilməsi prinsiplərinə söykənirdi.[3]
Bu baxımdan, Ermənistan Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi kimi tanınmadığını və Azərbaycanın Dağlıq Qarabağ regionunda suverenlik haqqını tələb etmək üçün heç bir hüquqi, siyasi və mənəvi əsasının olmadığını iddia edərək, beynəlxalq hüququn əsas prinsiplərinin və keçmiş sovet qanunvericiliyinin də Dağlıq Qarabağ əhalisinin tam müstəqillik şəklində öz müqəddəratını təyinetməsi üçün zəmin olduğuna inanırdı.[4] Buna görə də Ermənistan regionun hüquqi statusunun, əsasən, ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ vilayətində keçiriləcək referendum yolu ilə müəyyən olunmasında təkid edirdi.[5]
Bundan əlavə, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan öz yurisdiksiyası altında olan və Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaradacaq ərazi – birbaşa dəhliz tələb edirdi. Bu mənada Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Azərbaycanın işğal olunmuş iki rayonu – Laçın və Kəlbəcər mümkün dəhliz hesab edilirdi.[6] Bundan başqa, Ermənistan onu Dağlıq Qarabağ ilə birləşdirən yeganə yol olduğundan Laçın dəhlizi barədə iddialarından heç vaxt imtina etməyəcəyində israrlı idi. Buna görə də, 1994-cü ildən başlayaraq regionda öz mövcudluğunu gücləndirmək üçün maliyyə yardımı söz verməklə Ermənistandan və dünyanın digər yerlərindən olan erməni ailələri bura köçürülərək Laçın rayonunda məskunlaşdırılmağa başlanmışdı.[7]
Ermənistanın bu münaqişənin sülh yolu ilə həll edilməsinin lehinə olduğunu rəsmən elan etməsinə baxmayaraq, hərbi arsenalın genişləndirilməsi və yeni silahlar alınması məqsədilə daha böyük büdcə ayırmaqla hərbi potensialını gücləndirməkdə davam edirdi. Birinci Qarabağ müharibəsinin nəticələrinin eyforiyası altında olan Ermənistan Qarabağda yeni müharibə başlanacağı halda ölkənin özünü Azərbaycanın istənilən hücumlarından müdafiə etmək üçün kifayət qədər hazır olduğuna inanırdı. Ordu və kilsə Ermənistan xalqının ən çox güvəndiyi qurumlar idi və belə bir inanc var idi ki, Ermənistan ordusu regionun ən güclüsüdür.[8] Beləliklə, qeyd etmək lazımdır ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi ölkənin qondarma qələbəsi ilə başa çatan Birinci Qarabağ müharibəsi reallığı ilə formalaşmışdı.
Lakin İkinci Qarabağ müharibəsi Ermənistan üçün reallığı dəyişdi və o, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş Azərbaycan rayonları üzərində nəzarəti itirdi. Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatı imzalamaqla hərbi qüvvələrini işğal olunmuş bütün ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan çıxarmağa razılaşdı. O vaxtdan bəri münaqişə tərəfləri yekun sülh əldə etmək üçün danışıqlara başlayıblar. Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması üçün yuxarıda qeyd olunan beş prinsipi təklif edəndə “Ermənistan etiraz etmədiyini, sadəcə olaraq, orada yaşayan ermənilərin müəyyən “hüquq və azadlıqlarının təminatlarını” gözlədiyini bildirmişdi”.[9] Bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “ARMENPRESS”ə müsahibəsində qeyd etmişdir ki, “Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquqlar məsələsidir”.[10]
Lakin siyasi ritorikadan fərqli olaraq, Ermənistan rəhbərliyinin sülh danışıqları ilə bağlı davranışı bunun əksi olurdu. Aydındır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra sülh danışıqlarında irəliləyişlər intensivləşəndə və tərəflər yekun razılaşmaya yaxınlaşanda Ermənistan istər siyasi, istərsə də hərbi rəhbərlik səviyyəsində eyni hərbi təxribatla həm Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, həm də iki dövlət arasındakı sərhədlərdə vəziyyəti gərginləşdirməyə çalışırdı. Ermənistanın siyasi rəhbərliyi Üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə də, beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar masası arxasında daima fərqli bəyanatlar verirdi. Daha sonra isə sülh sazişi danışıqlarını sabotaj etmək üçün bütün mümkün yollardan istifadə edirdi. İddia olunur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan tərəfi bu işdə tarixi müttəfiqi olan Rusiyadan çox Fransadan və bəlkə də İrandan dəstək alıb, çünki Rusiya çətin vəziyyətdə olduğundan Ermənistana heç bir dəstək verə bilmirdi. Bu arqumentin əsasını Fransa siyasi rəhbərliyinin Azərbaycana qarşı tədbirlər görmək barədə mövqeyi təşkil edir. Əslində, Ermənistan atdığı addımlarla üçtərəfli formatdan çıxmağa, gündəliyi dəyişməyə, eləcə də Rusiya və onun maraqları hesabına prosesə ABŞ və BMT kimi yeni vasitəçiləri cəlb etməyə çalışırdı.[11] Nəhayət, belə təxribatların davam etməsi və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Azərbaycanın 2023-cü ilin sentyabrında öz suverenliyini və konstitusiya quruluşunu tam bərpa etmək, eləcə də Qarabağ bölgəsində qanunsuz erməni quruluşlarını və silahlı birləşmələrini tərksilah etmək məqsədilə yerli antiterror əməliyyatı keçirməsinə səbəb oldu.
[1] a.k.ə. Fraser, N.M. və b. – 1990. – s. 659.
[2] a.k.ə. Baguirov, A. – 2008. – s. 10.
[3] Minasyan, S. Nagorno-Karabakh After Two Decades of Conflict: Is Prolongation of the Status Quo Inevitable?. – Yerevan: Caucasus Institude. – 2010. – s. 24.
[4] a.k.ə. Avakian, S. – 2010. – s. 25.
[5] “Displacement and Status in the Nagorno Karabakh Conflict”, Chatham House: Russia and Eurasia Meeting Summary, 21 noyabr 2012-ci il;
[6] Poghosyan, T. The Armenian ENP and Conflict Resolution in Nagorno Karabagh. – Crisis Management Initiative. – 2009. – s. 15.
[7] “Minasyan. Nagorno-Karabakh After Two Decades of Conflict. – s. 19.
[8] a.k.ə. Poghosyan, T. – 2009. – s. 13.
[9] Kucera, Joshua, “Armenia signals willingness to cede control over Karabakh,” Eurasianet, 1 aprel 2022-ci il; https://eurasianet.org/armenia-signals-willingness-to-cede-control-over-karabakh. İstifadə tarixi: 5 dekabr 2022-ci il.
[10] “Armenia FM: ‘For us, the Nagorno-Karabakh conflict is not a territorial issue, but a matter of rights’,” ARMENPRESS, 15 mart 2022-ci il; https://armenpress.am/eng/news/1077893.html. İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[11] Osmanli, Ceyhun, “What is behind new border clashes between Armenia and Azerbaijan?” Modern Diplomacy, 16 sentyabr 2022-ci il; https://moderndiplomacy.eu/2022/09/16/what-is-behind-new-border-clashes-between-armenia-and-azerbaijan/. İstifadə tarixi: 5 dekabr 2024-cü il.