ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli Sazişi (“paket həll” variantı)

18 iyul 1997-ci il

PREAMBULA

Tərəflər onların xalqlarının tərəqqisi və firavanlığı üçün regionda sülhün və əməkdaşlığın əhəmiyyətini tamamilə dərk edərək uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq əzmindədirlər. Aşağıda şərh edilən nizamasalma Qafqazın birgə iqtisadi inkişafı üçün zəmin yaradacaq, demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümidlər bəslənməsi şəraitində bu regionun xalqlarına normal və səmərəli həyat sürməyə imkan verəcəkdir. Bu sazişə uyğun olaraq aparılan əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracaq, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyuluşlarının xeyli artırılması üçün lazımi sabitlik yaratmağa və müqəddəm şərtləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmağa imkan verəcəkdir. Xalqlar arasında barışıq və qarşılıqlı fəaliyyət onların qonşularının və dünya xalqlarının rifahı üçün böyük potensialını ortaya qoyacaqdır.

Ona görə tərəflər BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və qərarlarına, beynəlxalq hüququn hamılıqla tanınmış normalarına sadiq qalaraq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tamamilə yerinə yetirilməsinə kömək göstərmək əzmində olduqlarını bildirərək silahlı münaqişənin dayandırılmasına nail olmağa və normal münasibətlərin bərpasına dair I sazişdə şərh edilmiş tədbirləri həyata keçirmək, eləcə də Dağlıq Qarabağın qəti statusu haqqında II sazişdə şərh olunmuş razılığa gəlmək barədə anlaşırlar.

I. Saziş – silahlı münaqişınin dayandırılması

Tərəflər razılığa gəlirlər:

I. Onların arasında mübahisələrin, o cümlədən bu sazişin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin nizama salınması üçün silahlı qüvvədən istifadə olunmasından imtina etmək.

II. Silahlı qüvvələri iki mərhələdə çıxarmaq:

Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış buffer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmalıdır.

İkinci mərhələdə qüvvələr I əlavədə razılaşdırılmış cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılacaqdır:

A. Ermənistan qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə aparılır.

B. Dağlıq Qarabağ qüvvələri Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə aparılır (aşağıdakı VIII və IX bəndlərdə göstərilmiş istisnalarla).

C. Azərbaycan qüvvələri yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında I əlavədə razılaşdırılmış xətlərə çəkilir.

D. Ağır silahlar uzağa, şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməsi şərti ilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyyələri əsasında I əlavədə razılaşdırılmış yerlərə aparılacaqdır.

E. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer zonası I əlavədəki xəritədə göstərildiyi kimi, DQMV-nin 1988-ci ildəki hüdudları və Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsi boyunca yerləşəcəkdir.

III. Qüvvələrin çıxarılması nəticəsində azad edilmiş ərazilər ayırıcı zona əmələ gətirir. Bu zonada təhlükəsizliyə nəzarəti ATƏT-in sülhü müdafiə qüvvələri daimi qarışıq komissiya ilə birlikdə həyata keçirəcəklər. ATƏT-in sülhü müdafiə qüvvələrinin və daimi qarışıq komissiyanın II əlavənin həyata keçirilməsi qaydasında razılığı olmadan tərəflərdən heç birinə bu zonaya öz qüvvələrini yeritməyə imkan verilməyəcəkdir; həmin əlavədə sərhəd xidməti, minalardan təmizləmə və mülki polis funksiyaları üçün razılaşdırılmış bölmələr nəzərdə tutulacaqdır. Tərəflər ayırıcı zonada və bufer zonasında bütün hərbi uçuşlara yol verilməməsi barədə razılığa gəlirlər.

IV. Daimi qarışıq komissiya ilə birlikdə təhlükəsizliyə təminat verilməsi üçün ATƏT-in çoxmilli sülhü müdafiə qüvvələrinin bufer zonasında yerləşdirilməsinə kömək etmək. ATƏT-in sülhü müdafiə qüvvələri ATƏT tərəfindən təyin edilmiş qüvvələrdən ibarət olacaq və onların mandatı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə müəyyənləşdiriləcək, həm də mandat ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə yenidən qüvvəyə minəcəkdir.

V. Köçkün şəxslərin ayırıcı zonadakı əvvəlki daimi yaşayış yerlərinə qayıtmasını həyata keçirmək. ATƏT-in sülhü müdafiə qüvvələri daimi qarışıq komissiya ilə birlikdə qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edəcək və bu zonanın silahsızlaşdırılmış rejiminə bütün tərəflərin inamını təmin edəcəklər.

VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda yolların, dəmiryolların, elektrik və rabitə xətlərinin açılması, ticarət münasibətlərinin və digər münasibətlərin bərpası məqsədləri ilə tədbirlər, o cümlədən bu məqsədlər üçün lazım olan bütün işlər həyata keçiriləcəkdir. Tərəflər, etnik azlıqlar da daxil olmaqla, həmin əlaqələrdən hamının istifadə etməsinə təminat verir, bu azlıqların regionun digər yerlərindəki öz etnik qrupları ilə ünsiyyətdə olmasına təminat verirlər. Tərəflərdən hər biri bütün blokadaları aradan qaldırmağı və yüklərin və adamların bütün digər tərəflərə maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürür. Ermənistan və Azərbaycan öz aralarında, o cümlədən Bakı–Horadiz–Mehri–Ordubad–Naxçıvan–Yerevan xəttində sərbəst və təhlükəsiz dəmiryol əlaqəsinə təminat verirlər.

VII. Münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdırılmasının və bütün cənazələrin qaytarılmasının təmin olunması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin qaçqınların işləri üzrə ali komissarı ilə və digər beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq etmək.

VIII. Laçın dəhlizinə dair aşağıdakı tədbirlər barəsində:

A. Azərbaycan dəhlizi ATƏT-ə icarəyə verir, ATƏT dəhlizdən yalnız Dağlıq Qarabağın hakimiyyət organlarının istifadəsi üçün müqavilə bağlayır (tranzit üçün aşağıda, E bəndində göstərilən istisnalarla).

B. ATƏT Dağlıq Qarabağın hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində təhlükəsizliyə nəzarət edir.

C. Laçın dəhlizinin hüdudları yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri, lazımınca nəzərə alınmaqla, II əlavədə razılaşdırılmışdır.

D. ATƏT Laçın şəhərindən yan keçən yolun çəkilməsinə nəzarət edir. Yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri Laçın dəhlizindən çıxarılır. O, (ayırıcı zonanın bir hissəsi kimi) Azərbaycanın inzibati nəzarəti altına qaytarılır və onun əvvəlki sakinləri qayıda bilərlər.

E. Dəhlizdə daimi məskənlər salınmasına və təhlükəsizlik qüvvələrinin icazə verilmiş kontingentləri istisna olmaqla, silahlı qüvvələrin yerləşdirilməsinə yol verilmir. Rəsmi şəxslər, müşahidəçilər və ATƏT-in sülhü müdafiə qüvvələrinin üzvləri, eləcə də Laçın rayonundan Qubadlı rayonuna gedən və ya geriyə qayıdan regionun azərbaycanlı sakinləri qabaqcadan xəbər verildikdə istənilən istiqamətdə tranzit hüququna malikdirlər. Laçın rayonunun dəhlizin çərçivəsindən kənardakı ərazisi ayırıcı zonanın bir hissəsidir.

IX. Şuşa şəhərinə və Şaumyan rayonuna aid aşağıdakı tədbirlər barəsində:

A. Tərəflər, məhdud xidməti heyəti olan hava hücumundan müdafiə bölmələri istisna olmaqla, öz silahlı bölmələrini hər iki məntəqədən çıxarırlar.

B. Yerli hakimiyyət orqanları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidəçilərinin yerləşdirilməsinə yardım göstərəcəklər.

C. Köçkün şəxslər özlərinin əvvəlki daimi yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyinə müvafiq yerli hakimiyyət orqanları təminat verəcəklər.

D. Qayıdan sakinlər, siyasi partiyalar yaratmaq hüququ da daxil olmaqla, bütün vətəndaş hüquqlarına malikdirlər. Onlar müvafiq surətdə Bakının və Stepanakertin (Xankəndinin) parlamentlərində və bu yerlərdə seçkili şuralarda, polisdə və təhlükəsizlik qüvvələrinin həmin yerlərin əhalisi arasında sayına uyğun olaraq təmsil ediləcəklər.

E. Daimi qarışıq komissiya beynəlxalq yardımın bu yerlərdə ədalətli əsasda və əhalinin hər iki qrupuna sərfəli şəkildə bölüşdürülməsini əlaqələndirir.

F. Şuşa şəhərinin və Şaumyan rayonunun sakinləri yollardan, Azərbaycanın qalan hissəsi ilə Dağlıq Qarabağla rabitədən və digər vasitələrdən təminatlı istifadə edə biləcəklər.

X. Bu sazişin Azərbaycanla və Dağlıq Qarabağla bağlı problemlərə aid müddəalarının həyata keçirilməsinə nəzarət üçün Daimi Qarışıq Komissiya (DQK) təsis etmək. DQK-nın üç həmsədri var: biri azərbaycanlı, biri Dağlıq Qarabağdan və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi. Azərbaycanlı və Dağlıq Qarabağdan olan həmsədrlərin əsas vəzifəsi sazişi həyata keçirməkdən ibarətdir, ATƏT-dən olan həmsədrin əsas vəzifəsi isə fikir ayrılıqları təqdirində vasitəçi və arbitraj olmaqdır. DQK-nın hərbi iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları var. DQK və onun yardımçı komissiyalarının funksiyaları II əlavədə şərh edilmişdir.

XI. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında tam diplomatik münasibətlər yaratmaq.

XII. Bir həmsədri Ermənistan Respublikasından və digər həmsədri Azərbaycan Respublikasından olmaqla Ermənistan-Azərbaycan İkitərəfli Komissiyası (EAİK) yaratmaq. ATƏT-in fəaliyyətdə olan sədri bu komissiyada təmsil edilir.

EAİK sərhəd toqquşmalarının qarşısının alınmasına kömək edir, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqəni həyata keçirir və yolların, dəmir yollarının, rabitə xəttlərinin, boru kəmərlərinin açılması, ticarət münasibətlərinin və digər münasibətlərin bərpası tədbirlərinə nəzarət edir.

XIII. BMT-nin Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.

XIV. Bu saziş ATƏT-in Minsk konfransında hərtərəfli nizamasalma haqqında saziş bağlanılan vaxtadək qüvvədə qalacaqdır. Həmin saziş indiki sazişdə nəzərdə tutulan təhlükəsizlik və sülhü müdafiə mexanizimlərinin əvəzinə daimi belə mexanizmlər yaradacaqdır.

Əlavə I

Qoşunların çıxarılması və məcburi köçkünlərin qaytarılmasının həyata keçirilməsi, coğrafi parametrlər, qrafiklər və təhlükəsizlik məsələləri.

Əlavə II

Aralıq təhlükəsizlik tədbirləri: Komissiyaların səlahiyyətləri, monitorinq parametrləri və təhlükəsizlik rejimi.

II Saziş: status
Preambula

Dağlıq Qarabağın statusu və onun əsas etnik və mədəni xarakterinin saxlanılması, Ermənistan Respublikası da daxil olmaqla, beynəlxalq birliyin marağındadır və istər Azərbaycan Respublikasının, istərsə də Dağlıq Qarabağın hakimiyyət orqanlarının birtərəfli fəaliyyəti ilə müəyyən edilə bilməz. Status aşağıdakı parametrlərlə müəyyən olunur:

I. Münaqişədə iştirak edən bütün tərəflərin Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması.

II. Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumudur və onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağlıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdirildikdən, Minsk konfransı tərəfindən bəyənildikdən, Azərbaycanın və Dağlıq Qarabağın konstitusiyalarında inkorporasiya olunduqdan sonra aşağıdakı hüquqları və imtiyazları əhatə edəcəkdir.

III. Dağlıq Qarabağ və Naxçıvan Ermənistanla və Azərbaycanla sərbəst və maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik olacaq.

IV. Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə müəyyən edilir.

V. Dağlıq Qarabağın referendumda “Dağlıq Qarabağ xalqı” tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaqdır. Həmin konstitusiya bu sənəd əsasında öz müqəddəratını təyin etmək forması haqqında Dağlıq Qarabağın hakimiyyət orqanları ilə Azərbaycan arasında rəsmi sazişi inkorporasiya edəcəkdir. Azərbaycan bu sazişlərin inkorporasiyası üçün öz Konstitusiyasına müvafiq dəyişikliklər edəcəkdir. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.

VI. Dağlıq Qarabağın ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları işləyir. Əgər Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyildirsə, onlar sonuncunun ərazisində qüvvəyə malikdir.

VII. Dağlıq Qarabağ özünün qanunvericilik, icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.

VIII. Dağlıq Qarabağ əhalisi Azərbaycan parlamentinə nümayəndə seçir və Azərbaycan Prezidentinin seçkilərində iştirak edir.

IX. Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iqtisadiyyat, elm, mədəniyyət, idman sahələrində və humanitar məsələlərdə əcnəbi dövlətlərlə və beynəlxalq təşkilatlarla bilavasitə xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağın siyasi partiyalarının digər ölkələrdəki siyasi partiyalarla əlaqə yaratmaq hüququ olacaqdır.

X. Dağlıq Qarabağ vətəndaşlarının üzərində xüsusi olaraq “Dağlıq Qarabağ” yazılmış Azərbaycan pasportu olacaqdır. Dağlıq Qarabağ vətəndaşları Ermənistan qanunlarına uyğun olaraq əcnəbilər hesab edilməyəcəklər, istədikləri vaxt Ermənistana mühacirət edə və Ermənistan Respublikasına daimi mühacirət təqdirində Ermənistan vətəndaşlığını qəbul edə bilərlər.

XI. Dağlıq Qarabağ valyutaların sərbəst işləndiyi azad iqtisadi zona olacaqdır.

XII. Dağlıq Qarabağın milli qvardiyası və polis qüvvələri olacaqdır. Dağlıq Qarabağ vətəndaşlarının Dağlıq Qarabağ ərazisində xidmət etmək hüququ olacaqdır.

XIII. Azərbaycan Ordusu, təhlükəsizlik və polis qüvvələri Dağlıq Qarabağ ərazisinə yalnız Dağlıq Qarabağ hakimiyyət orqanlarının icazəsi ilə daxil olmaq hüququna malik olacaqdır.

XIV. Dağlıq Qarabağın büdcəsi onun öz ehtiyatları hesabına əmələ gələn daxilolmalardan tərtib edilir. Dağlıq Qarabağ hökuməti Azərbaycanın və xarici ölkələrin şəxslərini və şirkətlərini kapital qoyuluşuna həvəsləndirəcək və buna təminat verəcəkdir.

XV. Dağlıq Qarabağ çoxmillətlidir; hər bir vətəndaş bütün rəsmi və qeyri-rəsmi hallarda öz milli dilindən istifadə hüququna malikdir.

XVI. BMT-nin Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.

Dağlıq Qarabağ münaqişəsi üçün etimadın möhkəmləndirilməsi tədbirləri

Münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq niyyətini nümayiş etdirmək üçün tərəflər hər hansı bir digər sazişi gözləmədən etimadın və təhlükəsizliyin möhkəmləndirilməsinə dair aşağıdakı tədbirlərdən istənilənləri və ya hamısını həyata keçirə bilərlər:

– Azərbaycan və Ermənistan İcevan–Qazax sektorunda öz aralarındakı sərhəd boyunca atəşkəs rejimini dərhal bərpa etmək barədə öhdəlik götürə bilər. 1992-ci ildə tətbiq edilmiş bu rejim təcili telefon rabitəsi xəttindən və sərhəddə birgə keşik çəkilməsindən ibarət idi;

– tərəflər Dağlıq Qarabağla əlaqədar, məsələn, İcevan–Qazax sektorunda, Ermənistan Azərbaycan sərhədi boyunca əlavə müşahidənin həyata keçirilməsi üçün ATƏT-in fəaliyyətdə olan sədrinin müşahidə üzrə missiyasının genişləndirilməsi haqqında sazişə gələ bilərlər;

– humanitar tələbatların (istər Azərbaycanın köçkün şəxsləri üçün, istərsə də Dağlıq Qarabağın daxilində) müəyyənləşdirilməsi məqsədilə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə dialoq. Bu, ya BMT Ali Komissarının, ya da Beynəlxalq Qızıl Xaç Komitəsinin razılığı ilə həyata keçirilə bilər;

– Dağlıq Qarabağ regionunda həm ermənilər üçün, həm də azərbaycanlılar üçün açıq olan həftəlik və ya gündəlik bazarların təşkili. Bu, sərhədi keçmək üçün məntəqələr yaradılmasını, bazar meydançalarına gələn yolların açılmasını və minalardan təmizlənməsini, tranzit rejimlərinin və ticarət qaydalarının modallığı haqqında sazişlər bağlanmasını tələb edəcəkdir.