ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında Saziş (“mərhələli həll” variantı)

2 dekabr 1997-ci il

PREAMBULA

Tərəflər uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə nizama salıb mövcud atəşkəsi möhkəm sülhə çevirmək əzmində olaraq; Regionda sülhün və əməkdaşlığın onların xalqlarının tərəqqisi və firavanlığı üçün əhəmiyyətini təsdiqləyərək; Qafqaz xalqlarına demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümid bəslənməsi şəraitində normal və səmərəli həyat sürmək imkanı verməklə bu regionun birgə iqtisadi inkişafı üçün zəmin yaratmaq istəyərək; Bu sazişə uyğun olaraq əməkdaşlığın bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracağını, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyuluşlarının xeyli artması üçün lazımi sabitlik yaradılmasına və müqəddəm şərtləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmasına və insanlar arasında barışığın və əməkdaşlığın onların çox böyük potensialını qonşularının və dünya xalqlarının firavanlığı üçün sərbəstləşdirməyə imkan verəcəyini dərk edərək; BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və qərarlarına, beynəlxalq hüququn hamılıqla tanınmış normalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tamamilə həyata keçirilməsinə sadiq qalaraq; ATƏT-ə üzvü olan dövlətlərin münaqişənin dincliklə nizama salınmasında səylərinin gücləndirmək və ATƏT-ə kömək etmək barədə 1994-cü ildə Budapeşt sammitində öhdəlik götürdüklərinin və onların Minsk konfransının həmsədrlərinə operativ danışıqlar aparmağa dair tapşırıq verdiklərini və silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında saziş əldə edildikdən sonra BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul olunacağı təqdirdə sülhün qorunması üzrə ATƏT-ə çoxmilli qüvvələr verməyə siyasi cəhətdən hazır olduqları barədə bəyanatını xatırladaraq; Dağlıq Qarabağın qəti statusunu müəyyənləşdirəcək hərtərəfli nizamasalmaya təxirə salınmadan nail olmaq məqsədilə sülh prosesini vicdanla davam etdirmək əzmində olaraq aşağıdakılar barədə öz üzərlərinə öhdəliklər götürürlər:

I. Tərəflər öz aralarındakı mübahisələrin həlli üçün zor işlətməklə hədələməkdən və ya zor işlətməkdən imtina edir və çəkinirlər. Onlar bütün belə mübahisələri, o cümlədən bu sazişin həyata keçirilməsi ilə əlaqədar yarana biləcək mübahisələri dinc vasitələrlə, ilk növbədə danışıqlar yolu ilə, o cümlədən ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlar yolu ilə həll edirlər.

II. Tərəflər aşağıdakı müddəalara uyğun olaraq və 1 nömrəli Əlavədə təfərrüatlı şəkildə göstərildiyi kimi öz silahlı qüvvələrini çıxaracaqlar:

A) Birinci mərhələdə Dağlıq Qarabağın şərqinə və cənubuna cari təmas xətti boyunca qüvvələr Əlavə 1-də müəyyən edilmiş xətlərə çəkilməli və oradakı cədvələ uyğun olaraq, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPG) tövsiyələri nəzərə alınmaqla, ATƏT-in ayrı-ayrı çoxmillətli hərbi kontingent dəstələrinin ilkin yerləşdirilməsinə imkan verəcəkdir ki, həmin xətt boyunca və geri çəkilmənin ikinci mərhələsində təhlükəsizlik təmin edilsin.

B) İkinci mərhələdə qüvvələr eyni vaxtda 1-ci əlavədə göstərilmiş cədvələ müvafiq surətdə aşağıdakı qaydada geri çəkilməlidir:

(1) Ermənistan Respublikasının sərhədləri xaricində yerləşdirilmiş Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə geri çəkilir.

(2) Dağlıq Qarabağın qüvvələri, Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-ci il hüdudları daxilinə geri çəkilir.

(3) Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyələrinə əsasən, 1-ci əlavədə göstərilmiş xətdən kənara çıxarılır və Ermənistanın hər hansı ərazisindən geri çəkilir.

(4) Ağır silahlar YSPQ-nin tövsiyələrinə əsasən ATƏT-in sülhü müdafiə qüvvələrinin müşahidəsi altında, 1-ci əlavədə şərh edilmiş şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməklə bu əlavədə göstərilmiş yerlərə geri çəkilir.

III. Qüvvələrin bu cür çıxarılması və yerdəyişməsinin aid olduğu ərazi, ikinci əlavədə müfəssəl şərh olunduğu kimi, bufer zonasını və ayırıcı zonanı əmələ gətirir:

A. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra buffer zonası DQMV-nin 1988-ci il hüdudları, Laçın rayonunun şimal və cənub hüdudları boyunca yerləşir. Bufer zonasında əhali məskunlaşdırılmır və ATƏT-in sülhü müdafiə əməliyyatının elementləri istisna olmaqla, tamamilə silahsızlaşdırılır.

B. 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, daimi qarışıq komissiya ilə əməkdaşlıq şəraitində fəaliyyət üçün icazə verilmiş qüvvələr, o cümlədən aşağıda göstərilən qüvvələr istisna olmaqla, ayırıcı zona silahsızlaşdırılır:

(1) Sülhü müdafiə əməliyyatının elementləri;

(2) Sərhəddə keşik çəkmək və minalaradan təmizləmə üçün bölmələr;

(3) Say tərkibi və icazə verilmiş silahı 2-ci əlavədə müəyyən edilmiş mülki polis.

C. 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada uçuşsuz zona yaradılır, ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında tərəflər bu zonada hərbi uçuşlar keçirilməsinə yol vermirlər.

D. II maddəyə uyğun olaraq qüvvələr çıxarıldıqdan sonra Dağlıq Qarabağn hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə təhlükəsizlik Dağlıq Qarabağın mövcud hərbi strukturları və təhlükəsizlik strukturları tərəfindən təmin olunur.

IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarlarına uyğun olaraq tərəflər ATƏT-in çoxmilli Sülhü Müdafiə Əməliyyatını (SMƏ) dəvət edir və onun yerləşdirilməsinə kömək göstərirlər. O, 7-ci maddədə müəyyən olunduğu kimi, daimi qarışıq komissiya və Ermənistan-Azərbaycan hökumətlərarası komissiyası ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir.

SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına, hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdırma rejiminin qoruyub saxlanmasına və 2-ci əlavədə şərh olunduğu kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir. Tərəflər bu mövqelərdən ötrü BMT Təhlükəsizlik Şurasını bir ildən az olmayaraq ilkin dövr üçün müvafiq qətnamə qəbul etməyə və lazım gəldikdə ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə həmin qətnamənin müddəalarını bərpa etməyə çağırırlar. Tərəflər razıdırlar ki, çoxmilli Sülhü Müdafiə Əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli həllinin sürətində asılı olaraq minimum zərurət həddində olacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və sülhü müdafiə əməliyyatının hər hansı şəkildə pozulmasının və ya dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edəcəklər.

V. Tərəflər 2-ci əlavədə şərh olunduğu kimi, şəxslərin ayırıcı zonadakı öz əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmasına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bütün tərəflərdə inam yaratmaq üçün daimi qarışıq komissiya ilə əməkdaşlıq şəraitində SMƏ qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edir. Tərəflər bu sazişlə və ya hərtərəfli nizamasalma ilə əhatə olunmuş və Ermənistanla Azərbycan arasında münaqişə və gərginlik nəticəsində 1987-ci ildən sonra köçmüş şəxslərdən savayı, qalan digər bütün şəxslərin tezliklə təhlükəsiz şəraitdə və könüllü şəkildə qayıtmasının həyata keçirilməsi haqqında danışıqlar aparırlar.

VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda tərəflər yolların, dəmiryolların, elektrik və rabitə xətlərinin açılması, ticarətin və digər münasibətlərin bərpası məqsədilə bütün tədbirləri buna mümkün qədər qısa müddətdə nail olmaq üçün bütün lazımi işləri 3-cü əlavədə şərh olunmuş cədvələ və konkret müddəalara müvafiq olaraq dərhal həyata keçirirlər. Tərəflər etnik azlıqlar da daxil olmaqla, bu əlaqələrdən hamının istifadə etməsinə təminat yaradacaq, onların regionun başqa yerlərindəki öz etnik icmaları ilə maneəsiz ünsiyyətini təmin edəcəklər. Tərəflərdən hər biri bütün blokadaları aradan götürməyi və yüklərin, insanların bütün digər tərəflərə maneəsiz olaraq çatdırılmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmiryol əlaqəsini təmin edəcəklər.

VII. Tərəflər münaqişə ilə bağlı tutulub saxlanılan bütün şəxslərin tezliklə və təhlükəsiz qayıtmasını təmin etmək, itkin düşənlərin taleyini araşdırmaq, bütün cənazələrin qaytarılmasını və humanitar yardımın, bərpa məqsədli yardımın münaqişənin gedişində zərər çəkmiş rayonlara özlərinin nəzarət etdikləri ərazi vasitəsilə ayrı-seçkilik qoyulmadan daşınmasını təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatlarla tam əməkdaşlıq edirlər.

VIII. Tərəflər bu sazişin Azərbaycana və Dağlıq Qarabağa aid problemlər barəsində müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın əsas vəzifəsi sazişin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir, ATƏT-dən olan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiya verilməsi də daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları və rabitə üzrə yardımçı komissiyası olur. DQK-nın strukturu, funksiyaları və ona aid başqa təfərrüatlar 4-cü əlavədə şərh edilmişdir.

IX. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmalarının qarşısının alınmasına kömək edilməsi, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqələr qurulması və yolların, dəmiryolların, rabitənin, boru kəmərlərinin açılmasına, ticarət münasibətlərinin və başqa münasibətlərin bərpası tədbirlərinə nəzarət olunması və bu tədbirlərə kömək göstərilməsi üçün dərhal Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAHK-ın iki həmsədri olur: biri Ermənistandan, digəri Azərbaycandan. Komissiyaya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdyi nümayəndə daxildir. EAHK-ın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 5-ci əlavədə şərh olunmuşdur. Azərbaycan Respublikası və Ermənistan Respublikası bir-birilərinin paytaxtlarında əlaqə büroları yaradırlar.

X. Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi tarazlıq və Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə tam əməl edilməsi də daxil olmaqla, regionda təhlükəsizliyin artmasını təmin etmək məqsədilə müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli danışıqlara qoşulurlar.

XI. Bu müqavilədə üç tərəf, beləliklə, münaqişənin hərbi cəhətinə son qoyaraq Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini və Laçın, Şuşa və Şaumyan problemlərinin həllini əhatə edən siyasi cəhət də daxil olmaqla, münaqişənin bütün başqa cəhətlərinin hərtərəfli həllinə təxirəsalınmadan nail olmaq üçün Minsk konfransı həmsədrlərinin müvafiq surətdə ATƏT-in fəaliyyətdə olan sədrinin dəvət etdyi digər tərəflərin köməyi ilə danışıqları vicdanla davam etdirməyə razılaşırlar. Bu danışıqlar yolu ilə nizamasalmaya nail olduqdan sonra belə nizamasalma mümkün qədər tezliklə çağırılan Minsk konfransında beynəlxalq birlik tərəfindən tanınmalıdır.

XII. Tərəflərdən hər biri digər tərəflərin və onların əhalisinin təhlükəsizliyinə tamamilə hörmət edir. Tərəflər öz xalqları arasında ticarətə və normal qarşılıqlı fəaliyyətə kömək göstərərək onların arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və bu sazişi, yaxud xoş münasibətləri sarsıda biləcək bəyanatlardan və ya hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər.

XIII. Sülhün qorunması və qoşunların çıxarılmasına nəzarət barədə yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini, o cümlədən 1992-ci ilin Helsinki sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri və öhdəlikləri xatırladaraq ATƏT bu sazişin bütün cəhətlərinin tamamilə həyata keçirilməsinə müvafiq mexanizimlər vasitəsilə nəzarət edir və sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür. Bu sazişin şahidləri ATƏT-in Daimi Şurası və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə fəaliyyət göstərərək onun tam şəkildə həyata keçirilməsinə kömək edirlər. Bu saziş ciddi şəkildə pozulduğu təqdirdə, onlar zəruri tədbirlər barəsində öz aralarında məsləhətləşir, ATƏT-in fəaliyyətdə olan sədrinə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası sədrinə və Birləşmiş Millətlər Təşkilatının baş katibinə dərhal məlumat verir və ATƏT-in Daimi Şurasından, yaxud BMT-nin Təhlükəsizlik Şurasından bununla əlaqədar müvafiq hərəkətləri nəzərdən keçirməyi xahiş edirlər.

XIV. Tərəflər Dağlıq Qarabağın, onun əhalisinin və qayıdan köçkün şəxslərin təhlükəsizliyinə təminat da daxil olmaqla, bu sazişin müddəalarına əməl olunmasını təmin etmək və bu sazişdən irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək barədə öz üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər.

XV. Bu saziş imzalandıqdan və ratifikasiya olunduqdan sonra qüvvəyə minir və hərtərəfli nizamasalma barədə XI bənddə xatırladılan istisnalarla birlikdə qüvvədə qalır. Bu saziş bütün tərəflərin razılığı ilə dəyişdirilə, ona əlavələr edilə və dayandırıla bilər.