ATƏT-in rəhbərliyi altında Dağlıq Qarabağ üzrə Konfransın həmsədrlərinin mandatı (“Minsk Konfransı”)

23 mart 1995-ci il
Vyana

Həmsədrlər ATƏT-in sədri tərəfindən təyin olunurlar;

Həmsədrlər öz fəaliyyətlərini ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, ATƏT-in forumlarının qərarları (qətnamələri), Nazirlər Şurasının 1992-ci il 24 mart tarixli qərarları, xüsusilə Budapeşt Sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə qurmalıdırlar.

Həmsədrlər öz işlərində Minsk Konfransının məqsəd və vəzifələrini əsas götürəcək, dəqiq desək, güc tətbiq etmədən münaqişənin həllinə təkan verəcək və xüsusilə münaqişənin sülh yolu ilə və tamamilə həlli üçün danışıqları irəlilətməyə kömək edəcəklər. Prosedur qaydalarına əsasən, bunlar ATƏM-in X görüşündə qəbul olunmuş qərarlarda göstərilib.

Həmsədrlər bütün vasitəçilik və danışıqlarda fəaliyyətlərini tam əlaqəli şəkildə, ATƏT çərçivəsində onları vahid koordinasiya altında aparacaqlar;

Həmsədrlər birlikdə və tam bərabər olaraq, qərəzsizliyə əsaslanaraq:

1. Atəşkəsi gücləndirmək üçün birgə səy göstərəcək;

2. Münaqişə tərəflərinin danışıqlar aparması üçün ümumi zəmin yaradacaq;

3. Əvvəlki vasitəçilik fəaliyyətində əldə olunmuş irəliləyişi davam etdirərək silahlı münaqişəni dayandırmaq barədə siyasi razılıq əldə olunması üçün münaqişə tərəfləri ilə danışıqlar aparacaq;

4. Münaqişə tərəfləri arasında davamlı danışıqlar da daxil olmaqla münasib bilinən birbaşa əlaqələri inkişaf etdirəcək;

5. Xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işin siyasi proseslərlə əlaqələndirilərək davam etdirilməsi;

6. ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yaradılması, tərkibi və fəaliyyəti üçün plan işlənib hazırlanmasında Baş katibə yardım edilməsi;

7. Sülhməramlı qüvvələrlə bağlı münaqişə tərəflərinin qəbul edilən təsdiq olunmuş və formal xahişlərinin Baş katibə göndərilməsi;

8. Layihə mandatı, Anlaşma Memorandumu və buraya cəlb olunmuş işçilərın hər zaman təhlükəsizliyinin təmin olunması ilə bağlı münaqişə tərəfləri ilə danışıqlar prosesi barədə Baş katibə məlumat verilməsi;

9. Minsk qrupunun daimi məsləhətləşmələrinə birlikdə sədrlik edilməsi, sənədləri, Minsk qrupunun görüşlərinin keçiriləcəyi vaxt və yer də daxil olmaqla məlumat və təklifləri və müzakirə olunacaq məsələlər toplusunu Minsk qrupunun üzvlərinə birlikdə göndərilməsi;

10. Daimi və ardıcıl olaraq ATƏT-in Baş katibinə məlumat verilməsi və məsləhətləşməsi; işlərin gedişatı barədə mütəmadi olaraq birlikdə ATƏT-in Daimi Şurasına məlumat verilməsi;

11. Baş katiblə məsləhətləşmələrdən sonra Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Prezidentinə və Birləşmiş Millətlər Təşkilatı Baş katibinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri üzrə, onun müvafiq qətnamələrinin həyata keçirilməsinə dair, eləcə də ATƏT və BMT arasında bu mövzuda indiki və gələcək əməkdaşlıq barədə birgə məlumat verilməsi; lazım gələrsə, münaqişənin sülh yolu ilə həll olunması naminə Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilə bilən yeni qətnamələrlə bağlı mülahizə və təklifləri Baş katiblə müvafiq məsləhətləşmələrdən sonra, Birləşmiş Millətlər Təşkilatına təqdim edilməsi;

12. Yuxarıda göstərilən və bununla əlaqədar digər məsələlərlə bağlı münaqişə tərəfləri ilə əlaqə saxlamaq üçün birlikdə və ya lazım gələrsə ayrı-ayrılıqda, razılaşdırılmış qaydada münaqişə regionuna gedilməsi (səfər edilməsi);

13. Baş katiblə məsləhətləşmələrdən sonra Beynəlxalq Qırmızı xaç Cəmiyyəti, BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığı və digər müvafiq beynəlxalq və regional təşkilatlar və qurumlarla lazımi əlaqənin saxlanılması;

14. Minsk Konfransına və ona qədərki hazırlıq iclaslarına birgə sədrlik edilməsi;

15. Həmsədrlər Baş katibin Şəxsi Nümayəndəsi ilə Şəxsi Nümayəndənin mandatında göstərilən müddəalara uyğun olaraq əməkdaşlıq edəcəklər.