12 noyabr 1993-cü il
Təhlükəsizlik Şurası
Özünün 30 aprel 1993-cü il tarixli 822 saylı (1993), 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 saylı (1993) qətnamələrini təsdiq edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq qalmasının regionda sülhü və təhlükəsizliyi təhdid edəcəyinə görə ciddi narahatlıq ifadə edərək,
atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların eskalasiyasının və bu pozuntulara cavab olaraq həddindən artıq güc tətbiq edilməsini, o cümlədən Azərbaycan Respublikasının Zəngilan rayonunu və Horadiz şəhərinin işğalını təşvişlə qeyd edərək,
Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək,
Həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiq edərək,
Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində son zamanlar çoxlu sayda mülki əhalinin məcburi köçkün olması və humanitar fövqəladə vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edərək,
1. Tərəflər arasında hərbi əməliyyatların bərpası ilə nəticələnən son atəşkəs rejiminin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını, mülki əhaliyə hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
2. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrin riayət edilməsinə nail olmaq və hərbi kompaniyaya cəlb olunmuş qüvvələrin onu davam etdirmək üçün vəsaitlə təchiz olunmasını təmin etməmək məqsədilə Ermənistan dövlətini öz təsirindən istifadə etməyə çağırır;
3. ATƏM-in Minsk qrupunun 9 üzvünün 4 noyabr 1993-cü il tarixli (S/26718) bəyanatını məmnunluqla qarşılayır, orada əks olunmuş atəşin dayandırılması barədə birtərəfli bəyannamələrə aid təklifləri yüksək qiymətləndirir;
4. ATƏM-in Minsk qrupunun 2–8 noyabr 1993-cü il tarixli müşavirəsində edilmiş müraciətlər də nəzərə alınmaqla Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993), (S/26522, əlavə) saylı qətnamələrinin yerinə yetirilməsi üzrə “Təxirəsalınmaz tədbirlərin yenilənmiş cədvəli”nə əsasən hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını, işğalçı qüvvələrin Zəngilan rayonundan və Horadiz şəhərindən birtərəfli surətdə çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxında işğal olunmuş rayonlarından qəsbkar qüvvələrinin çıxarılmasını maraqlı tərəflərdən tələb edir;
5. Ən təkidli surətdə maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyası hökumətinin yardımı ilə qurulmuş birbaşa əlaqələrin nəticəsində əldə olunmuş atəşkəsin təcili bərpa olunmasına, onun səmərəli və daimi olmasına, münaqişənin danışıqlar yolu ilə ATƏM-in Minsk prosesi və ATƏM-in Minsk qrupunun 1993-cü il 2–8 noyabrında Vyanada keçirilmiş müşavirəsində “Yenilənmiş cədvəl”inə edilən düzəlişlər kontekstində nizamlanmasının imkanlarını axtarmağı davam etdirməyə çağırır;
6. Yenidən təkidlə regionun bütün dövlətlərini münaqişənin böyüməsinə, regionda sülhü və təhlükəsizliyi poza biləcək hər hansı bir düşmənçilik aktından, hər hansı bir müdaxilədən çəkinməyə çağırır;
7. Baş katibdən və müvafiq beynəlxalq təsisatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Zəngilan rayonunun və Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsini, qaçqınlara və məcburi köçkünlərə öz evlərinə ləyaqətlə və təhlükəyə məruz qalmadan qayıtmasına kömək etməyi xahiş edir;
8. Yenidən Baş katibə, ATƏM-in fəaliyyətdə olan sədrinə və ATƏM-in Minsk Konfransının sədrinə müraciət edərək gələcəkdə Minsk prosesinin gedişatı barədə və yerdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, ATƏM və BMT arasında bu münasibətlərdə indiki və gələcək əməkdaşlıq barədə məlumat vermələrini xahiş edir;
9. Məsələ ilə fəal şəkildə məşğul olmağa qərar verir