Dağlıq Qarabağ silahlı münaqişəsinin hərtərəfli həllinin prinsipləri haqqında (“ümumi dövlət” variantı)

7 noyabr 1998-ci il

Dağlıq Qarabağ münaqişəsini dövlətlərin ərazisi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn normalarına və prinsiplərinə müvafiq surətdə həll etmək əzmində olan Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ aşağıdakılar barədə razılığa gəlirlər:

I. Dağlıq Qarabağın statusu haqqında saziş

Tərəflər Dağlıq Qarabağın statusu haqqında saziş imzalayacaqlar və o, aşağıdakı müddəalardan ibarət olacaqdır:

Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onunla ümumi dövlət yaradır.

Azərbaycan və Dağlıq Qarabağ müvafiq dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlərin həyata keçirilməsi və qarşılıqlı surətdə həvalə olunması predmetlərinin hüdudlarını müəyyənləşdirmək haqqında saziş imzalayacaq və onun Konstitusiya qanunu qüvvəsi olacaqdır.

Azərbaycan və Dağlıq Qarabağ birgə səlahiyyətlər sahəsinə aid siyasəti və fəaliyyəti müəyyənləşdirmək üçün prezidentlərin, baş nazirlərin, parlament sədrlərinin nümayəndələrinin daxil olacağı birgə komitə yaradırlar.

Əlaqə saxlamaq və birgə tədbirləri əlaqələndirmək üçün Bakıda və Stepanakertdə (Xankəndidə) müvafiq olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.

Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iqtisadiyyat, ticarət, elm, mədəniyyət, idman və humanitar sahələrdə əcnəbi dövlətlərlə, bu problemlərlə bağlı olan regional və beynəlxalq təşkilatlarla birbaşa xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağdakı siyasi partiyaların və ictimai təşkilatların xarici dövlətlərin siyasi partiyaları və ictimai taşkilatları ilə əlaqələr yaratmaq hüququ olacaqdır.

Dağlıq Qarabağ özünün mənafeləri ilə bağlı məsələlər üzrə Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində iştirak edir. Belə məsələlər haqqında qərarlar iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.

Dağlıq Qarabağ hökuməti özünün xüsusi maraqları olan xarici dövlətlərdəki Azərbaycan səfirliklərində və ya konsul idarələrində öz nümayəndələrinə malik ola, habelə beynəlxalq danışıqlarda, əgər bunlar Dağlıq Qarabağın mənafelərinə aiddirsə, iştirak etmək üçün Azərbaycan nümayəndə heyətlərinin tərkibində öz ekspertlərini göndərə bilər.

Dağlıq Qarabağın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə uyğun olacaqdır. Onların dəqiqləşdirilməsi və ya dəyişdirilməsi Azərbaycanla Dağlıq Qarabağ arasında xüsusi qarşılıqlı razılaşmaların mövzusu ola bilər.

Azərbaycanla Dağlıq Qarabağ arasında sərhədlər bir-birinin silahsız vətəndaşlarının sərbəst hərəkəti üçün qarşılıqlı surətdə açıq olacaqdır. Gediş-gəliş və işgüzar əlaqələr zamanı onlardan gömrük rüsumu və ya başqa rüsumlar tutulmayacaqdır. Daimi yaşayış hüququ verilməsi müvafiq hökumətlərin səlahiyyətlərinə aid ediləcəkdir.

Azərbaycan və Dağlıq Qarabağ mübahisələrin nizama salınması üçün zor işlətməyəcək və ya zor işlətməklə hədələməyəcəklər.

Birgə komitə çərcivəsində aradan qaldırıla bilməyən mübahisələr və ya fikir ayrılıqları yarandıqda tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin məsləhətçi rəyini soruşa bilərlər və o, qəti qərar qəbul edilərkən nəzərə alınacaqdır. Dağlıq Qarabağ həmçinin Dağlıq Qarabağın statusu haqqında Sazişdə rəsmiləşdirilən və Minsk Konfransı tərəfindən təsdiq edilən aşağıda sadalanan hüquq və imtiyazlardan istifadə edəcəkdir:

1. Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ xalqı tərəfindən qəbul edilmiş öz Konstitusiyası olacaqdır. Bu konstitusiya Dağlıq Qarabağın status haqqında sazişin müddəalarını inkorporasiya edəcəkdir. Müvafiq olaraq Azərbaycan bu sazişin inkorporasiyası üçün öz konstitusiyasına dəyişikliklər edəcəkdir.

Bu sazişin və ya Dağlıq Qarabağ və Azərbaycan konstitusiyalarının onu inkorporasiya edən hissələrinin müddəaları hər üç tərəfin razılığı olmadan dəyişdirilə bilməz.

2. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları işləyir. Əgər Azərbaycan qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyilsə, onun ərazisində qüvvəyə malikdir.

3. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.

4. Dağlıq Qarabağ öz konstitusiyasına müvafiq olaraq qanunvericilik, icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.

5. Dağlıq Qarabağ vətəndaşlarının şəxsiyyət vəsiqəsi kimi üzərində xüsusi olaraq “Dağlıq Qarabağ ” yazılmış Azərbaycan pasportu olacaqdır. Yalnız Dağlıq Qarabağ hökumətinin belə pasportları vermək hüququ olacaqdır.

Dağlıq Qarabağın ermənimənşəli vətəndaşları Ermənistana mühacirət edəndə və oraya daimi yaşamağa köçdükdə həmin ölkənin qanunlarına müvafiq olaraq Ermənistan vətəndaşlığı ala bilərlər.

6. Dağlıq Qarabağ əhalisinin Azərbaycan parlamentinə öz nümayəndələrini seçmək və Azərbaycan Prezidenti seçkilərində iştirak etmək hüququ var.

7. Dağlıq Qarabağ azad iqtisadi zona olacaq, Azərbaycan pul nişanları ilə yanaşı işlənən öz pul nişanlarını buraxmaq hüququna, habelə öz markalarını buraxmaq hüququna malik olacaqdır.

8. Dağlıq Qarabağın Ermənistanla və Azərbaycanla azad və maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququ olacaqdır.

9. Dağlıq Qarabağın könüllülük əsasında formalaşdırılan milli qvardiyası, (təhlükəsizlik qüvvələri) və polis qüvvələri olacaqdır. Bu qüvvələr Azərbaycan hökumətinin razılığı olmadan Dağlıq Qarabağdan kənarada fəaliyyət göstərə bilməz.

10. Azərbaycan ordusunun, təklükəsizlik qüvvələri və polisin Dağlıq Qarabağın hakimiyyət orqanlarının razılığı olmadan Dağlıq Qarabağın ərazisinə daxil olmaq hüququ olmayacaqdır.

11. Erməni dili Dağlıq Qarabağın əsas rəsmi dili, Azərbaycan dili isə ikinci rəsmi dilidir. Onun vətəndaşları bütün rəsmi və qeyri-rəsmi hallarda digər doğma dillərdən də istifadə edə bilərlər.

12. Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən alınan vəsaitdən ibarət olacaqdır. Dağlıq Qarabağ hökuməti Azərbaycan şirkətlərini və xarici şirkətləri, şəxsləri kapital qoymağa həvəsləndirəcək, buna təminat verəcəkdir.

II. Laçın dəhlizi barədə

Azərbaycanın və Dağlıq Qarabağın razılığı ilə əgər Laçın rayonunun xüsusi rejiminə dair digər düzəliş qəbul edilməzsə, Dağlıq Qarabağla Ermənistan arasında maneəsiz əlaqələri təmin etmək məqsədilə Dağlıq Qarabağın Laçın dəhlizindən istifadə etməsi məsələsi ayrıca razılaşmanın mövzusu olacaqdır. Laçın rayonu daim tam silahsızlaşdırılmış zona olaraq qalmalıdır.

III. Şuşa şəhəri və Şaumyan şəhəri barədə

Tərəflər razılaşırlar ki, bütün Azərbaycan qaçqınları Şuşa şəhərində öz daimi yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyi Dağlıq Qarabağın müvafiq hakimiyyət orqanları tərəfindən təmin ediləcəkdir. Onlar Dağlıq Qarabağın bütün vətəndaşları ilə eyni hüquqa, o cümlədən siyasi partiyalar yaratmaq, bütün səviyyələrdə seçkilərdə iştirak etmək, dövlət qanunvericilik orqanlarına və yerli özünüidarə orqanlarına seçilmək, dövlət qulluğuna, o cümlədən hüquq-mühafizə orqanlarına işə qəbul edilmək hüququna malik olacaqlar.

Erməni qaçqınları da Şaumyan şəhərinə qayıdarkən eyni hüquqları alacaqlar.

Şuşa şəhərini və Şaumyan şəhərinin sakinləri yollardan, Azərbaycan və Dağlıq Qarabağın qalan yerləri ilə rabitədən və digər əlaqələrdən heç bir məhdudiyyət olmadan istifadə edə biləcəklər.

Dağlıq Qarabağın və Azərbaycanın hakimiyyət orqanları müvafiq olaraq Şuşa və Şaumyan şəhərlərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəliklərinin yerləşdirilməsinə və fəaliyyətinə kömək gostərəcəklər.

Dağlıq Qarabağın status haqqında sazişi üç tərəf imzalayacaq və o, Minsk konfransı tərəfindən dəstəkləndikdən sonra qüvvəyə minəcəkdir.

IV. Silahlı münaqişənin dayandırılması haqqında saziş

Tərəflər razılaşırlar ki, silahlı münaqişənin dayandırılması haqqında saziş aşağıdakı müddəaları əhatə edəcəkdir:

I. Tərəflər öz aralarında mübahisələrin həlli üçün zor işlətməklə hədələməkdən, yaxud zor işlətməkdən imtina edirlər. Onlar silahlı münaqişənin dayandırılması haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar meydana çıxa biləcək mübahisələr daxil olmaqla, bütün belə mübahisələri dinc vasitələrlə, ilk növbədə birbaşa danışıqlar yolu ilə, yaxud ATƏT-in Minsk prosesi çərçivəsində həll edirlər.

II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara müvafiq olaraq və 1-ci əlavədə ətraflı şərh edildiyi kimi geri çəkirlər:

A. Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış buffer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədilə Yüksək Səviyyədə Planlaşdırma Qrupunun (YSPQ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilirlər.

B. İkinci mərhələdə qüvvələr eyni vaxtda və 1-ci əlavədə razılaşdırılmış cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılacaqdır:

(1) Ermənistan Respublikasının sərhədləri xaricində yerləşən Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə aparılır.

(2) Dağlıq Qarabağın qüvvələri Dağlıq Qarabağla Ermənistan arasında maneəsiz gediş-gəliş haqqında saziş əldə edilənədək Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-ci ildəki hüdudları daxilinə çəkilir.

(3) Azərbaycanın qoşunları YSPQ-nin tövsiyələrinə əsasən I əlavədə göstərilən xətlərin arxasına çəkiləcək və Ermənistanın istənilən ərazisindən çıxarılacaq.

(4) Ağır silahlar YSPQ-nin tövsiyələri əsasında 1 nömrəli əlavədə göstərilən mövqelərə geri çəkilməlidir. ATƏT-in sülhməramlı qüvvələri bu əlavədə göstərilən şəffaflıq və hesabat tələbləri ilə bu geri çəkilmələrə nəzarət edəcək.

III. Qüvvələrin bu cür çıxarılması nəticəsində azad olunmuş ərazi aşağıdakı müddəalara müvafiq olaraq və 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, bufer zonası və ayırıcı zona təşkil edir:

A. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer zonası DQMV-nin 1988-ci il hüdudları boyunca yerləşir. Əlavə razılaşma əldə edilərsə, o, Laçın rayonu hüdudları boyunca da keçə bilər. Bufer zonasında heçkim məskunlaşdırılmır, ATƏT-in sülhü müdafiə əməliyyatının elementləri istisna olmaqla, tamamilə silahsızlaşdırılır.

B. Əlavə 2-də təfərrüatlı şəkildə göstərildiyi kimi, Daimi Qarışıq Komissiya ilə əməkdaşlıqda sülhü müdafiə əməliyyatı üçün fəaliyyət göstərməyə icazə verilən qüvvələr istisna olmaqla, Ayrılma Zonası demilitarizasiya edilməlidir:

(1) Sülhü müdafiə əməliyyatının elementləri,

(2) Azərbaycanın sərhəddə keşik çəkmək və minalardan təmizləmə bölmələri,

(3) Sayları və icazə verilən silahları Əlavə 2 ilə müəyyən edilmiş Azərbaycan mülki polisi.

C. 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında uçuşsuz zona yaradılır, tərəflər bu zonada hərbi uçuşlara yol vermirlər.

D. II maddəyə müvafiq olaraq qüvvələr çıxarıldıqdan sonra Dağlıq Qarabağın hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə təhlükəsizlik Dağlıq Qarabağın mövcud təhlükəsizlik strukturları tərəfindən təmin olunur.

IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına uyğun olaraq tərəflər ATƏT-in çoxmilli Sülhü Müdafiə Əməliyyatına (SMƏ) dəvət edilir və onun yerləşdirilməsinə kömək göstərirlər, o, Daimi Qarışıq Komissiya (DQK) və Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir. SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına, hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdırma rejiminin qorunub saxlanmasına və 2-ci əlavədə şərh edildiyi kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir.

Sülhü müdafiə əməliyyatı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə əsasən ilkin mərhələdə bir ildən çox olmayan müddətə təsis edilir və zərurət olduqda ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyyəsi ilə uzadılır. Tərəflər bunula razıdırlar ki, çoxmillətli sülhü müdafiə əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli nizama salınmasının həyata keçirilməsi sürətindən asılı olaraq minimum zərurət həddində olacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və sülhü müdafiə əməliyyatının pozulmasının, yaxud dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edirlər.

V. Tərəflər 2-ci əlavədə göstərildiyi kimi, qaçqınların və köçkünlərin təhlükəsiz və könüllü surətdə ayırıcı zonadakı daimi yaşayış yerlərinə qayıtmasına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bütün tərəflərdə inam yaratmağa kömək etmək məqsədilə SMƏ qayıdan əhalinin təhlükəsizliyinə daimi qarışıq komissiya ilə əməkdaşlıqda nəzarət edir. Tərəflər bu sazişlə əhatə olunanlardan savayı, Ermənistanla Azərbaycan arasında 1987-ci ildən sonra baş vermiş münaqişə və gərginlik nəticəsində qaçqın, yaxud köçkün düşmüş bütün digər şəxslərin təhlükəsiz şəraitdə və könüllü surətdə qayıtmasının həyata keçirilməsi haqqında danışıqlar aparırlar.

VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda tərəflər yolların, dəmiryolların, elektrik və rabitə xətlərinin açılması, ticarətin və digər münasibətlərin bərpası məqsədilə bütün tədbirləri buna mümkün qədər qısa müddətdə nail olmaq üçün bütün lazımi işləri 3-cü əlavədə şərh olunmuş cədvələ və konkret müddəalara müvafiq olaraq dərhal həyata keçirirlər. Tərəflər etnik azlıqlar da daxil olmaqla, bu əlaqələrdən hamının istifadə etməsinə təminat yaradacaqlar, onların regionun başqa yerlərindəki öz etnik icmaları ilə maneəsiz ünsiyyətini təmin edəcəklər. Tərəflərdən hər biri bütün blokadaları aradan qaldırmağı və yüklərin, adamların bütün digər tərəflərə maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmiryol əlaqəsini təmin edəcəklər.

VII. Tərəflər münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin tezliklə və təhlükəsiz qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdırılması və bütün cənazələrin qalıqlarının qaytarılmasının, yenidənqurma məqsədləri ilə ayrı-seçkilik qoyulmadan humanitar yardımın və köməyin Beynəlxalq Qızıl xaç Komitəsinin, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının və digər beynəlxalq təşkilatların nəzarət etdikləri ərazidən münaqişə zamanı zərər çəkmiş rayonlara çatdırılmasının təmin olunması üçün onlarla tam əməkdaşlıq edirlər. Tərəflər etimadı möhkəmlətmək tədbirlərinin həyata keçirilməsində Daimi Qarışıq Komissiya vasitəsilə ATƏT-in SMƏ ilə əməkdaşlıq edirlər.

VIII.     Tərəflər bu sazişin Azərbaycana və Dağlıq Qarabağa aid problemlərə dair müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, sədrin bir müavini Azərbaycandan və bir müavini Dağlıq Qarabağdandır. DQK-nın əsas vəzifəsi sazişin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir; ATƏT-dən olan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiyalar vermək də daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları və rabitə üzrə yardımçı komissiyası var. DQK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 4-cü əlavədə şərh olunmuşdur.

IX. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmalarının qarşısının alınmasına, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təklükəsizlik qüvvələri arasında əlaqələrin həyata keçirilməsinə yardım göstərmək və yolların, dəmiryolların, rabitənin, boru kəmərlərinin açılmasına, ticarətin və digər münasibətlərin bərpasına dair tədbirlərə nəzarət və yardım etmək üçün dərhal Ermənistan-Azərbaycan hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAHK-nın iki həmsədri var: biri Ermənistandan, biri Azərbaycandan. Komissiyaya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi nümayəndə daxildir. EAHK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 5-ci əlavədə şərh olunmuşdur.

X. Azərbaycan Respublikası və Ermənistan Respublikası regionun daha geniş təhlükəsizliyini, o cümlədən hərbi şəffaflığı və Avropada adi silahlı qüvvələr haqqında Müqaviləsinə tam əməl olunmasını təmin etmək üçün müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli qaydada danışıqlar aparacaqlar.

XI. Tərəflərdən hər biri digər tərəflərin və onların əhalisinin təhlükəsizliyinə hörmət edir. Tərəflər ticarətə və normal qarşılıqlı fəaliyyətə kömək etməklə öz xalqları arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi öhdələrinə götürür və bu sazişi, yaxud mehriban münasibətləri poza biləcək bəyanatlardan və ya hərəkətlərdən çəkinirlər.

XII. Sülhün qorunmasına və qoşunların çıxarılmasına nəzarət barədə yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini, o cümlədən 1992-ci ilin Helsinki sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri və öhdəlikləri xatırlayaraq ATƏT bu sazişin bütün cəhətlərinin tam həyata keçirilməsinə müvafiq mexanizmlər vasitəsilə nəzarət edir və sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür.

XIII. Silahlı münaqişənin dayandırılması haqqında sazişi üç tərəf imzalayacaq və o, Minsk konfransı tərəfindən dəstəkləndikdən və üç tərəfin parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.

XIV. Sazişlər imzalandıqdan və onlar Minsk konfransı tərəfindən dəstəkləndikdən sonra Azərbaycan Respublikası və Ermənistan Respublikası səfirlər səviyyəsində daimi diplomatik missiyalarla tam diplomatik münasibətlər yaradırlar.

V. Təminatlar haqqında

1. Tərəflər Dağlıq Qarabağın, onun əhalisinin və əvvəlki yaşayış yerlərinə qayıdan qaçqın və köçkünlərin təhlükəsizliyinin təminatı daxil olmaqla, yuxarıda göstərilən sazişlərə əməl olunmasını təmin etmək üçün öz üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər.

2. BMT-nin Təhlükəsizlik Şurası hərtərəfli sazişin həyata keçirilməsini izləyəcəkdir.

3. Minsk konfransının həmsədrləri Dağlıq Qarabağın statusu haqqında sazişi və silahlı münaqişənin dayandırılması haqqında sazişi şahid kimi imzalaya bilərlər. Rusiya, ABŞ və Fransa prezidentləri sazişlərin həyata keçirilməsinin gedişinə ciddi nəzarət etmək və bu sazişin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək məqsədilə üç ölkənin birgə fəaliyyət göstərmək niyyətini təsdiqləyirlər. ATƏT və ya BMT-nin Təhlükəsizlik Şurası, lazım gələrsə, BMT-nin nizamnaməsinə uyğun olaraq diplomatik, iqtisadi, yaxud əlacsız qaldıqda, hərbi xarakterli tədbirlər görə bilər.